Xəbərlər

İran və Azərbaycan nazirləri danışıb

Noyabrın 14-də Azərbaycan  xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub

Bugün, noyabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər:

“Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq, anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.”

Məlumata görə, telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

İki ölkə arasında qarşılıqlı ittihamlar

Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.

Elə bugün, noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Bununla bağlı 5 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi.

3 gün öncə, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.

Bundan bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.

Azərbaycan DTX-sı isə bu ayın əvvəlində bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.

Ondan bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır:

Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır”.

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərindən birbaşa münasibət bildirilməmişdi.

Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlim keçirmişdilər.

Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Gözdən qaçırmayın:  DTX İranın casus şəbəkəsini ifşa etdiyini deyir

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər. Həmin təlimin də plana uygun keçirildiyi qeyd edilmişdi.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button