2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Jurnalistlər Pegasus tətbiqi üçün cəza tələb edir

Bakı/15.01.22 Milad bayramı ərəfəsində Polşanın müxalifətyönlü Vətəndaş Platforması  Partiyasından olan Kşiştof Breyza bildirib ki, 2019-cu ilin aprelindən oktyabra qədər onun smartfonu 33 dəfə sındırılıb. 13 oktyabr 2019-cu ildə Polşada parlament seçkiləri keçirilib. Bu vaxt Polşanın TVP Dövlət Televiziyası saxta elektron məktubları açıqlayıb. Bu məktublar siyasətçinin öz rəqiblərinə qarşı nifrət kampaniyası aparmasına sübut olmalıydı.  Breyzanın sözlərinə görə, bu məktublar onun telefonundan oğurlanıb və sonradan dəyişdirilib. Tezliklə məlum olub ki, Polşanın digər siyasətçiləri də gizli dinləmələrə məruz qalıblar.

Bu hadisələrdən yarım il öncə Azərbaycanda da eyni qalmaqal baş vermişdi. Beynəlxalq jurnalist araşdırmasının müəllifləri Beynəlxalq Amnesty İnternational və Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı tərəfindən verilən anonim mənbədən ötürülən məlumatlardan istifadə edərək ötən ilin yayında onlarla ölkədə, həmçinin Azərbaycanda hakimiyyətə sərf etməyən şəxslərin izlənilməsi haqda məruzə dərc ediblər. İzləmə İsrailin NSO Group şirkətinin istehsalı olan telefon proqramından istifadə edilməklə həyata keçirilir. İsraillilər tərəfindən hazırlanmış “Pegasus” proqramı terrorizm və cinayətkarlıqla mübarizədə dövlət orqanlarına kömək etmək üçün nəzərdə tutulub, bəlkə də müxalifətçilərin və jurnalistlərin də izlənməsi üçün istifadə olunur. Bu, istintaqın əsas nəticələridir və onun əsasında təxminən 50 ölkədən 50 minə yaxın telefon nömrəsinin məlumat bazası durur.

“Pegasus” proqramı mobil telefona nəzərə çarpdırmadan sürətli giriş əldə etməyə, söhbətləri dinləmək, yazışmaları oxumaq və videoları izləməyə imkan verir. Telefonun sındırılıb-sındırılmadığını birmənalı şəkildə ancaq xüsusi ekspertiza müəyyənləşdirə bilər. Amnesty İnternational 67 belə ekspertiza keçirib. Onun məlumatına görə, 23 halda sübut edilib ki, telefon casus proqram təminatı ilə “yoluxub” və 14 halda isə minimum bir belə cəhd olub. Bu barədə dw.com yazır.

Saytların yığılması Saytlarin yigilmasi

NSO Group-da ittihamları inkar edirlər. DW-nin  sorğusuna cavab olaraq şirkətin  nümayəndəsi qeyd edib ki, jurnalistlər on minlərlə telefon nömrəsi və NSO Group arasında “birmənalı əlaqə”nin olduğunu sübut edə bilməyiblər, odur ki, “miqyaslı əlbirlik yoxdur”. Şirkətdən bildiriblər ki, nəşrlər “oxucuları qəsdən çaşdırır”.

Almaniyanın SüddeutscheZeitung (SZ) qəzetinin məlumatına görə, “Pegasus” proqramı Rusiyaya göndərilməyib, keçmiş sovet respublikalarından isə araşdırmada iki ölkənin – Qazaxıstan və Azərbaycanın adı çəkilir. Azərbaycanda “Pegasus” vasitəsilə “çoxsaylı hüquq müdafiəçisi” və “minimum 48 jurnalist” izlənilir.

Jurnalistlərdən Xədicə İsmayılovanın adı çəkilir. İsmayılovanın telefonunda casus proqram təminatının izləri Amnesty İnternational Security Lab tərəfindən aparılan ekspertiza zamanı aşkar edilib. Onun məlumatına görə, jurnalistin telefonu 2019-cu ilin martında “yoluxub”, sonuncu dəfə proqramdan onun ölkədən çıxışından üç həftə öncə istifadə edilib. SZ əlavə edir ki, həmçinin İsmayılovanın vəkilləri də izlənilib.

Yerli xüsusi xidmət orqanlarının izləyə biləcəyi digər azərbaycanlı jurnalistlər – Sevinc Vaqifqızı və Cəsur Məmmədov Almaniyada yaşayırlar. Dinlənilənlər arasında Bakıda çalışan Fatimə Mövlamlı da var.

DW mətbuatda dərc olunan məqalələrin şərh edilməsi xahişilə  Azərbaycan hakimiyyətinə müraciət edib, lakin cavab daxil olmayıb.

