2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İtkin Düşmüş Azərbaycanlılar: “Tapılmasalar Da, Unudulmurlar”

Elşad Ələkbərovun atası itkin düşəndə 10 yaşı olsa da, onunla son görüşünü yaxşı xatırlayır. Elşadın indi 35 yaşı var, atası kimi traxtorçudur.

“15 İyun 1992 ci il, Qarabağ münaqişəsinin ən qızğın vaxtları idi. Anam xəngəl bişirmişdi, atam 1-2 tikə yedi ki, arxasıyca avtobus gəldi və atışma başlandığından onu apardılar. Getdi və daha qayıtmadı.”

“420 könüllü ilə hücuma keçib, keçmiş Ağdərə rayonunun Sırxavənd kəndini aldıq. İtkilərimiz çox oldu; 67 nəfər sağ qaldı, 15 nəfər də yaralımız vardı. Onlardan biri Ağdamın Kiçikli kənd sakini 36 yaşlı traxtorçu Mübariz idi. Öz əllərimlə sarıdım yarasını. Maşına mindirdim ki, yola salım. Bir qədər irəlilədikdən sonra maşını vurdular, döyüşə-döyüşə yaxınlaşdıq ki, xilas edək, amma maşına çatanda kimsəni tapa bilmədik,” Elşadın dayısı Hidayət Mustafayev xatırlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ələkbərov Qarabağda itkin düşən 3,127 azərbaycanlı əsgərdən biridir. Ümumiyyətlə, bu müharibədə itkin düşənlərin əksəriyyəti hərbçilərdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, hazırda ümumi qeydiyyata alınmış itkin düşənlərin sayı 4500 nəfər ətrafındadır. Bu rəqəm də dəqiq deyil, çünki artma və azalma olur.

BQXK təmsilçisi bildirir ki, itkin düşənlərin tapılması üçün onların məlumat bazaları toplanır, yaxın qohumlarından zəruri informasiyalar, hətta bioloji nümunələr də götürülür.

Ailələrin məlumatına görə müharibənin ilk illərində əsir və girovların dəyişdirilməsi zamanı erməni tərəfi ilə birbaşa kommunikasiya qurmaq mümkün idi. Erməni hərbçilərlə ratsiya ilə əlaqə saxlayırdılar.

Zahid Əliyevin 36 yaşlı qardaşı bölük komandiri, çavuş Tahir Əliyevin taleyindən bugünədək xəbər yoxdur. Tahiri sonuncu dəfə 1992-ci ilin sentyabrın 4-də Ağdamın Abdal Gülablı kəndində görüblər. Həmin gün Abdal Gülablının işğal edildiyi gündür. Tahir itkin düşəndə qolundan yaralı idi.

“Onun yaralı olması barədə xəbəri bizə iki əsgəri deyib. Sonra başına nə iş gəlib, bilmirik,” 55 yaşlı Zahid Əliyev deyir.

4 uşaq atası olan qardaşından xəbər almaq üçün, Əliyev, erməni döyüşcülərlə 4 dəfə Xocavəndin Çartaz kəndi ərazisində görüşdə iştirak edib.

Zahid əlavə edir ki, qardaşı erməni hərbçiləri üçün “vacib” fiqur idi. Tahir dəfələrlə onlar tərəfə keçib erməni hərbçilərini əsir götürürdü və onları azərbaycanlı əsir və girovlarla dəyişirdi. Həm də erməni dilini bilirdi.

“Bir dəfə dedilər ki, qardaşın bizdədir, ikinci görüşdə dedilər ki, ölüb, cəsədi bizdədir, pul gətir, onu təhvil verək.”

Əliyev üçüncü görüşdə o vaxt rus rublu ilə topladığı vəsaitlə bir neçə nəfərin cəsədini alıb, Füzuli rayonunda baxış keçirəndən sonra məlum oldu ki, qardaşı onların arasında yoxdur.

“Dördüncü görüşdə isə mənə dedilər ki, daha qardaşımı axtarmayım. Onun ölü və yaxud diri olması barədə məlumat vermədilər. Sonra da nə qədər axtardım, tapa bilmədim. Ölən günə kimi qardaşımın yolunu gözləyəcəm.”

Mübariz Ələkbərovun qaynı Hidayət əlavə edir ki, Mubarizin və digərlərinin dəyişdirilməsi üçün əllərində erməni əsirləri də olub, amma nəticəsiz qalıb.

Bu zaman Elşadın anası Elmira xanım çox sakit səslə dillənir, “bu vaxta qədər inanmıram ki, sağ qala.”

