SEÇMƏ

İranda məscidə hücum: ölənlər var

Yayımlandı: 27 Oktyabr 2022 11:20

İslam Dövləti hücumu üzərinə götürüb

Oktyabrın 26-da İranın Şiraz şəhərində müqəddəs şiə məbədinə silahlı hücum olub. Nəticədə azı 15 nəfərin öldürüldüyü bildirilir. Onlarla yaralı var.

Hücum İranda son illərdə baş verən ən böyük etiraz aksiyaları fonunda baş verib. 22 yaşlı Məhsa Amininin baş örtüyünü düzgün bağlamadığı üçün polis tərəfindən saxlanandan sonra ölümü ölkədə etirazlara səbəb olub.
İran rəsmiləri oktyabrın 26-da açıqlama verərək bildiriblər ki, Şirazda məscidə edilən hücum terror aktıdır və bir neçə qadın və uşaq da daxil olmaqla, azı 15 nəfər həlak olub.

Silahlılar Şah Çıraq məscidində zəvvarlara və məbədin işçilərinə atəş açıblar.
Hücuma görə məsuliyyəti “İslam Dövləti” (“Islamic State” (IS)) öz üzərinə götürüb. Rəsmi Tehran isə açıqlamasında iki nəfərin həbs edildiyini, bir nəfərin isə qaçdığını bildirib.

İranın ən müqəddəs yerlərindən biri olan Şah Çıraq məscidinə hücum İran təhlükəsizlik qüvvələrinin Məhsa Amininin məzarı başına toplaşan etirazçılara atəş açması ilə eyni gündə baş verib.

Oktyabrın 26-da Amininin 40 mərasimi günü minlərlə iranlı onun dəfn olunduğu qəbiristanlığa yığışıb.
İD öz “Amaq” Xəbər Agentliyinə hücum barədə məlumat verərək bildirib ki, silahlılar 20 nəfəri öldürüb.

Yarı-rəsmi “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, hücum edən şəxs izləyicilər tərəfindən təqib edilməzdən əvvəl ziyarətgahın bir əməkdaşını güllələyib. Agentlik xəbər verir ki, onun silahı sıxılıb, lakin o, təqib edənlərə atəş açmazdan əvvəl silahı düzəldə bilib.

İran Prezidenti İbrahim Rəisi zorakılığa cavab olaraq deyib:

“Bu cinayət mütləq cavabsız qalmayacaq. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələri hücumu hazırlayanlara və həyata keçirənlərə dərs verəcək”.

Keçən apreldə oxşar hücum Məşhəd şəhərində olmuşdu. Bir nəfər iki din xadimini bıçaqlayaraq öldürmüşdü.

Meydan TV

Gözdən qaçırmayın:  Tofiq Yaqublu: “Məni anamın il mərasiminə də buraxmadılar, hardadır onlarda qanacaq?”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button