Xəbərlər

İstisudan video paylaşan erməni blogerə Bakı məhkəməsində hökm oxundu

Cəza bitdikdən sonra onlar Azərbaycandan deportasiya ediləcəklər

Azərbaycanda həbsdə olan erməni bloger Gevorq Sujyan və David Davtyanın Bakıda keçirilən məhkəməsi yekunlaşlb. İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə onlara hökm oxunub və hər biri 15 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl şahid Vidadi Orucəliyev dindirilib. O bildirib ki, N saylı hərbi hissədə xidmət edib. Noyabrın 11-də Şuşa istiqamətində müşahidə aparanda onları saxlayıblar: “Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Biz bildik ki, onlar ermənidilər. Soruşduq ki, burada nə iş görürsüz? Cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik”.

Şahid əlavə edib ki, Sujyan və Davtyan saxlanılanda onların üstündə humanitar yardım aşkar olunmayıb: “Onların saxlandığı yerdən Xankəndiyə yol yox idi”.

Sənədlərin tədqiqi mərhələsində müəyyən materiallar elan edilib. Ardınca təqsirləndirilən şəxslərin hər ikisi qısa çıxış çıxış edərək, üzr istəyiblər.

“Hamınızdan üzr istəyirik. Xahiş edirəm, ardınca məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Bundan sonra çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər ikisinin Cinayət Məcəlləsinin 228 (qanunsuz silah-sursat saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində iştirak) və 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli bilinib, hər birinin 16 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər son sözlərində də bağışlanmalarını istəyiblər. Həmçinin saxlandıqları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və məhkəmə əməkdaşlarına da təşəkkür edib.

“Mən anamı görmək istəyirəm…”, – deyən Davtyan göz yaşlarını saxlaya bilməyib.

Qısa müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Gevorq Sujyan və David Davtyan onlara verilən ittihamlar üzrə təqsirli hesab olunub. Onlar ilk beş ilini həbsxana rejimində, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 15 il azadlıqdan məhrum edilib. Cəzalarını çəkib bitirəndən sonra Azərbaycandan çıxarılmaları məsələsi də hökmdə əksini tapıb.

Gevorq Sujyan Rusiya, David Davtyan isə Ermənistan vətəndaşıdır. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. 2020-ci ilin sentyabrında onlar Ermənistan xüsusi xidmət orqanlarına ötürmək məqsədilə Azərbaycanla bağlı hərbi məlumatları toplamaq üçün Qarabağ bölgəsinə gəliblər. Orada silah-sursat əldə ediblər. Azərbaycan ordusuyla bağlı müəyyən məlumatları əldə edib ötürüblər. 2020-ci il noyabr 11-də növbəti dəfə Laçın dəhlizi ilə Şuşaya gələrkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslər isə bu ittihamları rədd edib. Onlar bildirib ki, müharibə dövründə hərbçilərə və mülki əhaliyə humanitar yardımların paylanmasıyla məşğul olublar.

Bloger Gevorq Sujyan bildirib ki, 2020-ci ildə müharibə başlayandan sonra o, yardımların toplanıb, hərbçilərə, cəbhə bölgəsində yaşayan mülki şəxslərə çatdırılmasına yardım edirdi. Bütün bu işləri də “Facebook” səhifəsindən paylaşırdı. Onun sözlərinə görə, saxlanılan vaxt da David Davtyanla birlikdə Xankəndiyə humanitar yardım aparırdılar: “Bizi Şuşaya gedəndə yox, Laçın dəhlizində saxlayıblar. Bundan əvvəl də yardımlar eləmişdim, bu barədə jurnalistlərə açıqlamalarım vardı. “Facebook” səhifəmdən paylaşımlarım olmuşdu. Noyabrın 10-da imzalanan aktdan sonra da Xankəndiyə yardım aparmaq qərarına gəldik. Oradan bizə yardım üçün müraciət çox idi. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Onlar bizim maşınımızı yoxladılar. Hətta biz onlardan soruşduq ki, keçə bilərik? İcazə verdilər. Ona görə yolumuza davam elədik. Bir qədər gedəndən sonra Azərbaycan bayrağı göründü, onda dayandıq. Elə bu zaman bizi tutdular”.

Gevorq Sujyan noyabrın əvvəlində Kəlbəcərdən – İstisudakı su hövzəsindən dostu ilə birlikdə video çəkib paylaşmış, orada azərbaycanlıların ünvanına fikirlər səsləndirmişdi.

“Biz indi İstisuda üzürük. Tezliklə Bakıya gəlib, Xəzərdə də üzəcəyik…”, – onun sözügedən videoda səsləndirdiyi fikirlərdən biridir.

Bu videonu sonradan “Facebook”da onun səhifəsindən minlərlə başqa istifadəçi də paylaşmışdı.


24 saat” “İstisudan video paylaşan erməni blogerə Bakı məhkəməsində hökm oxundu” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button