2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İtimiz erməniləri evə buraxmamışdı… ən möhtəşəm filmim o olacaq…”

İlqar Nəcəfi “Buta”, “Nar bağı” filmlərindən tanıyırdım. Belə də ifadə etməliydim, çünki rejissoru filmindən tanıyarlar. İstənilən sənət əsərinin yaradıcısının portreti yaratdığı sənətlə gözlərin qarşısında canlanır. Xüsusən də estetik sənət olan kinoda rejissorun portreti olur, filmin sonuna qədər gözlərin qarşısında formalaşır. Əgər o rejissor şəxsiyyətdirsə, çəkdiyi film də sənət əsəri olacaq, zövq oxşayacaq, tamaşaçı qəlbinə yol tapacaq. Deyilsə, çəkdiyi film sənət olmayacaq, qəlblər də yol tapmayacaq, hansı bir qüvvəsə itələyəcək insanı. İlqar Nəcəfin son “Suğra və oğlanları” filmindən çox təsirləndim, mövzu, hadisələr, filmin estetikası, rejissor yanaşması,  aktyor oyunu, filmi yaradan hər nəsnə yerli-yerində idi. Mənə elə gəldi ki… Yaxşısı budur, bütün mənə elə gələnləri və gəlməyənləri rejissorun özü ilə bölüşüm-dedim. Sağ olsun, həm də maraqlı həmsöhbətdir. 

  • Hərdən mənə elə gəlir ki, siz buralarda deyilsiniz, haradasa uzaqlarda olursunuz , arada gəlib, film çəkib, yenə gedirsiniz?

 

Saytların yığılması Saytlarin yigilmasi
  • Elə də demək olar, çox vaxt xarici ölkələrdə oluram, işlərimlə bağlı.  

  • O zaman kinodan da başqa işləriniz var.

 

  • Elədir, şəxsi işim də var, amma əsas işim kinodur, onun təhsilini almışam. İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirmişəm. Müəllimim rəhmətlik Gülbəniz Əzimzadə olub, sonra Tofiq İsmayılovdan, Yalçın Əfəndiyevdən də dərs almışam. Bir il də Tiflisdə polşalı rejissor Kşiştof Zanussi masterim olub. Asif Rüstəmov, Elçin Musaoğlu, Mirsadiq Ağazadə, Nəsimi Əliyev, Mirbala Səlimli ilə bir yerdə oxumuşuq orda.

  • Başqa işiniz də var, demək kino qazanc yeriniz deyil… Zatən kino qazanc gətirmir, amma Azərbaycanda kinonun bu vəziyyətində yenə kino çəkməkdən əl çəkmirsiniz. Hansı zərurətdən irəli gəlir bu?

 

  • Sırf mənəvi məsələdir. “Suğra  və oğulları”  üçüncü bədii filmimdir. Peşəkar kinoda dördüncü işimdir, çünki üç bədii filmdən əvvəl  qısametrajlı film çəkmişəm.

  • “Buta”?

 

  • “Buta”  ilk bədii filmimdir. Onun da yarı vəsaitini özüm qoymuşam. “Nar bağı”nın da yenə 30 faizi öz vəsaitimdir. “Suğra və oğulları”nda ümumiyyətlə, dövlət vəsaiti yoxdur, öz filmimdir. “Baku Media” sağ olsun, texniki dəstək verdi. Filmin operatoru qonorar götürmədi, o da böyük dəstəkdir. Asif Rüstəmov, Roelof Jan Minneboo və mən üçümüz ssenarini işlədik, Asif də qonorarsız işlədi.

  • Yazıq Asif…

 

  • Ən yazığı mən idim, çünki bütün vəsaiti mən qoydum və heç nə götürmədim. 

  • Bu, sizin mənəvi məsələnizdir.
  • Bir məsələ var ki, heç kim deməyəcək nə qədər xərclədin? Hara getdi? Adam var ki, deyir kino çəkirsən, gəlir gətirmir, o pula yeni biznes qur. Axı o adam sənin mənəvi kriteriyalarını yaşamır, bilmir sən nə düşünürsən. Ruhun, bilgin, yanaşman necədir. Ona görə heç kimin heç kimi mühakimə etmə haqqı yoxdur. 

