2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İraqın Küveyti işğalı

Müharibə bitdikdə İraqın Küveytə 14 milyard dollar borcu var idi

1982 -ci ildə artıq iki ildir ki, davam edən İran-İraq müharibəsinin gedişində iki ciddi hadisə baş verdi. Əvvəl İraq hücum etmişdi və döyüşlər İran ərazisində gedirdisə, indi İran təşəbbüsə yiyələndi və İraq ərazisinə hücum etdi. Digər tərəfdən, İranı dəstəkləyən Hafiz Əsəd rejimi İraqın Kərkük şəhərindən Suriyanın
Baniyas limanına gedən neft kəmərini bağladı. İran bunun əvəzində Suriyaya daha
ucuz qiymətə neft satmağı vəd etdi. Bu, İraq büdcəsinin hər ay 5 milyard dollar
itirməsi demək idi.

İranda İslam inqilabının qalib gəlməsindən sonra ayətullah Xomeyni ərəb monarxiyalarının İslama zidd olmasını bildirirdi. Buna görə də İran-İraq savaşında Körfəz monarxiyalarının rəğbəti Bağdadın tərəfində idi. Amma bu rəğbət ilk iki ildə əməli mahiyyət daşımırdı. İndi, İraqın işi çətinləşəndə və məğlubiyyət ehtimalı reallaşanda həmin monarxiyalar hərəkətə keçdilər. ABŞ da daxil olmaqla dünyanın müxtəlif ölkələrinin diplomatik yolla, silah və texnika ilə, kəşfiyyat məlumatları ilə göstərdikləri yardımla yanaşı ərəb ölkələrinin maddi yardımı da Bağdada duruş gətirməyə və müharibəni heç-heçə bitirməyə kömək etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Müharibə hər iki tərəf üçün həm canlı qüvvə, həm də maddi cəhətdən olduqca ağır nəticələrə səbəb oldu. Əgər canlı qüvvə baxımından İranın itkisi çox idisə, maddi cəhətdən İraq daha ağır vəziyyətə düşdü. Müharibədən öncə İraq o zaman üçün böyük məbləğ sayılacaq 40 milyard dollar həcmində valyuta ehtiyatına malik idi, ölkənin sosial sahələrinə xeyli vəsait xərcləyir və bəzi ölkələrə faizsiz borc verirdi. Müharibədən sonra isə artıq özünün 130 milyard dollar məbləğində nəhəng borcu vardı.

İraqın əsas donorlarından biri Küveyt idi. Haşiyə çıxaraq bildirim ki, belə kömək ölkəyə zərərsiz başa gəlmirdi. İran Fars körfəzində Küveytin neft tankerlərinə hücum edir, suya minalar düzürdü. Belə addımlar ABŞ-ın məsələyə qarışmasına və 1988-ci ilin aprelində İrana qarşı “Dəvədəlləyi” əməliyyatı keçirməsinə səbəb oldu.

Müharibə bitdikdə İraqın Küveytə 14 milyard dollar borcu var idi. Bu, dolların indiki kursu ilə 35 milyard dollara ekvivalent idi. İraqın əsas gəlir mənbəyi olan neftin qiyməti isə 14,87 dollar idi (indiki kursla 37,5). Bu da dolların inflyasiya kursu nəzərə alınarsa, 1973-cü ildən sonra ən aşağı göstərici idi. Belə vəziyyət İraqın vəziyyətini lap acınacaqlı edirdi. Əlavə edim ki, sonrakı iki il ərzində neftin qiyməti bir qədər yüksəldi və İraq-Küveyt böhranı ərəfəsində 21 dollar idi.

***

Müharibə bitdikdən sonra İraq ərəb ölkələrindən 67 milyardlıq borcunun bir hissəsinin bağışlanılması, eləcə də neft hasilatını azaltmaqla qiyməti artırmaq barədə danışıqlara başladı. O cümlədən 1989-cu ildə bir neçə dəfə Küveyt-İraq danışıqları oldu. Bağdad hesab edirdi ki, İranın şah dövründə yığılmış hərbi potensialının məhvi, Xomeyninin “İslam inqilabını ixrac” planlarının qarşısının alınması başqa ölkələrin də mənafeyinə uyğun idi və buna görə İraqa güzəşt olunmalıdır. Bu mövqe əslində tam əsassız sayılmazdı, amma Küveyt borcun heç olmasa, bir hissəsini güzəştə getməyə razı olmadı.

İraqın Küveytə (eləcə də BƏƏ-yə) qarşı daha bir əsaslı iddiası neft hasilatının həcmi ilə bağlı idi. Küveyt son illərdə OPEC-in onun üçün ayırdığı hasilat limitini daim aşırdı. Bu da neft qiymətinin yüksəlməsinə mane olurdu. İraqın xarici işlər naziri Tarik Əziz iddia edirdi ki, neftin 1 dollar ucuz satılması İraqın illik neft gəlirlərini 1 milyard dollar aşağı salır. Amma Küveyt hasilatı azaltmaqdn da imtina etdi və buna görə münasibətlər daha da korlandı.

