İrandan raket-daşıyıcının sınaq atışı

Nüvə razılaşması üzrə danışıqların bərpası fonunda İran “Zulcanah” raket-daşıyıcının ikinci sınaq atışını uğurla həyata keçirib.
Üçpilləli daşıyıcısı olan raketdə pillələrdən ikisi sırf bərk yanacaqla çalışır. Daha birisi isə maye raket kerosini hesabına işə düşür.
Sınaqlar zamanı toplanmış məlumatdan sonradan peykin orbitə çıxarılması üçün istifadəsi planlaşdırılır, – “Reuters” yazır.
Raketin sınağı barədə məlumat Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin 2015-ci il nüvə sazişinin bərpası məqsədilə Tehrana gəlişindən sonra yayılıb.
“The Financial Times”in xəbərinə görə, danışıqlar Brüsselin vasitəçiliyi ilə ABŞ və İran arasında münasibətlərin nizamlanması ilə başlayacaq.
Nüvə sazişi 2015-ci ildə imzalanıb. Onda İran ABŞ sanksiyalarının götürülməsi əvəzində nüvə proqramını dayandırmağı öhdəsinə götürmüşdü. 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən çıxıb və İrana qarşı birtərəfli sanksiyaları bərpa edib. Rəsmi Tehran isə bunun cavabında öz öhdəliklərindən tədricən çəkiləcəyini bəyan edib və yenidən nüvə işlərinə başladığını açıqlayıb.
ABŞ-ın hazırkı prezidenti Corc Bayden isə dəfələrlə sazişə qayıtmağa söz verib. Bunun üçün o, sanksiyaları ləğv etməlidir. Rəsmi açıqlamalara görə, Vaşinqton buna getməyə hazırdır, amma ABŞ əvvəlcə İranın tədqiqatlardan imtina etməsini istəyir. Öz növbəsində Tehran da öncə məhdudiyyətlərin götürülməsini tələb edir. Ötən ilin sonlarında ABŞ və İran nüvə sazişinə mümkün qayıdışla bağlı danışıqlara başlayıblar.