SEÇMƏ

İtirdiyimiz milyardlarla dollarlıq Qarabağ qızılı

İşğalı dövründə Azərbaycanda qiymətli və əlvan metal yataqlarının qanunsuz işlənməsində Ermənistan, ABŞ, Kanada, Hindistan, Rusiya və bir sıra Avropa ölkələrinin şirkətləri iştirak ediblər.

Bunu brifinq zamanı Azərbaycan Ekologiya Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Məsələn, “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” qızıl və mis-molibden mədənlərində qanunsuz hasilat həyata keçirilib. Bununla Kanadanın Sterlite Gold LTD və First Dynesty Mines; İsveçrənin Base Metals, Vallex Group; Rusiyanın Geopro Mininq Gold Company; İsveç və Lixtenşteyn sahibkarlarının ortaq olduğu Ermənistanın Armenian Copper Programme, Amerikanın Global Gold; Hindistanın Vedanta Resources şirkətləri məşğul olublar.

Artıq beynəlxalq təşkilatlara müvafiq müraciətlər hazırlanıb. Bakı tezliklə bu şirkətlərin dəyən ziyanın ödənilməsi proseduruna başlamağı planlaşdırır.

Amma sual ondadır ki, dəymiş ziyanın ödənilməsi planını nə dərəcədə həyata keçirmək mümkündür? Dünyada uğurlu sonluqla bitən oxşar presedentlər varmı? Yəni, bir dövlətin əvvəllər işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərdən itirilmiş təbii sərvətlərin dəyərini pul şəklində geri alması mümkün olubmu? Görünür, bu məsələdə müvafiq beynəlxalq iqtisadi instansiyalarda məhkəmə çəkişmələri olmadan keçinmək mümkün olmayacaq. Azərbaycan tərəfinin təxmini hərəkət ardıcıllığı necə olmalıdır?

Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev Press Klubun suallarını cavablandırıb:

– Bu, kifayət qədər mürəkkəb siyasi-hüquqi məsələdir. O, beynəlxalq ictimai və beynəlxalq özəl hüququn, qaydaları pozan şirkətlərin aid olduğu dövlətlərin müvafiq hüquq normalarının kəsişməsində yerləşir. Hər bir şirkətin hər bir əməliyyatı ilə bağlı suallar ayrıca nəzərdən keçirilməlidir. Yəni, burada görüləsi çox iş var. Və mütləq şəkildə bu şirkətlərin əsasən fəaliyyət göstərdiyi ölkələri təmsil edən yüksək ixtisaslı hüquqşünaslar cəlb edilməlidir. Burada işin uğurlu nəticəsinin şanslarının nə qədər olduğunu müəyyən etmək lazımdır. Bu da əsasən müəyyən bir ölkədə qüvvədə olan qanunvericilikdən asılıdır. Bunu nə qədər tez etmək olar? Hansı xərclər çıxa bilər?

O ki qaldı bu cür məhkəmə proseslərinin uğur qazanma perspektivinə, təbii ki, müəyyən şanslar var. Burada şablon yanaşma yoxdur. Bir şey göz qabağındadır – bu şirkətlər Azərbaycanın suverenliyinə, Azərbaycan qanunvericiliyinə açıq-aşkar zidd fəaliyyət göstəriblər. Onların qeyri-qanuni yolla əlvan metal ehtiyatlarını, qiymətli metalları çıxarmaları faktı göz qabağındadır.

Növbəti məqam bu sualların hansı məhkəmələrdə qaldırıla biləcəyidir. Bu hallarda uğur şansı nə qədər olacaq. Və bu məsələlər nə qədər tez həll oluna bilər. Yəni, ümumi nəticə budur ki, bəli, heç olmazdansa, gec olması yaxşıdır. Amma burada işə səthi yanaşmaq olmaz. Bu məsələləri qaldırmaq üçün tam “silahlanmaq” lazımdır.

Gözdən qaçırmayın:  Vəkil: “Polis şöbəsində işgəncə veriblər, narkotiki boynuna qoyublar”

Rauf Orucov

The post İtirdiyimiz milyardlarla dollarlıq Qarabağ qızılı appeared first on 24 saat.

24 saat” “İtirdiyimiz milyardlarla dollarlıq Qarabağ qızılı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button