***

Küveyt şeyxliyi Osmanlı dövlətinin tərkibində olanda Bəsrə vilayətinə aid idi. Şeyx Mübarək 1899-cu ildə ingiislərlə saziş imzaladı və formal cəhətdən Osmanlının tərkibində qalmaqla Britaniya protektoratlığını qəbul etdi. Birinci dünya müharibəsindən sonra Nəcd əmiri Əbdüləziz ibn Səud Küveyti özünə birləşdirmək üçün uğursuz cəhd etdi.

1930-cu illərdə isə İraq kralı Qazi eyni məqsədə nail olmaq istədi. Kral Küveytin bir zamanlar Bəsrə vilayətinə aid olmasını əsas göstərərk onu İraq ərazisi sayırdı. Küveytin özündə də İraqla birləşməyin xeyli tərəfdarı var idi. 1939-cu ilin martında bu tələblə üsyan da qalxdı. Amma Küveyt şeyxi britaniyalıların köməyi ilə üsyanı yatırdı. Məsələ Qazinin 1939-cu ildə avtomobil qəzasında ölməsi ilə səngidi. İraqda bir çoxları hesab edirdilər ki, kral elə Küveytlə bağlı iddialarının qurbanı oldu.

Küveyt 1961-ci ildə müstəqil dövlət oldu və əmirliyə çevrildi. Artıq respublika olan İraqın baş naziri Əbdülkərim Qasım isə onun müstəqilliyini tanımaqdan imtina etdi və hətta bu ölkəni zorla ilhaq edə biləcyini söylədi. Buna cavab olaraq Britaniya iyulda “Vantage” əməliyyatına başladı və Küveytə hərbi qüvvələr göndərdi. Oktyabrda Ərəb Dövlətləri Liqasının (ƏDL) birgə qüvvələri Küveytə gəldi və ingilislər çıxdılar. 1963-cü il fevralın 3-də Qasım devrildi və güllələndi. Yeni İraq hökuməti Küveytin müstəqilliyini tanıdı.

Nəhəng neft ixracatçısı olan İraqın zəif yeri cəmi 58 km məsafədə dənizə çıxışının olması idi. Zatən İranla müharibənin başlamasına səbəb də iki dövlət arasında sərhəd olan Şəttül-Ərəb çayına nəzarət olmuşdu. İran sərhədin çayın ortasından keçdiyini deyirdi. İraq isə sərhədin çayın İran sahilindən keçməsini, Şətt-ül Ərəbin tamamilə özünə aid olmasını istəyirdi. Belə olardısa, ölkənin dənizə çıxışı xeyli genişlənərdi. Amma müharibənin sonunda sərhədin çayın ortasından keçməsi kimi status-kvonu qaldı.

Belə vəziyyət İraqın maraqlarına cavab vermirdi. Üstəlik dənizə çıxışı elə yerdə idi ki, yeni konflikt zamanı İran bu çıxışı asanlıqla bağlaya bilərdi. Kərkük-Ceyhan boru kəməri İraqın ehtiyaclarını ödəmirdi. Suriyanın bağladığı Kərkük-Baniyas kəməri hələ işləmirdi.

Ərazisi İraqdan az qala 25 dəfə kiçik olan Küveytin sahil solağı isə 499 km-dir. Bu da zəngin neft yataqları ilə birlikdə Küveyti İraq üçün cəlbedici loxma edən daha bir amil idi. Təsadüfi deyil ki, İraq prezidenti Səddam Hüseyn zəif, amma ötkəm qonşusunu işğal etmək qərarına gəldi.

***

Küveytin borcu bağışlamaması və neft hasilatını azaltmaması İraqın narazılığına səbəb olsa da, hərbi müdaxilə üçün əsas ola bilməzdi. Daha ciddi səbəb tapmaq lazım idi və tapıldı. 1990-cı il iyulun ortalarında Bağdad Küveyti maili quyular qazaraq İraqa məxsus Rumeyla yatağından neft oğurlamaqda ittiham etdi.

Dünyanın ən nəhəng neft yataqlarından olan Rumeyla 1953-cü ildə İraq-Küveyt sərhədi yaxınlığında aşkar olunub. Yatağın kiçik bir hissəsi Küveyt ərazisinə düşür və Ratka adlanır. Küveyt 1967-ci ildə buradan neft çıxarmağa başladı. Amma İraqın etirazları üzündən dayandırdı və 1977-ci ildə hasilatı yenidən bərpa etdi. Kükürd çoxluğu səbəbindən Ratkada çıxan neft aşağı keyfiyyətli idi və Küveytin ona ciddi ehtiyacı yox idi. Bu, daha çox ərazi suverenliyi məsələsi idi.

İndi Bağdad ortaya heç bir fakt qoymadan küveytliləri Ratkadan onun ərazisinə girib İraqa məxsus nefti oğurlamaqda ittiham edirdi. Səddam Hüseyn bu “oğurluğun” kompensasiyası olaraq İraqın Küveytə borcunun silinməsini və daha 2,4 milyard kompensasiya ödənilməsini tələb edirdi. Təbiidir ki, Küveyt razılaşmadı.

İslam inqilabından sonra izqoy ölkəyə çevrilmiş İrana qarşı müharibə Səddam Hüseyni Qərbin yaxın dostuna çevirmişdi. Ona görə də İraq rejiminin dəfələrlə törətdiyi cinayətlərə, o cümlədən kimyəvi qazlardan istifadəsinə göz yumulurdu, İranın bu yöndə şikayətləri nəticəsiz qalırdı. Bu azmış kimi prezident Corc Buşun 1989-cu ilin oktyabrında imzaladağı direktivdə yazılırdı: “Birləşmiş Ştatlar və İraq arasındakı normal münasibətlər bizim uzunmüddətli maraqlarımıza uyğundur və Orta Şərqdə, Fars körfəzində sabitliyə xidmət edir”.

Vaşinqton İraqın Küveytə qarşı iddialarına da yumşaq münasibət göstərdi. Ola bilər ki, balans baxımında İrana qarşı güclü olmasını istədiyi İraqın borc yükünün yumşalmasında və Küveytin daha üzüyola olmasında maraqlı idi. Amma Səddam Hüseyn bunu yanlış anladı və müdaxiləyə hazırlaşdı. İyulun 24-də Misir prezidenti Hüsnü Mübarəkin Bağdada səfəri, iyulun 26-da OPEC-in Küveyt və BƏƏ-nin hər birinin gündəlik hasilatı 2 milyon barreldən 1,5 milyona endirməyə razı olmaları barədə açıqlaması da Bağdadı dayandırmadı.

***

1990-cı il avqustun 2-nə keçən gecə saat 02:00-da İraq 88 minlik canlı qüvvə və 700-ə yaxın tankla Küveyt ərazisinə müdaxiləyə başladı. Küveytin cəmi 27200 nəfərlik canlı qüvvəsi və 300 civarında tankı vardı. Say çoxluğu kimi, döyüş təcrübəsi üstünlüyü də iraqlıların tərəfində idi. Hər halda 8 il İranla savaşmışdılar. Üstəlik, Bağdadın günlərdir sürən hədə-qorxusuna baxmayaraq, Küveyt ordusu hərbi hazırlıq vəziyyətinə gətirilməmişdi.

Hələ müdaxilə başlamazdan bir qədər əvvəl, saat 01:30-da Küveyt əmirinin sarayı ətrafına xüsusi təyinatlılardan ibarət desant çıxarıldı. Məqsəd əmiri əsir almaq idi. Amma mühafizə qvardiyası desanta ağır itkilər verərək hücumu dəf etdi və III Cabir Səudiyyə Ərəbistanına qaçmağa macal tapdı. Yalnız əlavə qüvvələrin gəlməsindən, eləcə də dənizdən desant şıxarılmasından sonra iraqlılar günün sonunda sarayı tutdular. Bu döyüşdə əmirin qardaşı həlak oldu.

Azsaylı istisnalara – məsələn, Cəhrə yaxınlığında Körpülər uğrunda döyüş – baxmayaraq, küveytlilər ciddi müqavimət göstərə bilmədilər və avqustun 3-də iraqlılar tərəfindən işğal olunmayan yeganə obyekt Əli əl-Salam aviabazası idi. Günün sonunda o da ələ keçirildi və hərbi əməliyyatlar bitdi. Ertəsi gün Əlaa Hüseyn Əlinin rəhbərliyi altında “Azad Küveyt müvəqqəti hökuməti” deyilən oyuncaq qurum yaradıldı və Küveyt respublikasının yaradıldığı elan edildi.

***

Küveytə müdaxilə beynəlxalq aləmdə kəskin reaksiya doğurdu. BMT TŞ avqustun 2-də 660 saylı qətnamə qəbul edərək təcavüzü pislədi, İraqı Küveyti tərk eməyə çağırdı. Dörd gün sonra qəbul edilən 661 saylı qətnamə İraqa qarşı embarqo qaydalarını müəyyənləşdirdi. Ümumən BMT TŞ problemlə bağlı təkcə avqustda 5, ilin sonuna qədər isə 12 qətnamə qəbul etdi.

