Now Reading:
İşdən çıxarılan həkim İnstitutun direktorunu məhkəməyə verməyə hazırlaşır

”Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır”

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova haqsız yerə işdən çıxarıldığını deyir.

O, institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsindən sonra işinə son qoyulduğunu söyləyir:

“Keçirdiyi iclasda ona qarşı gəldim. Həmin iclasdan videogörüntülər də sosial şəbəkələrdə yayılmışdı. Ondan sonra haqsız yerə işdən çıxarıldım”.

İclasdakı videogörüntüdə Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya “Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək, ona etiraz edir. Video sosial şəbəkələrdə və bir çox saytlarda yayılaraq, böyük müzakirələrə səbəb olub.

Səbinə Məmmədova deyir ki, yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

“İnstitutun direktoru ona qarşı çıxan bütün həkimləri əsassız olaraq müəssisədən uzaqlaşdırır. Əlimdə faktlarım var, haqqımı tapdadılar. Həqiqət Qədirova bütün həkimləri çıxarıb, əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. Mən tibb elmləri namizədiyəm. 20 il şöbə müdiri vəzifəsində çalışmışam. Əvvəlcə şöbə müdirliyindən, sonra isə həkimlikdən uzaqlaşdırıldım. Onu məhkəməyə verəcəm. Təkcə mən yox, bütün həkimlər ayağa qalxıb. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır”.

S.Məmmədova işdən çıxrarılması ilə bağlı daha bir video yayıb. O, video vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Haqsız yerə işdən kənarlaşdırıldığını, Həqiqət Qədirova ilə bağlı tədbir görülməsini istəyib.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan bu barədə açıqlama verə bilməyəcəklərini söyləyiblər:

“Bu məsələ bizim səlahiyyətimizdə deyil. Həqiqət xanım da burada deyil ki, ondan soruşub deyək. Bizdə isə ətraflı məlumat yoxdur”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Səbinə Məmmədovanın dediklərinin həqiqətə uyğun olmadığını bildiriblər:

“Bu, tamamilə yalan və böhtandır. Yaxın günlərdə nazirlik baş verən hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.
meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.