Loading...
Loading...
SEÇMƏ

İranda çörək etirazları gözlənirmi?

“Xalqın səbir kasası illərdir dolur”

İranda unun kəskin bahalanması sosial iğtişaşlarla bağlı xəbərdarlıqlara yol açıb. Məsələ ondadır ki, hakimiyyət idxal olunan buğda üçün subsidiyaları dayandırmaq qərarına gəlib.

Mayın 1-dən qüvvəyə minən qərar unu 500 faizədək bahalandırıb, qiymətin daha da artacağı gözlənir. Çörək, makaron, şirniyyat məhsullarının da qiyməti qalxır, mağazalarda rəflər boşalır.

AzadlıqRadiosu-nun fars xidməti Radio Fərda yazır ki, qəfil durum İranın klerik rejiminə sadiq deputatların mümkün etirazlarla bağlı xəbərdarlıq səsləndirməsinə səbəb olub.

Xəbərdarlıqlar

İslam İnqilab Keşikçiləri Korpusunun bir qanadı olan Bəsic hərbi qrupunun alt qrupu – Tələbə Bəsici sərt-xətt tərəfdarı Prezident İbrahim Rəisiyə sərt xəbərdarlıq ünvanlayıb.

“Sizə qətiyyətlə bildiririk ki, cəmiyyət qiymətlərin bu səviyyədə artımına hazır deyil. Son həftələr bazarlardakı təlatüm, özəlliklə Kənd Təsərrüfatı Nazirliyinin sənaye istehsalçıları üçün unu bahalandırması sosial fəsadlara və iğtişaşlara yol açar”, – qrup mayın 5-də bildirib.

İslahatçı siyasətçi Cəlil Rəhimi Cahanabadi də qərarı tənqid edib, Twitter-də yazıb ki, subsidiyaların ləğvi və unun qiymətinin dolların yaratdığı qlobal həddə yüksəlməsinə imkan vermək “hökumətin böyük səhvi idi”.

“Xalqın səbir kasası illərdir dolur”, – o qeyd edib.

ABŞ-ın sanksiyaları, illərdir davam edən pis idarəçilik bir çox iranlının çətinliklə dolanmasına səbəb olub. Rəsmi statistikaya görə, inflyasiya 40 faizə yaxındır, ərzaq inflyasiyasının daha yüksək olduğu güman edilir. İran mediası son illər düyünün 130 faiz bahalandığını yazır. Bu səbəbdən çox istehlakçı çörək kimi alternativ məhsullara keçib.

Rəisi administrasiyası artan defisiti yoluna qoymaq üçün dərman subsidiyalarını da kəsib.

20 milyon tondan çox buğda

İran Un İstehsalçıları Assosiasiyasının başçısı Məhəmməd- Rza Mürtazavi mayın 2-də deyib ki, ölkə xarici buğdadan həmişəkindən daha çox asılıdır, 2022-ci ildə 20 milyon tondan çox buğda idxal edəcək. Müharibə səbəbindən Ukraynadan buğda ixracına maneələri nəzərə alanda İran kənd təsərrüfatı məhsullarının ucuzlaşmasını gözləyə bilməz, Mürtəzavi deyib.

Gözdən qaçırmayın:  Azərbaycanda kanaldan nəhəng balıq tutuldu – FOTOLAR

İran ötən il 16.5 milyon tona yaxın buğda idxal edib. İran buğdanı ən çox Rusiyadan alır.

Mürtəzavi aprelin sonunda deyib ki, çörək sexləri və ərzaq istehsalçılarına hökumət subsidiyalarının kəsiləcəyi, unun bahalanmasının onların məhsullarına təsiri haqda öncədən xəbərdarlıq edilib

Maliyyə Nazirliyi rəsmisi isə mayın 5-də bəyan edib ki, istehlakçıların subsidiyalı çörəklə təminatını hədəfləyən yeni proqram təqdim olunacaq.

“Adamlar çörək üçün əvvəlki pulu verəcək, fərqi hökumət ödəyəcək”, – nazirlik rəsmisi İbrahim Siami söyləyib. O proqramın nə vaxt işə salınacağını deməsə də, bir neçə günə başlayacağı bildirilir.

Etirazlar

Radio Fərda ictimai iğtişaşlar haqda xəbərdarlığın əsassız olmadığını yazır. Ötən yay İranın qərbində su qıtlığı kütləvi etirazlara səbəb olub. Bir çox şəhərdə günlərlə çəkəm etirazlar zorakılıqla yatırdılıb.

2019-cu ildə hökumətin benzini qəfil bahalandırması İranın 100-dən çox şəhərində etirazlara 6ol açıb. Etirazların zorla yatırdılması nəticəsində 300-dən çox etirazçı, yoldan keçən öldürülüb.

Yanvarda mühafizəkar deputat Əhməd Nadiri xəbərdarlıq edirdi ki, hökumət gələn ilin büdcəsinə qənaət məqsədilə ərzaq subsidiyalarını ixtisar etməklə düzgün davranmır.

“Xəbərdarlıq edirəm, bu yanaşmalar davam etsə, böyük sosial qarışıqlıq həddinə çata bilərik”, – o vurğulayıb.

24 saat” “İranda çörək etirazları gözlənirmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun