2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İstiqlal bəyannaməsini kim yazıb?

Qulu Məhərrəmli

1919-cu ilin soyuq payızında Kaliforniya ştatının sakinləri ölkənin 28-ci prezidenti, I Dünya müharibəsinə son qoymaq səylərinə görə yenicə Nobel sülh mükafatı almış Vudro Vilsonla görüşə toplaşmışdılar. Ölkəsini iki il əvvəl Avropadakı savaşa qatmış Vilson konqresə göndərdiyi «bütün müharibələrə son qoymaq üçün müharibəyə başlamağa» dair məşhur çağırışından və həmin çağırışın verdiyi nəticələrdən danışırdı. O, müharibədən sonra dünyada yeni demokratik dövlətlərin yarandığını ayrıca qeyd etdi və söhbətin bu yerində salona yığışmış adamlardan soruşdu:

– Yeri gəlmişkən, siz Azərbaycan adlı ölkə tanıyırsınızmı? 

Prezident nitqinə azacıq ara verib, sınayıcı nəzərlərlə zala göz gəzdirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hamı təəccüblə bir-birinə baxdı, üzlərdə qəribə ifadə peyda oldu, ön cərgədə əyləşənlərin isə bir neçəsi çiynini çəkdi. Çaşqınlığı görən Vilson ağır-ağır dilləndi:

– Biləsiniz ki, Amerikadan min kilometrlərlə uzaqda belə bir məmləkət var və onlar da bizimlə eyni dəyərləri bölüşürlər…

Həmin dövrlərdə qatı antitürk əhvalda olan və ermənilərə rəğbətini gizlətməyən ABŞ prezidenti Vilsonun birdən-birə Azərbaycanı xatırlaması təsadüfi deyildi. O, Paris sülh konfransında bu ölkənin təmsilçisi Əlimərdan bəy Topçubaşovla görüşünü, onun ağayana davranışını, müsəlman Şərqində qurulmuş ilk parlamentli cümhuriyyətdə gedən demokratik proseslər barədə danışdıqlarını unutmamışdı. Görüşdən sonra Bakıya göndərdiyi xüsusi nümayəndəsi Ceyms Xaberin də orada gerçək demokratiya qurulması barədə hesabatını, bu hesabata əlavə edilmiş “İstiqlal Bəyannaməsi”ni oxumuşdu. ABŞ-la Azərbaycanın eyni dəyərləri bölüşdüyünə Vilson tam əmin olmuşdu…


* * *

Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətin demokratik dəyərləri, müəyyən etdiyi daxili və xarici siyasət, bütün şəkli-idarəsi mükəmməl bir sənəd kimi İstiqlal Bəyannaməsindən qaynaqlanırdı. Bəs altı bənddən ibarət olub Azərbaycanın istiqlalını bəyan edən həmin “əqdnamə”nin müəllifi kimdir?

Bu yanaşma tamamilə doğrudur ki, istiqlal bir məfkurə kimi xalqın uzun əsrlik arzularından qaynaqlanırdı, dövlət müstəqilliyi xalqın və bunun üçün mübarizə aparan qurucu babalarımızın kollektiv iradəsinin məhsulu idi. Amma bunlarla yanaşı, kiminsə əlinə qələm alaraq həmin iradəni siyasi və hüquqi sənədə çevirməsi şübhəsizdir.

Təbii ki, bu mövzuda danışanda ağıla gələn ilk siyasi fiqur Məhəmməd Əmin Rəsulzadədir. Çünki 1917-ci ilin fevralında Rusiya burjua inqilabından sonra Azərbaycanda gedən siyasi proseslərin önündə faktik olaraq məhz o gedir. 

Həmin dövrdə Qafqazın ən güclü partiyası “Müsavat”a rəhbərlik edən, şəxsiyyəti, intellekti və siyasi fəhmi ilə diqqət mərkəzində dayanan M.Ə.Rəsulzadə bütün səyləri ilə Azərbaycanı addım-addım müstəqilliyə doğru aparırdı. Oktyabr çevrilişindən, Bakıda 1918-ci ilin mart qırğınlarından və həmin il mayında Zaqafqaziya Seyminin iflasa uğrayacağı fikri qətiləşəndən sonra Azərbaycanın müstəqilliyini bəyan etmək həyati zərurətə çevrilirdi. Gürcüstanın müstəqillik barədə Almaniya ilə gizli danışıqlar aparması bu prosesi sürətləndirirdi.

1918-ci il mayın 11-dən Zaqafqaziya Seymi nümayəndə heyətinin tərkibində Osmanlı Türkiyəsı ilə sülh danışıqlarında iştirak edən M.Ə.Rəsulzadənin yazdığı kimi, «Batum müzakiratı uzun sürmüş, gürcülər artıq Zaqafqasiya hökumətində qalmağı kəndi hesablarına zərərli görərək əl altından Almaniya ilə anlaşmışlardı». Deməli, M.Ə.Rəsulzadə gürcülərin birtərəfli istiqlal elan etmək planlarından xəbərdar idi, bu barədə türklərdən və başqa mənbələrdən məlumat ala bilirdi. Akaki Çxenkelinin rəhbərlik  etdiyi gürcü nümayəndə heyətinin mayın 25-də aşkaranə şəkildə Batumu tərk edib Tiflisə dönməsi məsələləri xeyli duruldurdu. Çox güman ki, M.Ə.Rəsulzadə məhz həmin vaxt qəti qərar qəbul edərək, Seymin Müsəlman fraksiyasının bundan sonrakı davranışının planını cızıb, o cümlədən İstiqlal Bəyannaməsinin mətnini (təbii ki, əvvəldən beynində hazır olan müddəalar əsasında) tərtib edib. Fraksiyanın rəhbəri kimi tarixi addımlar üçün məsuliyyət daşıyan Rəsulzadə bəyannaməni və yaradılması nəzərdə tutulan Milli Şurada oxunacaq məktub-müraciətini məsləkdaşı və dostu Nəsib bəy Yusifbəyli ilə mayın 25-də gecə ikən təcili Tiflisə göndərib. Özü isə Osmanlı Türkiyəsi ilə ikitərəfli danışıqlar aparmaq, o cümlədən silahlı yardım almağa nail olmaq üçün Batumda qalıb.

Mayın 26-da Tiflisdə Seymin müsəlman fraksiyasının toplantısında N.Yusifbəyli həmin məktubu oxuyub. Burada “İstiqlal Bəyannaməsi”nin mətninin hansısa əlavə və düzəlişlərə məruz qoyulması mümkündür, amma bütövlükdə sənədin siyasi və hüquqi baxımdan mükəmməl olması heç kimdə şübhə doğurmur. (Arxiv sənədlərində Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi məktubu Cümhuriyyətə aid sənədlər toplusunun içərisindən müəmmalı şəkildə yoxa çıxıb, amma əvvəllər orda olub).

Beləliklə, 1918-ci il mayın 26-da gürcülər Seymdən çıxıb öz müstəqilliklərini elan etdikləri gün müsəlman fraksiyası da Seymin buraxılması ilə əlaqədar Azərbaycan Şurayi-Millisini yaratmış və iki gün sonra, mayın 28-də Azərbaycanın istiqlalını elan etmişdir.

Bütün bu dinamik hadisələr barədə 1919-cu ildə Cümhuriyyətin birillik yubileyi münasibətilə M.Ə.Rəsulzadənin hazırladığı “İstiqlal” toplusundakı “Azərbaycan Cümhuriyyəti” məqaləsində məlumat verilib. Lakin böyük mütəfəkkir həmin məqalədə İstiqlal Bəyannaməsinin necə yazılması barədə bir şey söyləməyib, çünki o, istiqlaliyyət mövzusundan bəhs edən yazılarında həmişə müstəqilliyin bir fərdə deyil, bütün millətə mənsub olduğunu vurğulayırdı.  Amma 1929-cu il mayın 28-də Cümhuriyyətin 11-ci ildönümü münasibətilə onun Ankarada “Odlu Yurd” məcmuəsində dərc edilmiş “Bu günün ilhamı” sərlövhəli məqaləsi həqiqətin üstünü açır.  M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı: “İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi… Böyük Fransız ixtilalı, Böyük Amerika istiqlal hərbi, Böyük Almaniya istixlası, Böyük İtalyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir”. (“Odlu Yurd”, 28 may 1929, nömrə 4, səh.118–121). Yəni, bəyannamə yazılarkən istinad olunan bu önəmli qaynaqları göstərməklə Rəsulzadə heç bir şübhə yeri qoymur ki, İstiqlal Bəyannaməsinin müəllifi elə Cümhuriyyət ideoloqunun özüdür.

1918-ci il mayın 28-də Tiflisdə elan edilmiş İstiqlal Bəyannaməsinin müəllifinin Milli Şura sədri M.Ə.Rəsulzadə olduğunu həmin dövrün ən görkəmli tədqiqatçılarından olan Şirməmməd Hüseynov da təsdiq edirdi.

* * *

Tarixin yaddaşında həmişə qlobal ideyaların daşıyıcıları qalır. Müstəqil Azərbaycan Cümhuriyyəti isə təkcə ideya deyildi, həm də gerçəyə çevrilmiş fövqəladə tarixi hadisə idi. Bu Cümhuriyyətin yaradılması kimi mürəkkəb siyasi prosesə Məhəmməd Əmin Rəsulzadə başçılıq etmiş, bolşevik işğalından sonra da mühacirətdə istiqlal ideyasını uzun illər yaşatmışdı. Rəsulzadə “Şərqin çağdaşlıq möcüzəsi” olan Cümhuriyyətlə yanaşı, yeni təfəkkür, yeni düşüncə tərzi, yeni əxlaq və yeni dəyərlər sistemimizin yaradılmasında əvəzsiz rol oynamışdı. 

1919-cu ilin yağışlı payız günlərində Kaliforniyada Azərbaycanı Vudro Vilsona xatırladan da, Cümhuriyyətin 104 yaşlı tarixini bu gün də bizim üçün cazibədar edən də, cavanlı-qocalı milyonlarla insanı Cümhuriyyət adı ilə qürurlandıran da həmin dəyərlərdir.

24 saat” “İstiqlal bəyannaməsini kim yazıb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button