  • “Filmə ayrılan vəsaiti yedi” deyən də olmaz.

 

  • O heç də, o populyar söhbətdir Azərbaycanda. Mən o sözlərdən çox uzağam, çünki dövlət vəsaitinə çəkməmişəm. Düşünürəm ki, dördüncü filmdə hökmən dövlət dəstəyi istəyəcəm. Tək-tük rejissorlardanam ki, vəsait tapa bilirəm. Rejissorlar hardan tapsınlar vəsaiti? Gedib dilənməklə film çəkmək olmur. Film pul istəyir. 

  • Həm də pul istəyir, istedaddan başqa.

 

  • Tamamilə doğru. 

  • Gürcüstanda da təhsil almısınız, hətta polşalı rejissordan, amma filmləriniz nə gürcü filmi deyil, nə polşa. Azərbaycan filmdir. Həmkarlarınız var, harada təhsil alıblarsa o ölkənin kino məktəbinin davamçısı olur.  Baxdığım o üç filminizin – “Buta”, “Nar bağı”, “Suğra və oğlanları” – hər birində özümüzü görmüşəm. Mənim kimi düşündüyünüzü hiss etmişəm, nəyə yandığınız, nəyə sevindiyiniz tanış gəlib və ən əsası, bizim həyatımızı, bizim filmi görmüşəm. Ona görə daha çox film çəkməyinizi istəyirəm. Əslində siz daha çox kənarda olursunuz. Bəlkə, kənardan daha yaxşı görünür bizim həyat ki, onu ekrana köçürə bilirsiniz?

 

  • Kənarda doğulub, böyüyüb yetişmək başqa, burda doğulub, böyüyüb, formalaşandan sonra gedib xaricdə gəzirsən, yaşayırsan, o başqa. Bir ay orda, bir ay burda oluram. Mənim varlığım artıq Azərbaycan mənəviyyatı ilə yoğrulub, ondan çıxa bilmirəm. Ermənistanda doğulmuşam, azərbaycanlı ailəsində, Azərbaycan mühitində. Mənim doğulduğum Vedibasar mahalı çox soyuqdur. Qış aylarında  anam kömür sobasının yanında bizə “Dumanlı Təbriz”i oxuyurdu. Kino qədər də ədəbiyyata sevgim var, anadan gəlir. “Dumanlı Təbriz”i oxumamışam, bütün romanı anamın dilindən dinləmişəm. Adamı bu formalaşdırır, bünövrən qoyulandan sonra get harada yaşayırsan, yaşa, azərbaycanlısan. O baxımdan, mənim filmlərim elə belə də olmalıdır. “Nar bağı”nı misal çəkdiniz. O elə bir hekayədir ki, onu Meksikaya, İspaniyaya da daşıya bilərsiniz. Onların həyatına lokallaşdırmaq olar, amma bir çox şeyləri dəyişəcəksən, çünki azərbaycanlı ilə meksikalının yaşamı fərqlidir. Hekayə Azərbaycan hekayəsi olduğundan lokallaşdırmağa ehtiyac yox idi. Onu düşünərək eləmirsən, özü elə gəlir.

  • Ən xırda detallara qədər özünüz yaşamış kimi təsvir etmisiniz.

 

  • Gördüklərimizdir. Görünür, filmlərimdəki ağrı-acı qaçqınlıqdan da irəli gəlir. 

  • Neçə yaşınız vardı?

 

  • 13 yaşım vardı. Bu, mənim üçün ayrı mövzudur, paylaşmağı da sevmirəm, həssas yerimdir.

  • Hələ onu ekrana gətirmək var.

 

  • O mütləq olacaq, sağlıq olsun. Beynimdə hələ formalaşır, yəqin ən möhtəşəm filmim olacaq.

  • Yaşadıqlarımız olduğu üçün.  

 

  • Biz evimizi tərk edəndə stansiyadan qatara minib, Bakıya gəlməli idik. İtimiz vardı, Şarik, bizi buraxmırdı. Anam ağladı, qonşuya dedi ki, iti apar, ürəyim dözmür. O da iti motosikletə bağlayıb, apardı. Sonra eşitdik ki, it erməniləri evimizə buraxmayıb, sonra yoxa çıxıb. Bu olaylar insanı yönəldir. 

