Loading...
Loading...
Dünya

İranda dərman təlaşı

İranda dövlətin mühüm subsidiyalardan birini kəsmək planları fonunda dərmanların qiyməti kəskin artıb. Ultramühafizəkar prezident İbrahim Rəisinin ötən ilin sentyabrında subsidiyanın dayandırılacağını elan etməsindən bəri dərman qiymətləri dörd dəfədən çox artıb.

Hökumətin subsidiyanı rəsmən dayandırmasından sonra qiymətlərin daha da artacağı gözlənilir. Bu gözlənti İranda həyəcan və qəzəbə səbəb olub. İranlıların çoxu, onsuz da, dolanışıqlarını çətinliklə təmin edə bilirlər. On illərlə davam edən iqtisadi sanksiyalar və keyfiyyətsiz idarəçilik ölkə iqtisadiyyatını ağır duruma salıb.

2018-ci ildə ozamankı prezident Həsən Ruhani İran istehsalçılarının zəruri qidadərman məhsulları ala bilməsi üçün xüsusi subsidiya təsdiqləyərək bundan ötrü milyardlarla dollar vəsait ayırmışdı. Məqsəd hətta İranın milli valyutasının dəyər itirməsi şəraitində belə, qiymətlərə nəzarət edə bilmək idi. Bu siyasətin tənqidçiləri subsidiyanın korrupsiyaya yol açdığını, infyasiyanınsa qarşısını ala bilmədiyini iddia edirlər.

Ancaq subsidiyanın ləğvi İranın dərman şirkətlərinin qiymətləri qaldırmasına səbəb ola bilər. Yerli istehsalçılar ölkənin dərman ehtiyacının çox hissəsini təmin etsə də, xammalın çox hissəsi idxal olunur. İran həyata təhlükəli xərçəng və ürək xəstəliklərinin müalicəsində zəruri dərman preparatlarının çoxunu da idxal edir.

“Dərman elə bir şey deyil ki, onsuz keçinə biləsən. Artıq çox adam dərman ala bilməyəcək. Onlar, sadəcə, həyatlarını xilas edə bilmək üçün dərmanları almağa məcbur qalacaqlar”, – adının çəkilməsini istəməyən bir Tehran sakini AzadlıqRadiosunun İran xidmətinə (Radio Fərda) deyib.

Ötən ay İran parlamenti subsidiyanın dayandırılmasının leyhinə səs verib. Hökumət mediası bildirib ki, bu addım ötən ilin avqustunda hakimiyyətə gələn Rəisi hökumətinin ildə 9 milyard dollar qənaət etməsinə imkan verəcək.

Ancaq hökumətin artıq bu subsidiyanı kəsib-kəsməməsi ilə bağlı çaşqınlıq yaranıb.

Səhiyyə naziri Bəhram Enullahi martın 26-da deyib ki, İran istehsalçıları artıq idxal olunan xammala görə dollar subsidiyaları almır.

Bundan cəmi bir neçə saat sonra Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Enullahinin dediklərini inkar edən bəyanat verib. O deyib ki, subsidiyanın dayandırılması ilə bağlı yekun qərar hələ verilməyib.

İran Ərzaq və Dərman Administrasiyasının sədri Bəhram Darayi də aprelin 3-də subsidiyanın hələ kəsilmədiyini deyib.

Bu çaşqınlıq və qeyri-müəyyənlik fonunda zəruri dərmanların qiymətləri artmaqdadır. Bu isə hökumətin ictimaiyyəti məlumatlandırmadan subsidiyanı dayandırması ilə bağlı şayiələrə yol açıb.

Bir əczaçı “Ensafnews” xəbər saytına bəzi dərmanların 250 faizədək bahalaşdığını deyib. “Qiymət dəyişikliyi tamamilə ortadadır. Bu o deməkdir ki, valyuta subsidiyası sakitcə aradan qaldırılıb”, – adı çəkilməyən əczaçı deyib. O, möhtəkirliyin də qiymət artımına təsir etdiyini qeyd edib.

Gözdən qaçırmayın:  Rusiya qüvvələri Donbasa gedir

“Son zamanlar bəzi adamlar, məsələn, yaşlı kişi və qadınlar saxta reseptlərlə aptekə gəlirlər. Onlar dərmanı alıb xüsusi adamlara verirlər. Onlar da dərmanları toplayıb bir neçə dəfə baha qiymətə apteklərə satırlar”, – həmin əczaçı deyib.

Tehranda çalışan başqa bir əczaçı Radio Fərda-ya müsahibəsində son aylarda bəzi dərman və tibb məhsullarının qiymətlərinin kəskin artdığını təsdiqləyib. O, məsələn, inhalyatorun qiymətinin beş dəfə artdığını deyib.

B.Darayi dərman qiymətlərinin son ildə 30 faizədək artdığını etiraf edib. O, qiymət artımını Ruhani administrasiyasının büdcəni kəsməsi və dərmanların qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə daşınması ilə əlaqələndirməyə çalışıb.

İranlılar subsidiyanın kəsilməsinin milyonlarla insan üçün ölüm hökmü demək olacağından narahatlıq ifadə edirlər. Bu addım bir çox insanın həyat qurtaran dərmanlara çıxışını kəsə bilər.

“Bu, [qəsdli] kütləvi qırğındır. Bu ölkədə xəstələr əhalinin ən zəif zümrəsidir və indi onlar qaz kamerasına göndərilir”, – tələbə fəal Leyla Hüseynzadə martın sonlarında Twitter-də yazıb.

İranlılar son illərdə ABŞ sanksiyaları və korrupsiya ucbatından qiymət artımı və həyati əhəmiyyətli dərman preparatlarının qıtlığı ilə üzləşiblər. Bura xərçəng xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanlar və insulin də daxildir.

ABŞ sanksiyaları ərzaq və dərman preparatlarına şamil edilmir. Ancaq “Human Rights Watch” (HRW) təşkilatının məlumatına görə, bu sanksiyalar Tehranın bəzi dərmanları ala bilməsini faktiki çətinləşdirib.

24 saat” “
İranda dərman təlaşı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button