10 il əvvəl Mübarizin sağ qalması ilə bağlı xəbər yayılır. Bir qadın Mübarizi İranda xalçatoxuyan sexlərdən birində gördüyünü onun ailə üzvlərinə bildirir. Guya, erməni hərbçiləri Mübarizi iranlılara qul kimi satırlar və o da bununla bağlı məktubu həmin qadına verir.

“Bakıya getdik, həmin xalçatoxuma sexinin rəhbəri ilə görüşdük, paytaxtda şöbələri vardı. Görüşdüyümüz iranlı atam haqqında məlumatsız olduğunu söylədi. Bir müddətdən sonra həmin qadının həbs olunduğunu eşitdik və bu işdə nəsə fırıldaq olduğunu anladqıdan sonra, axtarışlarımızı dayandırdıq,” Elşad əhvalatı belə danışır.”

Mübarizdən sonra onun bir oğlu və iki qızı yadigar qalıb. Elşadın oğlanlarından biri babası Mübarizin adını daşıyır.

Konfliktoloq Əvəz Həsənov 2000-2007-ci illərdə Almaniyada qeydiyyatdan keçmiş əsir və girovların azad olunması üzrə Beynəlxalq işçi qrupun Azərbaycan üzrə koordinatoru olub. Onun sözlərinə görə, ilk növbədə əsir və girovların azad olunması ilə yanaşı itkin düşmüş insanların həyatının xronologiyasını dəqiqləşdirirdilər.

“Elə olurdu ki, məlumatları dəqiqləşdirmək üçün hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində olurduq, kəndləri gəzərək insanlardan məlumatları dəqiqləşdirirdik,” Həsənov deyir. “Təəssüflər olsun ki, müharibənin ilk illəri kargüzarlıq işləri zəif aparıldığından, ərazilərin xəritələri bir neçə dəfə dəyişdirildiyindən axtarışlarımız bəzən müsbət nəticə vermirdi.”

Həm Ermənistan, həm də Qarabağda fəaliyyət göstərən qrup keçən illər ərzində itkin düşmüş bir neçə cəsədin tapılıb, ailələrinə təhvil verilməsində iştirak edib.

Bərdə rayonunda fəaliyyət göstərən Cümə məscidinin axundu Ramazan Hüseynov müharibənin ilk illərində məscidə xeyli sayda naməlum cəsədin daxil olduğunu diqqətə çatdırır.

“Onları dəfn etməzdən öncə fotolarını çəkirdim. Şəklin arxasına dəfn olduğu qəbirin nömrəsini və hansısa əlamətini yazırdım, məsələn, qolunda döymə var, üzündə xalı var və s. Sonra həmin fotonu məscidin divarından asırdıq. Mərhumun ailəsi fotodan şəhidini tanıyanda, məzarı açırdıq və cəsədi ona təhvil verirdik.”

Sonuncu dəfə belə bir tapıntı 2015-ci ildə baş tutur.

1993-cü ildə şəhid olan, milliyyətcə ukraynalı İlyaşenko Sergey Vasilyeviçin dostları onun əmək kitabçasının surətini axund Ramazana təqdim edirlər. Ramazan Hüseynov xatırlayır ki, bu şəxsi dəfn etməyə gətirəndə onun üstündə hərbi bileti olur. Axundun illər öncə həmin biletə baxması və lazımi informasiyaları yaddaşına köçürməsi naməlum şəhidin tapılmasına kömək olur. Belə ki, əsgərin dəfn olunduğu qəbirin sıra nömrəsini də yaddaşında saxlayırmış.

Ağdamın Üçoğlan kənd sakini 74 yaşlı Surxay Quliyev də müharibədə iki oğlunu itirib. Onlardan biri, 20 yaşlı Tahir 1993-cü ildə itkin düşüb, digər oğlu 19 yaşlı Rafael isə 1994-cü ildə şəhid olub. Surxay deyir ki, Tahiri sonuncu dəfə Əsgəran rayonunun Xramort kəndində görüblər.

Rafael ölümündən öncə qardaşının sağ-salamat qayıtması üçün müqəddəs ocaqlara nəzir deyir. Tahir qayıtmadığına, Rafael şəhid olduğuna görə, niyyət olunmuş pullar pirlərdə deyil, hər iki qardaşdan xatirə kimi evlərində saxlanılır.

“Bizim evimizdən baxanda oğlum Tahirin itkin düşdüyü kənd görünür, mən də hər səhər o kəndə tərəf baxıram. İnsanlar var ki tapılmasalar da, heç vaxt unudulmur, ” Surxay Quliyev deyir.

Seymur Kazimov

(chai-khana.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button