  • “Suğra və oğlanları” filmində titrlərdə çoxsaylı xarici imzalar gördüm.

 

  • İlk işim olan “Buta”da da peşəkar xarici sənət adamları ilə işləmişdim. Operator gürcü idi, səsi İranda yazmışdım. “Nar bağı”nda səs rejissoru və operatoru Ayhan Salar da Almaniyadandır.

  • O sənətkarlardan bizdə yoxdur?

 

  • O səviyyədə yoxdur, həm də təkcə yazmaq deyil, texniki məsələlər də var. Miksi Almaniyada elədim. Bunu edə biləcək istedadlar var Azərbaycanda, artıq var, əminəm ki, arxası gələcək. Mövcud vəziyyətə uyğun hərəkət edirəm. Peşəkarlarla işləmək məsuliyyəti artırır, daha çox konsentrasiya oluram. Ssenari müəlliflərindən biri də Hollandiyalı idi. Belə işləmək rahatdır. 

  • Film mənə bir az avtobioqrafik gəldi, elə bil, yaşadıqlarınız və yaxud, soba kənarında danışılanlar idi…

 

  • O da normaldır. Rejissor sonunda xəyallarını göstərir. O filmdə uşaqlar yerdə qalmış kartofları bişirib yeyirlər.

  • Hə, ona uralama deyirlər, yığılandan sonra gözdən qaçıb qalan məhsulları tapıb yığmağa.

 

  • Bəli, mən də uşaqlarla gedib o yerdə qalan məhsulu-kartofu yığıb, közdə bişirib, yemişik. Anamın bizə danışdıqları da ya olduğu kimi, ya da məzmunu dəyişməklə filmlərimə çıxır. 

  • Demək, o hadisə sizə danışılmışdı, Suğra real obraz idi?

 

  • Bununla bağlı mənə çox sual verirlər ki, sovet vaxtı kolxoz sədrlərinin hamısı elə şərəfsiz olmayıb, amma eləsi də olub. “Tütək səsi” filmindəki kolxoz sədrini də görmüşük. Kolxoz sədrlərinin özlərini kəndin yiyəsi kimi, Allah kimi aparmaqla  törətdikləri pis əməlləri çox eşitmişik. Çoxu da deyir mənim nənəm, yaxud babam bu barədə danışıb. Mənim filmimdə kolxoz sədri öldürülür. Bu, dəfələlə olub.

  • “Tütək səsi” filmi demişkən, filmin əvvəlində elə bildim yeni “Tütək səsi” filminə baxıram. Əvvəli çox bənzəyirdi, sonra tam dəyişdi. Bəzi detalları soruşacam.  Məsələn, kolxoz sədri heyvanı kəsib, əlinin qanını uşağın başına çəkir, uşaq əlini başına vurub, əlindəki qana baxır. Sonra başına kim sığal çəkirsə, dərhal əli ilə yoxlayır ki, görsün qan çəkməyib ki… Bunun çox açması ola bilər. Əslində nəyi demək istəmisiniz. Uşaq da bir qurbandır?

 

  • Yox, bu bir yenilik də deyil. Dramaturji xəttin tərkib hissəsidir, sonunda məntiqi açıqlaması kolxoz sədrinin öldürülməsidir. Qan qətlə aparıb çıxardır. Uşaqda sadəcə vərdiş qalır. 
  • Kinoda, tamaşada, rəsm əsərində tamaşaçı müəllifin görmədiyini də görürsə, demək, sənətdir. Vaqif İbrahimoğlu belə deyərdi. 

 

  • Hər bir tamaşaçının individual yanaşması var, onun təfəkkürü, intellekti, beyni o birisi ilə eyni deyil. Tamaşaçı gəlib rejissora deyəndə ki, mən filan səhnədə filan məsələni anladım, tam normal qarşılayıram. 