Avqustun 2-də ABŞ, Böyük Britaniya və Fransa banklarındakı İraq hesablarını doldurdular və işğalçıya silah satışına embarqo tətbiq etdilər. Həmin dövrdə Qərblə bal ayı yaşayan SSRİ ertəsi gün, Çin isə daha bir gün sonra embarqoya qoşuldu. ƏDL-in avqustun 10-da Qahirədə keçirilən sammitində Liviya və Fələstin Azadlıq Təşkilatı əleyhinə olmaqla bütün ərəb dövlətləri Küveytin işğalını pislədilər. İraq isə bütün bunlara avqustun 28-də Küveyti rəqmən ilhaq etməklə və İraqın 19-cu vilayətinə çevirməklə cavab verdi.
Bundan əlavə, beynəlxalq çağırışlar müqabilində Səddam Hüseyn gah İsrailin Fələstin torpaqlarından, Suriyanın isə Livandan çıxmasını şərt kimi irəli sürür, gah Məkkə və Mədinə kimi müqəddəs məkanları olan Səudiyyə Ərəbistanına kafir amerikalıların buraxılmasını qeyd edərək cihada çağırırdı. Onun Səudiyyə Ərəbistanı ilə bağlı ritorikası Qərbi lap qorxutdu. Əgər İraq səudların neft mədənlərini də ələ keçirərdisə, dünyadakı neft ehtiyatlarının az qala yarısına nəzarət edəcəkdi.

BMT TŞ-nın noyabrın 29-da qəbul etdiyi qətnamə İraqa Küveyti tərk etmək üçün yanvarın 15-ə qədər vaxt verdi, əks halda hərbi gücdən istifadə olunacaqdı. Qətnamənin lehinə 12 dövlət səs verdi, Çin bitərəf qaldı, Kuba və Yəmən isə əleyhinə çıxdılar. ABŞ Yəmən nümayəndələrinə “bu, ən bahalı əleyhinə səs vermək idi” deyərək bu ölkəyə 70 milyon dollarlıq yardımı dayandırdı. Səudiyyə Ərəbistanı da ölkəsində çalışan yəmənliləri qovdu.

Göstərilən vaxta qədər İraq Küveytdən çıxmadı. Yanvarın 17-də “Səhrada fırtına” əməliyyatı başladı: əsasən ABŞ təyyarələrindən (eləcə də Böyük Britaniya, Fransa, Kanada, İtaliya və Səudiyyə Ərəbistanı) ibarət aviasiya İraqı bombalamağa başladı. Bundan əlavə, Fars körfəzindəki ABŞ donanması İraqı reketlərlə vurdu. Bağdadın İsrailə və Səudiyyə Ərəbistanına Skat raketləri atmaqla cavab verməsi ciddi nəticələr doğurmadı.

Bombardman fevralın 23-ə kimi davam etdi. Müttəfiqlər 100 mindən artıq uçuş həyata keçirdilər, 88 min tondan çox bomba atdılar. İraq aviasiyası, hava hücumundan müdafiə sistemləri, zirehli texnikası, artilleriyası, hərbi və mülki infrastrukturu ağır zərər gördü. Bağdad Küveytin neft quyularını yandırmağa, nefti Fars körfəzinə boşaltmaq kimi addımlara əl atdı. Bununla müttəfiqlərin dənizdən desant çıxarmalarına mane olacaqları düşünülürdü. Yanvarın 29-da İraq hücum edərək Səudiyyə Ərəbistanının Xafci şəhərini tutdu, amma məntəqə fevralın 1-də geri qaytarıldı.

Fevralın 24-də yerüstü əməliyyat başladı. İraqlılar hücumu Səudiyyə-Küveyt sərhədində gözlədikləri və əsas qüvvələrini burada yerləşdirdikləri halda, müttəfiqlər İraqın ərazisinə daxil olub bir qədər irəlilədilər, sonra isə qüvvələrin bir hissəsi şərqə, Küveytə sarı döndü. İraqlılar ciddi müqavimət göstərmirdilər və kütləvi şəkildə əsir düşürdülər. Cəmi 2 gün sonra Küveyt azad edildi. Fevralın 28-də isə Səddam Hüseyn BMT-nin bütün tələblərini qəbul etdiyini bildirəndən sonra hərbi əməliyyatlar dayandırıldı.

1991-ci ildə BMT-nin Təzminat komissiyası yaradıldı. Komissiya Küveytə vurduğu zərərə görə İraqın 52,4 milyard dollar təzminat ödəməli olduğunu qərara aldı. Beləcə, 14 milyard dolları ödəmək istəməyən Bağdad daha 52,4 milyard borca düşdü. Təzminatın son hissəsi 2022-ci ilin yanvarında ödənildi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button