İranın hərbi obyektlərinə dron hücumları olub

İran Müdafiə Nazirliyi itki olmadığını, hərbi zavoda ciddi ziyan dəymədiyini bildirir
Şənbədən bazara keçən gecə İranın İsfahan şəhərindəki hərbi zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
İran Müdafiə Nazirliyinin məlumatına görə,PUA-lar hava hücumundan müdafiə sistemləri ilə vurulub, itki yoxdur və zavoda da ciddi ziyan dəyməyib. İran hakimiyyəti pilotsuz təyyarələrin hansı ölkəyə aid ola biləcəyini hələ dəqiqləşdirə bilməyib.
İran mediası ölkənin paytaxtı Tehranda, Təbriz və Dezful şəhərlərində – strateji obyektlərdə və neft emalı zavodlarında partlayışlar və yanğınlar olması barədə məlumat verir.
İyul ayında İran İsfahanda hərbi kompleksi partlatmaq niyyətində olduğu iddia edilən bir qrup kürd diversantın həbs olunduğunu elan edib. Onlar İsrailə işləməkdə ittiham olunublar.