Loading...
Loading...
Redaktorun seçimi

İranlı nazirin Bakı səfəri: prezidentlə görüş niyə virtual oldu?

Redaksiyadan (pressklub.az): Yeri gəlmişkən, fevralın 2-də mediada xəbəy yayıldı ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi koronavirusa yoluxub və ürəyin işemik xəstəliyi ilə əlaqədar ofisində karantinə alınıb.

 Müəllif: Əli Heydəri (Tasnimnews)

İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri müəyyən nəticələr versə də, ölkə mediasında müəyyən ajiotajlarla yadda qalıb.

“Tasnimnews” xəbər verir ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ötən bazar ertəsi nümayəndə heyətinin müşayiəti ilə Azərbaycan Respublikasına səfər edib. Səfərdə məqsəd Bakı ilə əlaqələrin inkişafı, bu ölkənin iqtisadiyyatına ivestisiya yatırılması imkanlarının müzakirəsi, İrana məxsus texniki-mühəndis şirkətlərinin Azərbaycanda mümkün fəaliyyətinə dair danışıqların aparılması idi.

İranlı nazir əvvəlcə Azərbaycanın Füzuli şəhərinə baş çəkib. Burada onu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb. Beləliklə, Qasemi Azərbaycana səfərinin ilk günündə Qarabağın işğaldan azad edilmiş bəzi rayonlarına baş çəkib, bölgələrdə infrastruktur və nəqliyyat layihələrinin icrası prosesi ilə tanış olub. O, Tehrandan birbaşa uçduğu Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət ilə də tanış olub. Bu hava limanı Azərbaycana məxsus rayonun işğaldan azad edilməsindən sonra cəmi 9 ay ərzində inşa olunub.

Daha sonra İran nümayəndə heyəti Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Zəngilan rayonunda beynəlxalq nəqliyyat marşrutunun tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolu layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olub. Onlar işğaldan azad edilmiş Zəngilanda tikilməkdə olan daha bir hava limanının inşaat işləri ilə də tanış olublar. Nümayəndə heyəti Zəngəzur marşrutu üzrə tikilməkdə olan tunellərə baxıb, o cümlədən bir sıra avtomobil və dəmir yolu layihələri haqda məlumat alıb.

“Səfərimizin məqsədi ilə bağlı Azərbaycan rəsmiləri ilə əvvəldən də danışıqlar aparılıb. Müzakirələrimiz davam edir. Danışıqların bir hissəsi iki ölkə arasında tranzitin və yük daşımaları həcminin artırılması üçün körpünün tikilməsi ilə bağlıdır. Nəqliyyat rüsumlarının aşağı salınması məsələsini də Azərbaycan rəsmiləri ilə razılaşdırmağa çalışırıq. İran şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilməsi üçün Müştərək Əməkdaşlıq Komissiyanın azərbaycanlı həmsədri ilə danışıqlar aparmağı planlaşdırırıq”, – deyə Qasemi bildirib.

Astara yük terminalı haqda da danışan iranlı nazir deyib: “Azərbaycan tərəfi investisiya öhdəliklərinin bir hissəsini yerinə yetirib. Terminalla bağlı müəyyən problemlər var. Bu məsələ də müzakirə olunacaq”.

Qaseminin səfərinin ikinci günündə Bakıda İran-Azərbaycan sərhədindəki Astaraçay üzərində avtomobil körpüsünün tikintisinə dair saziş imzalanıb. Sənədi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov ilə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıblar. Çərşənbə axşamı isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin iştirakı ilə Astaraçay üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. “Azərbaycan prezidenti və dövləti İran İslam Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan və İran prezidentləri Aşqabaddakı görüşlərində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər”, – deyə Ş.Mustafayev xatırladıb. O, iki ölkə arasında ticarət, iqtisadiyyat, enerji, gömrük və investisiya sahələrində dərin əlaqələrin olduğunu bildirib: “Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanlar var. İki ildir dünyada koronavirus pandemiyası davam etsə də, ötən ilin ilk 11 ayında İranla Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30%, nəqliyyat əlaqələri 62,5% dəfə artıb. Bu müddətdə yüklərin daşınması və tranziti bir gün belə, dayanmayıb”.

