Loading...
Loading...
SEÇMƏ

İranda rejissor 6 il həbs cəzası alıb

Cəfər Pənahi məhkəmədə iştirak edərkən saxlanılıb

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi altı il müddətinə azadlıqdan məhrum edilib.

Rejissor “milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda” və “sövdələşmədə” ittiham olunur.

Cəfər Pənahi iyulun 11-də həmkarları Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edərkən saxlanılıb.

Məhəmməd Rəsulof və Mustafa Ələhmədi iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıblar.

Etirazların mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfərin ölümü ilə nəticələnən iğtişaşlardan sonra başladığı bildirilir.

Cəfər Pənahi 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə altı il müddətinə ev dustaqlığına məhkum edilib.

Ona iyirmi il müddətində film çəkmək qadağan edilib.

Cəfər Pənahi 1960-cı ildə Miyanə şəhərində doğulub.

Pənahiyə dünya şöhrətini 1995-ci ildə çəkilmiş “Ağ şar” filmi gətirib. Filmin ssenarisini Abbas Kiorastami yazıb.

İlk filmində sosial problemlərə toxunan Pənahi uşaqlar haqda, amma uşaqlar üçün olmayan kino çəkib. Film yeni il ərəfəsində qızıl balıq almaq üçün bazara yollanan, yolda pulunu itirən və böyüklərin dünyası ilə tanış olan balaca qızdan bəhs edir.

Film İran Mədəniyyət Nazirliyi tərəfindən qadağan olunub.

“Kann” kinofestivalının “Qızıl kamera” mükafatını qazanıb.

Nyu-York kino tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

Rejissor 1997-ci ildə Tehranın sosiodinamik mühiti haqqında “Güzgü” filmini çəkib. Ekran işi Lokarnoda “Qızıl bəbir”, İstanbulda “Qızıl lalə” mükafatlarına layiq görülüb.

Pənahi 2000-ci ildə ekranlaşdırlan “Dairə” filmində isə ölkəsində qadınların sıxışıb qaldığı tabuları, qadağaları bütün çılpaqlığı ilə göstərir.

“Venesiya” Kino Festivalının əsas mükafatını qazanan “Dairə”, həmçinin də 2003-cü ildə çəkdiyi “Qıpqırmızı qızıl” filmi İranda qadağan olunub.

2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi real hadisələrə əsaslanıb. Film İran-Bəhreyn matçı zamanı lentə alınıb. Komandalar 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatına vəsiqə qazanmaq üçün oynayır. Futbolun fonunda Pənahi stadiona çıxmaq istəyən gənc qızlardan bəhs edir.

“Ofsayd” filmi 2006-cı ildə Berlin Kino Festivalında “Gümüş ayı” mükafatını qazanıb.

Rejissor 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə altı il müddətinə ev dustaqlığına məhkum olunur. Ona iyirmi il müddətində film çəkmək qadağan edilir.

Apelyasiya məhkəməsinin qərarını gözlədiyi günlərdə Cəfər Pənahi operator Mojtaba Mirtəhmasiblə birlikdə, ev şəraitində “Bu, film deyil” adlı filmini çəkir. Ev dustağı olan rejissor evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır.

Gözdən qaçırmayın:  Məktəblini döyməkdə ittiham edilən direktor da işdən çıxarılıb

Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və “bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm? Filmi anlada bilsək, niyə film çəkək?” — deyib, dayanır.

Sonralar bu film 61-ci “Kann” Film Festivalının müsabiqədənkənar proqramına daxil edilir.

“Bu, film deyil” 2013-cü ildə “Oskar” mükafatına namizəd sürülən 15 xarici film nominasiyasının seçim mərhələsini keçir.

Pənahi heç vaxt ölkədə gedən siyasi proseslərə biganə qalmayıb. 2009-cu ildə növbəti prezident seçkiləri ərəfəsində də rejissor müxalif namizəd Mirhüseyn Musəviyə dəstəyini ifadə edib.

2009-cu ilin iyununda keçirilən seçkilər zamanı Mahmud Əhmədinejad prezident seçiləndən sonra Musəvi tərəfdarları küçələrə axışır. “İran Yaşıl hərəkatı” adlanan nümayişlər zamanı iyirmiyə yaxın insan həlak olub. Cəfər Pənahi aksiyalar zamanı həlak olan gənc qız Neda Soltanın dəfnində həbs olunaraq, ölkədən çıxmasına qadağa qoyulur.

Həmin ilin fevralında İran hakimiyyəti rejissoru “Berlin” kinofestivalına buraxmır. Evində aparılan axtarış zamanı Pənahi, həyat yoldaşı, qızı və həmkarı Məhəmməd Rəsulof həbs olunur. Dövlət əleyhinə təbliğatda ittiham edilən Pənahi aclıq aksiyasına başlayır. Rejissor bu addımı ailəsinə qarşı təzyiqlərdən və həbsxanada məruz qaldığı zorakılıqlardan sonra atır.

2011-ci ilin oktyabrında Tehran Apelyasiya Məhkəməsi Pənahinin şikayətini rədd edir. Rejissor altı illik həbs cəzası və iyirmi illik kino çəkmək qadağası ilə üzləşməli olur.

Bundan sonra rejissorla həmrəylik nümayiş etdirən “Berlin” kinofestivalının təşkilatçıları bütün nümayişlər zamanı oturacaqlardan birini boş saxlayıb. Əlli iranlı rejissor, aktyor və rəssam Pənahinin azad olunması tələbilə petisiya imzalayıb.

Petisiyanı imzalayanlar arasında amerikalı kinorejissorlar Pol Tomas Anderson, Koen qardaşları – Coel və İtan, Frensis Ford Koppola, Cim Carmuş, Martin Skorseze, Stiven Spilberq, Oliver Stoun, Terrens Malik, amerikalı aktyor Robert de Niro, fransız aktrisası Julyet Binoş da olub.

İranlı həmkarı Əsgər Fərhadi “Berlin” kinofestivalında mükafatı almaq üçün kürsüyə çıxanda Pənahiyə səslənrək “Bu mükafatı sənə verirəm. Gələn il burada dayanmaq növbəsi sənindir”, – deyib.

2012-ci ilin oktyabrında Cəfər Pənahi İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdiyi fəaliyyətə görə, Avropa Parlamenti tərəfindən Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı ilə təltif olunub.

Haqqında altı illik hökm hökmü çıxarılan Cəfər Pənahi cəzasını çəkmək üçün “Evin” həbsxanasına göndərilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button