  • Sovet filmlərinin bizə təbliğ etdiklərinin tam əksini ilk dəfə ekranlara siz gətirdiniz. Reallıqda sovet hökumətini qəbul etməyənlər, sonradan “bizim müharibəmiz deyil” deyib, getməyənlər olub. İsmayıl Şıxlının əsərlərində var, “Ölən dünyam”da oxumuşam, səhv etmirəmsə. Arif Əliyevin “Yalama” romanında bu həqiqətlər açılır, amma kinoda ilk sizin filmdə gördük. Bundan sonra o qapadılmış, üstü basdırılmış tarixi reallıqlar filmə ayaq açar. “Suğra və oğulları” xarici ölkələrdə nümayiş olunub. Xarici tamaşaçı neçə qəbul etdi, anladımı o dövrü və onun gerçəyini?

 

  • Almaniyada bir tamaşaçı-jurnalist sual verdi ki, doğrudanmı Azərbaycanda  sovetlər bu formada qarşılanıb? Dedim, bəli, sizə göstəriblər ki, guya gül-çiçəklə qarşılamışıq, amma əslində filmdə gördüyünüz kimi olub. Xronika görüblər.

  • Sonradan təşkil olunan xronika ki, biz də həqiqət bilmişik. 

 

  • Bir sənət adamı kimi mən o xalçanın altına süpürülmüş zibili açıb göstərməli idim.  Heç kim deyə bilməz ki, belə olmayıb, yalan çəkmisən. Almaniyalı jurnalistə mənbələr də göstərdim ki, oxuyun. Təkcə 37-ci ildə minlərlə repressiyaya uğrayanlar məhz sovet rejiminə etiraz edənlər idi. Salonda hamı eşitdi bunları. İki gün sonra o jurnalist xanımın məqaləsi belə bir adla çıxdı ““Suğra və oğulları”nda baş verənlər bu gün Ukraynanın reallığıdır”. Siyasət bizim işimiz deyil, amma işimiz sənətdir.

  • Siyasət bizim işimiz deyil, amma kino, sənət həm də təbliğat vasitəsidir, cəmiyyətin güzgüsüdür və cəmiyyəti yönləndirən, tərbiyə edəndir. Kinonun deyə bildiyini, aşıladığını heç bir siyasi qüvvə edə bilməz. Kino çox reallığı anlada bilər.

 

  • Nərimanov deyib ki, şərq insanı hadisələri obrazlı düşünməyi sevir, demək kino onlara çox böyük təsir qüvvəsidir. Kino sənətdir, təbliğat deyil deyənlər də haqlıdır, amma o sənətin içində nə verirsən, odur təsir qüvvəsi. Lümyer qardaşları kinonu icad edəndə böyük sənəti yox, biznesi düşünmüşdülər. Sonunda istedadlı insanlar onu sənətə çevirdilər. O təbliğat forması davam etdi. İstedadlı insan o sənətin içində təbliğat da edir, reallığı da açır. Bir filmin insanın həyatını bütünlüklə dəyişə bilməsinə əmin olun.  

  • Filmə baxan vaxt çox sual verərdim sizə, təəssüratım da böyük idi, yəqin onun az hissəsini bölüşdüm sizinlə.

 

  • Necə bildiniz film ekranlardadır, gedib baxdınız?

  • İnternetdə gördüm, Səmimi də paylaşmışdı.

 

  • Bilirsiniz niyə soruşdum, filmin reklamına 6 min manat xərclədim , heç nə qayıtmadı. Ona görə soruşdum.  

  • Məncə, düzgün qurulmayıb. Tamaşaçı bilsə gedər. Kinoya bizim təbəqənin insanı gedir, çox imkanlı adam getmir.

 

  • Getsə də bozbaş filmlərinə gedir. Minnətdaram ki, baxmısınız.

  • Mən minnətdaram, yenə çəkin. Şarik haqqında filminizi gözləyirəm.  Uğurlar olsun. 

 

Ramilə Qurbanlı

The post “İtimiz erməniləri evə buraxmamışdı… ən möhtəşəm filmim o olacaq…” appeared first on 24 saat.

24 saat” ““İtimiz erməniləri evə buraxmamışdı… ən möhtəşəm filmim o olacaq…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button