Rüstəm Qasemi isə öz növbəsində, qonşularla əlaqələrin inkişafının İran hökumətinin prioritetlərindən olduğunu söyləyib. İranın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirakı məsələsinə də toxunan nazir deyib: “Bu məsələdə əməkdaşlıq ərazilərin yenidən qurulmasını sürətləndirə bilər. Hesab edirik ki, İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bu mənada mühüm rol oynaya bilər”.

Azərbaycan Prezidenti ilə virtual görüş

Səfər çərçivəsində İranın yol nazirini Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib. Lakin qəbul videokonfrans formatında olub.

Azərbaycan Prezidenti iranlı həmkarı ilə Aşqabadda keçirdiyi görüşü xatırladaraq deyib: “Noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir”.

Regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayan İlham Əliyev İran şirkətlərini Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymağa çağırıb: “Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”.

İranın yol və şəhərsalma naziri isə bildirib ki, qonşu ölkələrə diqqət Tehran üçün prioritetdir: “İki dost və qardaş ölkə olan İranla Azərbaycanın münasibətlərində yeni fəsil başlayıb və əminik ki, mövcud olan ciddi iradə sayəsində ikitərəfli münasibətlərin dərinləşməsinin şahidi olacağıq. İranın yenidənqurma və bərpa işlərində yaxşı təcrübəsi var. Bu sahədə əməkdaşlıq bölgənin davamlı inkişafına və təhlükəsizliyinə öz töhfəsini verəcək”.

“Tranzit dəhlizlərinin yaradılması biz də daxil olmaqla, regionun mühüm planlarından biridir. İranla Azərbaycan arasında əməkdaşlıq regionda iqtisadi dirçəlişi təmin edə bilər”, – deyə Qasemi vurğulayıb.

Bəs niyə virtual görüş?

Səfərdən sonra iranlı nazirin Azərbaycan Prezidenti ilə görüşünün virtual formatda keçirilməsi İran KİV-də müəyyən ajiotaj yaradıb. Bəzi mətbuat orqanları bunu tənqid edib. Məsələyə tənqidi yanaşanlar bildirir ki, İlham Əliyev son vaxtlaradək bütün qonaqları şəxsən qəbul edirdi. Lakin son dövrlərdə ölkədə koronavirusa yoluxma ilə bağlı növbəti dalğa yaşanır. Məhz bu üzdən ölkə başçısı görüşlərini videoformartda keçirir.

Prezident yalnız iranlı nazirimi onlayn formatda qəbul edib?

İlham Əliyevin son iki həftə ərzindəki görüşlərinin siyahısına nəzər saldıqda görürük ki o, görüşləri onlayn formatda keçirir:

– Yanvarın 17-də Monteneqro parlamentinin sədri ilə görüş;

– Yanvarın 25-də İranın yol və şəhərsalma naziri ilə görüş;

– Yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüş.

Azərbaycanda pandemiyanın yeni dalğasının səngiməsinədək ölkə prezidentinin görüşləri virtual şəkildə keçiriləcəyi gözlənilir. Bu qayda digər ölkələrin prezidentləri və yüksək vəzifəli şəxsləri üçün də keçərlidir.

İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri nəticəsində əldə olunmuş nailiyyətlər sırasında ölkənin texniki-mühəndis şirkətlərinin Azərbaycanda həyata keçirilən əsaslı yenidənqurma layihələrində iştirakına dair razılaşma da var. Bundan başqa, belə səfərlərdən sonra iki ölkə arasında iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafının şahidi oluruq. Bu əlaqələr İranın Şimal-Cənub istiqamətində tranzit imkanlarını da artıracaq. Odur ki, diqqəti əhəmiyyətsiz məsələlərə çəkməkdənsə, önəmli nailiyyətlərdən danışmaq daha yaxşı olar.

(Fars dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Tasnimnews

İranlı nazirin Bakı səfəri: prezidentlə görüş niyə virtual oldu? ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button