2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İslam və cəmiyyət

Bütün dinlər kimi, İslam da ikifazalı ibadəti özündə birləşdirən əməllər üzərində qurulub. Bu iki fazanı əgər qrafik üsulla izah etməli olsaq, vertikal müstəvidə olan əməlləri əsasən şəxsin Allaha olan birbaşa ibadəti, horizontal müstəvidə isə insanların bir-biri ilə olan münasibəti kimi izah etmək olar. Əgər ideal bir dindarın gözü ilə baxsaq, vəd edilən cənnətə daxilolma ehtimalı yalnız o zaman yüksəkdir ki, insanın əməlləri hər iki fazanın kəsişdiyi nöqtədə yüksək olsun. Yəni həm Allaha olan ibadəti normal qaydada yerinə yetirsin, həm də insanlarla münasibəti yüksək etik dəyərləri əsasında qursun. Qeyd etmək lazımdır ki, hər iki faza arasında düz mütənasib əlaqə mövcuddur. Sənin Allaha olan ibadətinin aliliyi sənin insanlara qarşı münasibətinə müsbət təsir etməlidir. Sözsüz ki, hər iki fazaya aid yanaşmalar geniş müzakirə mövzusu ola bilər. Lakin bu yazıda məqsəd bu fazaları və ya dini fəlsəfəni izah etmək deyil, məqsəd dinə olan yanaşmanın bu fazalar çərçivəsində (Allaha birbaşa ibadət və insanlar arasındakı münasibətlər) cəmiyyətdə yaratdığı təsirləri izah etməkdir. Açıq şəkildə qeyd edirəm ki, əgər insanların daşıdığı hər hansı bir inanc cəmiyyətə təhlükə vəd etmirsə, hər kəsin inancına böyük hörmətlə yanaşıram və bu məqalədə də hansı dinin düzgün və ya səhv olmasını müzakirə etmirəm.

Qeyd etmək lazımdır ki, Azərbaycan kimi şərq mədəniyyətinə malik olan ölkələrdə dinin əsasən vertikal fazası, yəni Allaha birbaşa ibadət fazası inkişaf etsə də, qərb ölkələrində vertikal faza unudularaq, bütün diqqət horizontal, yəni insanlar arasındakı münasibətlərin aliliyinə yönəlmişdir. Lakin insanlarla münasibətdəki alilik müəyyən ölçü vahidləri ilə ölçülə bilsə də (insanlara yardımsevərlik, gülərüzlülük, ədalətlilik), Allaha olan birbaşa ibadət heç bir ölçü vahidi ilə ölçülə bilmir və o, yalnız insan və Allah arasında qalır. Bundan doğan problem ondan ibarətdir ki, cəmiyyət özü bu münasibətlərin müfəttişi rolunu oynamağa başlayır və insanla Allah arasındakı ibadətin səmimiliyini horizontal fazada, yəni insanlarla münasibətdə axtarır. Horizontal fazanın inkişafı isə müəyyən qədər çətinliklər yaradır və bu da şərq mədəniyyətinə xas olan insanlarda bu fazanın inkişafına olan marağı öldürür.

Bundan əlavə, bir çox insan vertikal fazanın inkişafını, yəni Allaha olan ibadətinin vaxtlı-vaxtında yerinə yetirməsini, həcc ziyarətinə getməsini, oruc tutmasını horizontal fazada, yəni insanlarla münasibətdə daha sərbəst davrana bilmə imkanı kimi qəbul edir. Məhz bu səbəbdən yuxarıda qeyd edilən dini ayinləri yerinə yetirən insanların bir çoxu cəmiyyətdə qeyri-etik sayılan davranışlara sahib olurlar. Bir çoxu şüuraltı düşünür ki, əgər mən ibadətimi vaxtlı-vaxtında yerinə yetirərək vertikal kanalı təmiz saxlayıramsa, horizontal müstəvidə sərbəstəm və günah etsəm də, Allah məni bağışlayar.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, cəmiyyətin müfəttiş rolunu oynaması müsəlman aləmində saxta və qeyri səmimi bir kütlənin formalaşmasına səbəb olur. Qeyd etmək lazımdır ki, etik dəyərlər yalnız onları sərbəst formada könüllü olaraq həyata keçirməklə formalaşır və şəxsiyyətin şəxsi kimliyinin bir sütununa çevrilir. Cəmiyyətin individuallar üzərinə qoyduğu basqı bizdə bu dəyərlərin yalnız cəmiyyətdə müəyyən xal qazanmaq, ətraf insanlar tərəfindən hörmətlə qarşılanmaq naminə həyata keçirməyimizə səbəb olur. Məhz bu səbəbdəndir ki, demokratik cəmiyyətə ayaq basan əksər müsəlmanlar sərbəstliyin məsuliyyətini dərk etmədən ilkin olaraq əxlaqsız məkanlara, kofeşoplara (uyuşdurucu maddalərin satıldığı yer) və ya cinayət aləminə meyl edirlər. Avropada cinayət törədən şəxslərin statistik göstəricilərinə baxsaq, ilk yerdə duran insanlar məhz müsəlman dövlətlərindən gələn insanlardır. Bir çox insanın yalnız Ramazan ayında mələyə dönməsi, yalnız Məhərrəmlik ayında müqəddəs saydıqları insanları yad etməsi, qurban bayramında kasıba heç vaxt qismət olmayan mal-qaranın kəsilməsi də məhz bu saxtakarlıqla və birinci fazanı daha da aktivləşdirmək istəyi ilə izah edilə bilər.