Jurnalist Fatimə Mövlanlı Turan ilə söhbətində deyib ki, telefon və sosial şəbəkələrdən istifadə edərkən nasazlıq diqqətini çəkib  və izlənildiyini güman edib, amma bundan ötrü ciddi proqram vasitələrinin tətbiq edildiyini düşünməyib. O, istifadə etdiyi smartfonu işlətməyib, digər rabitə vasitələri alıb.

F.Mövlamlı onun şəxsi həyatına müdaxilədə günahkar olanların cəzalandırılmasına nail olmaq niyyətindədir. Bu gün o, Binəqədi rayon prokuroru Xəyal Əzizovla görüşüb, ona istintaqın aparılacağı vəd edilib. Əgər Fatimə Azərbaycanda qanunçuluğa nail olmasa, Strasburqda İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

F. Mövlamlının vəkili Elçin Sadıqovdur, o da “Pegasus” proqramı tərəfindən izlənilən şəxslərin siyahısındadır. Vəkil Turan-a müsahibəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmənin sanksiyası olmadan ölkə vətəndaşlarının izlənməsinin yolverilməz olduğunu bildirib.

Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 16-cı maddəsi. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi

16.1. Cinayət təqibi gedişində heç kəsin (özünün və ailəsinin) şəxsi həyat sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.

16.2. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Vəkil E.Sadıqov həmçinin deyib ki, məhkəmənin sanksiyası olmadan vətəndaşların danışıqlarının gizli dinlənilməsi Azərbaycan Konstitusiyasına ziddir.

Azərbaycan Konstitusiyasının 32-ci maddəsi:

I .Hər kəsin şəxsi toxunulmazlıq hüququ var.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.

VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Vəkil əlavə edib ki, vətəndaşların sadalanan qanuni hüquqlarının pozulması təqsirkarların vəzifə səlahiyyətlərini aşmasına görə cinayət cəzasının mümkünlüyünə səbəb olur. E.Sadıqov bu cür cinayətdə təqsirli şəxslərin cəzalandırılması barədə dəfələrlə vəsatət qaldırıb, lakin onun müraciətinin effekti olmayıb.

Müxtəlif mənbələrin məlumatına görə, Azərbaycanda “Pegasus”un tətbiqinin təşkilatçısı 2019-cu ilin noyabrında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi postundan azad edilmiş Əli Həsənov olub. Onun yüksək vəzifədə olduğu dönəmdə müxalifət xadimləri və jurnalistlər telefon və kompüterlərin işinə tez-tez müdaxilələrin olduğunu başa düşüblər. Turan İnformasiya Agentliyinin jurnalistləri agentliyin ofisinin yanında “növbə çəkən” naməlum şəxsi dəfələrlə görüblər, çox güman ki, izləmə ilə məşğul olub. Ekspertlərin fikrincə, “Pegasus” izlənən şəxslərin telefon və kompüterlərinin məzmununu məsafədən oxumağa imkan verir.

2019-cu ilin sonundan bu cür halların sayı azalıb, ancaq səbəb bəlkə də Həsənovun işdən çıxarılması deyil, həm də İsrail proqramı ilə bağlı həqiqətlər üzə çıxdıqdan sonra ABŞ-da  bu şirkətə və “Pegasus” yayımçılarına qarşı sanksiyalar qəbul edilib. Məsələ burasındadır ki, bu proqramın variantları artıq digər ölkələrdə də hazırlanıb və sərbəst şəkildə satılır. İndi istənilən şəxsin barəsində məlumat əldə etmək üçün sanksiya altına düşən  NSO Group ilə əlaqə saxlamağa gərək yox. Casus proqram təminatı bazarında digər rəqiblər və analoglar var. Ekspertlər Birləşmiş Ərəb Əmirliklərindəki  DarkMatter şirkətindən və ekspertlər tərəfindən ENFER (fransız dilindən tərcümədə “cəhənnəm”) adlandırılan naməlum Rusiya şirkətindən danışırlar. ENFER-in Rusiya FTX ilə əlaqəli olduğu ehtimal edilir. Şirkətin əsl adı PositiveTechnologies-dir.

İtaliyanın HackingTeam şirkəti də casus proqram təminatı bazarında əhəmiyyətli oyunçudur.  Onun Remote Control System proqramı (“uzaqdan nəzarət sistemi”) əlavələri olan saxta e-maillər  vasitəsilə kompüterə quraşdırılır. Sonra sahibinin xəbəri olmadan ekrandan çəkilişlər edir, veb-kameraya və mikrofona qoşulur, yazışmaları və parolları ələ keçirir. Toronto Universiteti CitizenLab  tədqiqatçılarının məlumatına görə, HackingTeam məhsullarına “avtoritar rejimlər”də – Azərbaycan, Qazaxıstan, Özbəkistan və s. tələbat var. Buna görə “Sərhədsiz reportyorlar “HackingTeam”i “İnternetin düşməni” elan edib.0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button