SEÇMƏ

İranlı repçiyə etirazları dəstəklədiyi üçün ölüm hökmü verilə bilər

Yayımlandı: 30 Noyabr 2022 15:42

Salehinin “Allaha qarşı müharibə” və “korrupsiyada” ittiham olunduğu deyilir

İrandakı etirazlara dəstək verdiyi üçün oktyabrın 30-da saxlanılan 32 yaşlı repçi Tumac Salehiyə ölüm hökmü oxuna biləcəyi deyilir.

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “korrupsiyada” ittiham edib.

Bildirilir ki, İranda bu ittihamların irəli sürüldüyü şəxslər sonradan ölüm və edamla cəzalandırılır.

Repçiyə özünü müdafiə etmək üçün şəxsi vəkil tutmaq da qadağan edilib.

Daha öncə İsfahanın prokuroru Seyid Məhəmməd Musavijan demişdi ki, repçini İsfahan vilayətində və Şahinşəhr şəhərində xaosun yaranmasında, son iğtişaşların alovlanmasında əsas rol oynayıb.

Repçi ölkədə hökumətə qarşı etirazlara dəstək verən azsaylı ifaçılardan olduğu deyilir.

O, ötən il bir neçə etiraz mahnısı buraxandan sonra həbs olunub. Ancaq tərəfdarlarının, insan haqları qruplarının irimiqyaslı qınağından sonra azadlığa buraxılıb.

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanan etirazlara dəstək verən ölkənin bəzi ictimai xadimləri, o cümlədən musiqiçilər, kinematoqrafçılar və idmançılar artıq hökumətin reaksiyasından əziyyət çəkirlər.

Müğənni Şervin Hacıpur etirazları dəstəkləyən “Baraye” mahnısı internetdə yayıldıqdan sonra həbs edilib, daha sonra zaminə buraxılıb.

İranlı aktyor Həmid Fərroxnejad oktyabrın 9-da “İnstagram” səhifəsində uzun saatlar sorğu-sual edildiyini və ölkədən çıxışına qadağa qoyulduğunu yazıb.

Eyni tarixdə müğənni Homayun Şacarian və həyat yoldaşı, aktrisa Sahar Dolatşahinin Avstraliyadakı konsertindən qayıtdıqdan sonra pasportları müsadirə edilib.

İran millisinin bombardiri Əli Daeinin ölkədən çıxışına qadağa qoyulub. İstanbuldan qayıdan Daeinin pasportu alınıb.

Futbol üzrə milli komandanın üzvü Vurya Qafurini həbs edib.

Keçmiş futbolçular Hosseyn Mahini və Hamidreza Aliasqari kütləvi etirazalara təşviq etməkləri iddiası ilə həbs ediliblər. Sonradan azadlığa buraxılıblar.

Etirazlarla əlaqədar paylaşım edən İran rejissoru Mani Haqiqi Londona uçmaq istəyərkən ölkədən çıxışına qadağa qoyulub və pasportu əlindən alınıb.

Etirazlara dəstək verən iki iranlı aktrisa hicablarını açıq şəkildə çıxardıqdan sonra həbs edilib.

2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Amini üç gün sonra xəstəxanada vəfat edib.

İran hakimiyyəti təkzib etsə də, çoxu gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

Meydan TV

Gözdən qaçırmayın:  Baş Daşağıl kəndinin daşa dirənən qaz problemi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button