Loading...
Loading...
ÖLKƏDünya

İranda universitet professorları işdən çıxarılır

İnqilabdan sonra ölkədən nəhəng beyin axını, 2009-cu il prezident seçkisindən sonra isə emiqrasiya dalğası baş verib

İranın tanınmış sosioloq Məhəmməd Fazeli Tehrandakı Şahid Beheşti Universitetində yeddi il dərs deyib. O, sentyabrda işdən çıxarılıb. Bu haqda xəbər isə bu günlərdə, daha iki akademikin işdən çıxarılması haqda məlumatla birgə yayılıb.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari yazır ki, baş verənlər İranda fərqli düşünən akademiklərə qarşı yeni təmizlənmə dalğası sarıdan narahatlıq yaradıb. Dini isteblişment indiyədək tanınmış universitet professorlarını siyasi əsaslarla işdən kənarlaşdırıb.

Özəlliklə humanitar və sosial elmlər sahələrində çalışanlar hədəfə alınır. Ali dini lider Ayətulla Əli Xameneyi bu sahələrdə çalışan professorları “şübhə və qeyri-müəyyənliyin” təbliğində ittiham edir.

1979-cu il islam inqilabından sonra hakimiyyət İran universitetlərində nəhəng təmizləmə gerçəkləşdirib, yüzlərlə professor işdən çıxarılıb, kurrikulumlar islam dəyərlərinə uyğunlaşdırılıb. 2005-2013-cü illərdə prezident olmuş sərt-xətt tərəfdarı Mahmud Əhmədinejatın dövründə onlarla professor istefaya vadar edilmişdi.

Qəzəb dalğası

Son illər fərqli fikirli, ölkədən kənar tədbirlərə qatılan akademiklər təzyiqlə üzləşib, həbs olunublar.

Üç tanınmış professorun işdən çıxarılması isə tənqid dalğasına yol açıb. İranlılar qəzəblərini sosial mediada açıq məktublar, onlayn bəyanatlarla ifadə edirlər.

Bəziləri baş verənləri “siyasi” hesab edir, mühafizəkar Prezident İbrahim Rəisini ittiham edirlər. Digərləri işdən çıxarılmaların ölkədən beyin axınını gücləndirəcəyini deyirlər.

İnqilabdan sonra ölkədən nəhəng beyin axını, 2009-cu il prezident seçkisindən sonra isə emiqrasiya dalğası baş verib. O zaman siyasi müxalifətə qarşı dövlət repressiyası da güclənmişdi.

“Humanitar və sosial elmlərə qarşı çıxanlar, ölkəni bu elmlərsiz idarə etməyin mümkünlüyünə inananlar yenidən baş qaldırır”, İran Sosiologiya Assosiasiyasının prezidenti Seyid Hüseyn Siraczadə yanvarın 22-də “Şərq” qəzetinə deyib.

Siraczadə Fazelini çalışqan biri kimi təsvir edib, onun müstəsna işlər gördüyünü söyləyib.

Akademiklərin “məhvi prosesi”

Fazeli keçmiş, nisbətən mötədil prezident Həsən Ruhani dövründə prezident idarəsinin tədqiqat qanadı olan Strateji Tədqiqatlar Mərkəzində işləyirdi.

Tehranda yaşayan sosioloq Səid Mədəninin ölkədən çıxması bu yaxınlarda yasaqlanıb. O, Radio Fərda-ya deyib ki, akademiklərin “məhvi prosesi” İslam respublikası ilə yaşıddır.

“Mədəni inqilab dövründə universitetlərin elmi şuralarının üzvləri olan professorların bəziləri güclü bilik və bacarıqlarına baxmayaraq, yalnız baxışlarına görə işdən çıxarılırdılar”, – deyən Mədəni ruhanilərin akademikləri özlərinə rəqib saydıqlarını söyləyir.

Fazelinin sosial mediada yazdığı mesajdan isə işdən çıxarıldığını tənqid etdiyini düşünmək olar.

“Bir millətin tarixində ən pis məqamlardan biri odur ki, heç nəyə təəccüblənmirsən. Təəccüb, yaxud yanlış addımla üzləşənlər soruşurlar. ‘Nəsə başqa şey gözləyirdin?’” – o, yanvarın 10-da Twitter-də yazıb.

Gözdən qaçırmayın:  NATO nazirləri Brüsseldə yığışır

İki professor

Digər iki professora gəlincə, Cons Hopkins Universitetindən doktorluq dərəcəsi almış filosof Araş Abazari Tehrandakı Şərif Universitetindən çıxarılıb. Sosial siyasət eksperti Rza Ümidi isə Tehran Universitetində işini itirib. Onların heç biri bununla bağlı şərh verməyiblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button