2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistin ölümündə təqsirləndirilənlərin məhkəməsi olub

Vəkil: “Xəstəxanada Rasim Əliyevin qabırğalarını sındırıblar”

Saytların yığılması Saytlarin yigilmasi

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayətinə baxılıb.

Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkili Şəmsəddin Quliyev çıxış edib. O, jurnalistin ölümünə səbəb olan xəsarətlərin xəstəxanada yetirildiyini deyib. Bu səbəbdən Rasim Əliyevin xəstəxanaya daxil olanda çəkilmiş rentgen şəklinin ortaya çıxarılmadığını söyləyib.

Ötən məhkəmədə Şəmsəddin Quliyev rentgen şəklinin alınması və həkimlərin əlavə şahid qismində dindirilməsi haqda vəsatətlər qaldırmışdı.

O, Rasim Əliyev xəstəxanaya daxil olarkən aldığı xəsarətin ağır olmadığını deyib. Bildirib ki, bu, rentgen çəkilişində də əksini tapıb. Ona görə də şəkilləri gizlədirlər:

“Rasim Əliyevin əməliyyat olunması haqda deyilənlər yalandır. Onu əməliyyat eləməyiblər. Əksinə, xəstəxanada onun qabırğalarını sındırıblar, dalağı, mədəaltı vəzini cırıblar. Rasim Əliyevin ölümü qəsdən törədilmiş cinayətdir. Onu xəstəxanada bu vəziyyətə salıb, öldürüblər. Ölümə səbəb olan xəsarətlər xəstəxanaya gələndə olsaydı, bu, rentgen çəkilişində əksini tapardı. Ona görə də, həmin çəkilişləri gizlədirlər. Əgər xəsarətləri ağır idisə, rəydə yazdıqları kimi, dalağı cırılmışdısa, niyə əməliyyat eləməyiblər? Hətta öz yazdıqlarına inansaq, səkkiz saat gözləyiblər”.

Jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı həmin vəsatətə münasibət bildirib.

O, vəsatətlərin təmin olunmasını istəyib.

Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Bu qərar da təqsirləndirilən şəxslərin narazılığına səbəb olub.

Onlardan Camal Məmmədov vəsatətlərin təmin edilməməsindən danışıb: “Yoldan keçənləri gətirib şahid kimi dindirdilər, amma həkimləri yox. İndiyə qədər məhkəmədə 50 vəsatət verilib, heç biri də təmin olunmayıb”.
Jurnalistin döyülməsinə və ölümünə heç bir aidiyyəti olmadığını deyən Samir Mustafayev məhkəmə ədalətsizliyindən gileylənib: “Mənim günahım nədi? Məndən nə istəyirsiz? Çəkələklə davaya gedərlər?”

Vəkil Fariz Namazlı isə çıxışında hökmün ləğv olunub, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib:

“Bizim əsas narazılığımız həkimlərin məsuliyyətə cəlb olunmaması ilə bağlıdır. Məhkəmə qanunsuz ittiham aktı əsasında hökm çıxarıb. O hökmün ləğv olunmasını xahiş edirik”.

Vəkil Şəmsəddin Quliyev isə çıxışında hüquqlarını müdafiə etdiyi dörd nəfərdən Samir Mustafayevə bəraət verilməsini istəyib:

“Çünki onun heç bir günahı yoxdur. Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyev isə öz əməllərinə uyğun maddə ilə cəzalandırılmalıdır.

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə aprelin 12-də davam edəcək.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, ayın 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il azadlıqdan məhrum ediliblər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button