İsrailli ekstremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?
BBC-nin yeni araşdırmaları göstərir ki, son illərdə bu cür məskunlaşmaların sayı sürətlə artıb. Qərb Sahili boyunca hazırda ən azı 196 məskunlaşma məntəqəsi var və onlardan 29-u ötən il yaradılıb. Bu isə əvvəlki illə müqayisədə çoxdur.
Bu məntəqələr – ferma, daxma və ya bir qrup səyyar evdən (karavandan) ibarət ola bilər. Əksər hallarda bu cür yaşayış məntəqələrinin bitdiyini göstərən hasar və ya çəpərlər olmur və həm İsrail, həm də beynəlxalq qaydalara görə, bunlar qanunsuz sayılır.
Ekspertlər deyir ki, qəsəbələrin qurulmasından fərqli olaraq, bu cür yaşayış məntəqələrini salmaq daha tez başa gəlir və qısa müddətdə geniş ərazini əhatə edə bilir. Onların sözlərinə görə, bu cür məntəqələrin artması Fələstin ictimaiyyətinə qarşı zorakılıq və hədə-qorxuların da artmasına gətirib çıxarır.
Belə məntəqələrin sayı barədə rəsmi rəqəmlər yoxdur. Lakin BBC Eye xidməti İsraildə bu cür məskunlaşmalara qarşı olan Peace Now və Kerem Navot kimi təşkilatların, eləcə də Qərb Sahilinin bir hissəsinə nəzarət edən Fələstin hökumətinin məlumatları əsasında onların sayı və xəritədəki yerlərini nəzərdən keçirib.
Məskunlaşma yerlərini və onların salınma tarixini müəyyənləşdirmək üçün yüzlərlə peyk şəkillərini araşdırdıq. Bununla belə, BBC sosial media paylaşımlarını, İsrail hökumətinin məlumatlarını və bununla bağlı xəbər mənbələrini gözdən keçirdikdən sonra, hazırda hansı məntəqələrin hələ də istifadə olunduğuna dair məlumatları üzə çıxardı.
Bizim araşdırmamız onu göstərir ki, 196 məskunlaşma məntəqəsinin demək olar ki yarısı (89) 2019-cu ildən sonra salınıb.
Onların bəziləri Qərb Sahilində Fələstin cəmiyyətinə qarşı zorakılığın artması ilə əlaqəlidir.
Bu ilin əvvəlində Britaniya hökuməti fələstinlilərə qarşı zorakılıq törədən və ya bunu qızışdıran 8 ekstremist mühacirə sanksiya tətbiq edib. Onlardan ən azı 6-sı qanunsuz məskunlaşma məntəqəsi quran və ya hazırda orada (Qərb Sahilində) yaşayanlardır.
Bu məqalədə tapdıqlarımıza cavab olaraq, Britaniyanın Xarici İşlər İdarəsinin sözçüsü bildirib ki, “Britaniya hökuməti Fələstin cəmiyyətinə qarşı mühacir zorakılığının misli görünməmiş şəkildə artmasını kəskin şəkildə pisləyir”.
“Biz İsrail hökumətini cəzasızlıq mədəniyyətinə son qoymağa və günahkarları cəzalandırmağa çağırırıq”, – qurumun bəyanatında qeyd olunub.
İsrail ordusunun Qərb Sahilində xidmət etmiş keçmiş komandiri Avi Mizrahi deyir ki, həmin məntəqələrdə məskunlaşanların çoxu qanuna tabe olan İsrail vətəndaşlarıdır, lakin o etiraf edir ki, bu cür məskunlaşmaların mövcudluğu zorakılıqlara gətirib çıxarır.
“Nə zaman ki, sən o ərazidə qanunsuz məntəqələr yaradırsan, həmin ərazidə yaşayan fələstinlilərlə gərginliyin yaranmasına səbəb olursan”, – o deyib.
Britaniya hökumətinin sanksiyası ilə üzləşən ekstremist mühacirlərdən biri Moşe Şarvitdir. Bu, Aişəni silahla təhdid edən həmin şəxsdir.
O və onun Aişənin evindən 800 metr aralıda qurduğu məntəqə bu ilin martında ABŞ hökuməti tərəfindən də sanksiyaya məruz qalıb. Onun tikdiyi məskunlaşma məntəqəsi “fələstinlilərə qarşı zorakılıq törədən baza” kimi təsvir olunub.
“O bizim həyatımızı cəhənnəmə çevirib”, – hazırda öz oğlu ilə birlikdə Nablus yaxınlığndakı bir qəsəbədə yaşayan Aişə deyir.