Loading...
Loading...
Dünya

İşğalın ‘çətinliklə’ birləşdirdiyi ukraynalılar

Rəyi soruşulanların 96 faizi ölkənin Avropa İttifaqına (Aİ), 91 faizi NATO-ya qoşulmasına tərəfdar olduğunu deyib

Avqustun 24-də Ukrayna Müstəqillik Gününü qeyd edir. Rusiyanın bu ölkəyə tammiqyaslı hücumunun isə altı ayı tamam olur. Rəy sorğuları ukraynalılar arasında əsas məsələlər üzrə vəhdətin artdığını, Moskvaya hər hansı ərazi güzəştini istəmədiyini üzə çıxarır.

“Ukraynalılar heç vaxt olmayan kimi birləşiblər, bu, çətinliklə qazanılmış birlikdir”,Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) direktor müavini Anton Hruşetski AzadlıqRadiosuna deyib.

İnstitutun iyulda keçirdiyi rəy sorğusuna görə, ukraynalıların 85 faizi özünü hər şeydən öncə Ukrayna vətəndaşı sayır, nəinki öz vilayətlərinin sakini, yaxud etnik azlıq təmsilçisi. Bu, tarixən şaxələnmiş və parçalanmış sayılan Ukrayna cəmiyyəti üçün tarixi göstəricidir, yarım il öncə cəmi 64.4 faiz idi.

“Ukrayna adlı millətin olmaması, Ukraynanın iflas etmiş ölkə kimi təqdimatı Rusiya propaqandasında vacib elementlər idi. (Rusiya Prezidenti Vladimir) Putinin apardığı müharibə, onun bu müharibəni sinik əsaslandırmasından başqa heç nə belə birləşdirici effekt göstərməzdi”, – Hruşetski söyləyir.

Rəyi soruşulanların 96 faizi ölkənin Avropa İttifaqına (Aİ), 91 faizi NATO-ya qoşulmasına tərəfdar olduğunu deyib. 92 faiz Rusiyaya “pis” münasibət bəslədiyini, cəmi 2 faiz onu “yaxşı” hesab etdiyini dilə gətirib.

Hruşetski ictimai rəydəki bu dəyişikliklərin qalıcı olacağına inanır, çünki bu məsələlər üzrə birlik Ukrayna 1991-ci ildə Sovet İttifaqından müstəqillik elan edəndən tədricən inkişaf edib. Onun sözlərinə görə, ölkənin avropayönlü və transatlantik geosiyasi oriyentasiyasına dəstək 2004-05-ci illərin Narıncı İnqilabı, 2014-cü ilin Şərəf İnqilabının (Avromaydan hərəkatı) əsas cəhətləri idi.

İşğalın altı ayının tamam olduğu bir dönəmdə Ukrayna silahlı qüvvələriPrezident Volodimir Zelenskinin reytinqi rekord həddə çatıb. KBSİ və Milli Demokratiya İnstitutunun (MDİ, ingiliscə NDI) keçirdiyi rəy sorğusuna görə, ukraynalıların 97 faizi prezidentə, 85 faizi isə orduya inanır, yaxud tamamilə güvənir.

Hruşetski Ukrayna cəmiyyətinin bayraq ətrafında birləşmək effektini yaşadığını qeyd edir. Araşdırmalara görə, ukraynalıların çoxu güclü dövlətə üstünlük verir, hərbi vəziyyətin ləğvindən sonra demokratik seçkinin vaxtında keçirilməsini prioritet kimi görmür.

KBSİ-nin tədqiqatı ukraynalıların 84 faizinin Rusiyaya hər hansı ərazi güzəştinə qarşı olduğunu üzə çıxarıb. Bu göstərici may-iyul arası, iki sorğunun keçirildiyi vaxtda artıb.

Hətta cənub vilayətlərinin (Dnepropetrovsk, Zaporojye, Nikolayev, Odessa, Xerson) sakinləri arasında 77 faiz ərazi güzəştinə qarşıdır. Şərqdə isə (Xarkov, Donetsk və Luqanskın Kiyevin nəzarətində olan hissələri) 82 faiz hər hansı güzəşti qəbul etmir.

Gözdən qaçırmayın:  Duqinin qızının ölümü kimə lazım idi

Ukraynalıların 61 faizi Ukraynanın bütün ərazisi Kiyevin nəzarətinə keçənəcən Rusiya işğalına qarşı mübarizəni dəstəkləyir. Moskva 2014-cü ildə Krımı ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. 12.2 faiz Moskvanın Krımı işğalda saxlamasını qəbul etməyə razıdır, 8.6 faizsə Rusiyanın fevralın 24-dən sonra tutduğu ərazilərin qaytarılmasına tərəfdardır.

15 faizdən az respondent indiki təmas xətti boyunca dərhal atəşkəsin elan edilməsini, tərəflərin uzunmüddətli sülh danışıqları öhdəliyi götürməsini istərdi.

Hruşetski fərdin müharibə yaşantılarının dəyişiklik yaratdığını qeyd edir. Fərd və ailəsi özünü nə qədər çox təhlükədə hiss edirsə, dərhal atəşkəsi, ərazi güzəştlərini qəbul etməyə daha çox hazır olur.

Şəxsən özünü təhlükəsiz hiss edənlərin 75 faizə qədəri Ukraynanın ərazisi tamamilə geri alınanadək döyüşməyə çağırır. Özünü daha az təhlükəsiz hiss edənlər üzrə bu göstərici 46 faizdir.

İşğalın altıncı ayının bitməsi fonunda ukraynalıların 40 faizi ölkədə vəziyyətin “yaxşılaşdığına” inanır. 29 faiz inanır ki, “bəzi şeylər yaxşılar, bəziləri pisləşir”, 22 faizsə işlərin pisləşdiyini deyir.

24 saat” “
İşğalın ‘çətinliklə’ birləşdirdiyi ukraynalılar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button