Kanal-11-in rəhbərinin işi üzrə prosesdə
Sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Kanal-11-in rəhbəri Teymur Kərimovun işi üzrə prosesdə zərərçəkmiş Leyla Almaszadənin ifadəsi dinlənilib.
O bildirib ki, özəl uşaq bağçasının rəhbəridir.
Onun sözlərinə görə, müəssisədə uşaq xəstələnib və onun anası – Vəfa adlı qadın xəstəliyə tərbiyəçilərin yaxşı baxmamasının səbəb olduğunu hesab edərək, təzminat tələb edib.
Uşaq bağçasının müdirəsi təzminat ödəməkdən imtina edib, uşağın adi qripə yoluxduğunu və personalın bunda təqsiri olmadığını deyib.
Ertəsi gün valideyn Kərimovla birlikdə gəlib və sonuncu, Almaszadənin etirazlarına baxmayaraq, çəkiliş aparmağa başlayıb.
Reportaj yayıldıqdan sonra valideyn yenidən təzminat tələb edib. Almaszadə görüntülərin silinməsi şərti ilə, 300 manat verməyə razılaşıb.
Lakin, onun sözlərinə görə, görüntü yalnız facebook-dan silinib, YouTube-da Kərimovun kanalında isə reportaj qalırdı və o, bu reportajı silməkdən imtina edib.
Bu zaman Almaszadə Kərimovla tanış olmadığını və ona pul vermədiyini, iddialarının uşağın valideyni ilə bağlı olduğunu vurğulayıb.
Növbəti iclas sentyabrın 27-nə təyin edilib.
* Xatırladaq ki, Kərimov 2023-cü ilin dekabrında Azərbaycan CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilərək həbs olunub.