Şərq cəmiyyətindən fərqli olaraq qərb cəmiyyəti yalnız horizontal müstəvini inkişaf etdirərək, bir-birlərinə qarşı daha səmimi ünsiyyətdə olurlar. Məhz bu səbəbdəndir ki, musəlman qaçqınları çox varlı müsəlman-ərəb ölkələrinə deyil, bir çox təhlükəli yollardan keçərək məhz bu dəyərlərin qorunduğu qərb ölkələrinə üz tuturlar. Belə cəmiyyətlər əsasən insanların bir-birinə və eyni zamanda dövlətin vətəndaşlara olan inamı üzərində qurulur. Bunu istənilən sahədə və o cümlədən universitetlərdə imtahan zamanı aydın şəkildə hiss etmək mümkündür. Belə ki, universitet tərəfindən imtahan prosesini kimsə ciddi şəkildə nəzarətdə saxlamır. Bu, bütün tələbələrə imtahan nəticələrini köçürmək imkanı versə də, kimsə bundan sui-istifadə etmir.

İslam dininə yanaşmamız bizi yalnız kütləvi şəkildə saxtalaşdırmır, eyni zamanda siyasi mübarizədən uzaqlaşdırır. Azərbaycanın böyük əksəriyyətinin şiə təriqətinə məxsus olduğunu nəzərə alaraq, bu təriqətdə 12-ci imamın zühuru hamılıqla qəbul olunan bir anlayışdır. Bir daha qeyd edirəm ki, məqsədim bu yanaşmanın həqiqi və ya saxta olmasını iddia etmək deyil. Bunu iddia etmək üçün kifayət qədər dini savada malik deyiləm. Lakin bunun cəmiyyətdə yaratdığı effekti izah etməyə çalışıram.

Daha da dərinə getsək, bu inanca görə dünyada yalnız 12-ci imamın zühurundan sonra ədalət bərpa olunacaq və yalnız o zaman haqq öz yerini tapacaq. Bu yanaşmanın insanların beynində yaratdığı effekt ondan ibarətdir ki, biz nə qədər də mübarizə aparsaq, onsuz da ədaləti təmin edə bilmərik. Çünki ədalət yalnız 12-ci imamın zühuru ilə təmin edilə bilər. Belə olan halda hər kəs cəmiyyətdə baş verən haqsızlığa qarşı mübarizədə tam məsuliyyətdən azad edilir. Çünki o şəxs düşünür ki, bu, mənim yox, məhz 12-ci imamın işidir. O gələr və hər şey düzələr. Onun nə zaman gələcəyini və ya gəlib gəlməyəcəyini bilmirəm, bildiyim odur ki, həyatının necə yaşamağının məsuliyyəti, övladının ac və savadsız bir qul kimi böyüməsinin həm günahkarı və həm də məsuliyyəti səndədir. Bunu qorxudan 12-ci imamın üzərinə atırsansa, bunun da cavabını özün verəcəksən.

İslama yanaşmadan doğan daha bir problem “hər gününə şükür etmək” anlayışıdır. Bu insanları mübarizədə oyunçu yox, qurban rolunu seçməyə vadar edir. Bütün insanların mübarizə hissini kökündən dağıdan bu yanaşma özü ilə daha başqa bir yanaşmanı gətirir: “Əgər nəyinsə düzəlməsini istəyirsənsə, yalnız dua elə”. Qəti şəkildə deyirəm ki, dua eləmə. Əmin ol ki, Allah sənin kimi qorxaq bir insanın duasını çətin qəbul etsin. Əli İbn Əbutalibdən gətirilən “zalimin zülmü məzlumun dözümü qədərdir” sitatı mübarizənin vacibliyini açıq şəkildə bəyan edir. Qeyd edilən hər iki yanaşmalar cəmiyyətdə saxta və qorxaq bir toplumun yaranmasına səbəb olur.

Bunun da əsas səbəblərindən biri bu inancları formalaşdıran şəxslərlə bağlıdır. Belə ki, Azərbaycanda İslamın təbliği yalnız molla kimi tanınan şəxslərlə həyata keçirilir. Bu şəxslərin böyük əksəriyyətinin İslama yanaşması məhz gündəlik dolanışığını təmin etmək kimi bir məqsədlə məhdudlaşır. Heç bir dünyəvi və dini savada malik olmayan bu insanlar cəmiyyətdə yuxarıda qeyd edilən yanaşmaların geniş vüsət almasına səbəb olurlar. Bu kimi insanların məhdud dünyagörüşü Türkiyədə əsgər başının kəsilməsinə, bir qızın avtobusda dindarlar tərəfindən döyülməsinə və ən əsası İŞİD kimi radikal qüvvələrin meydana gəlməsinə səbəb olub.

Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkədə dini savadsızlığın aradan qaldırılması üçün orta məktəb proqramına dini dərslərin salınması, dinin təbliği ilə məşğul olan dindarların dünyavi savada malik olmaları çox vacib məsələlərdir və qurulacaq demokratik hökumət tərəfindən ciddi nəzarətə götürülməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button