2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kasıb qonşunun tarixi uğurları və neft ersından səfalət erasına keçən Azərbaycan

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində qonşu Gürcüstanın qısa zamanda qazandığı uğurlardan yazıb. Yazını təqdim edirik:

“Qonşu Gürcüstan çox ciddi uğurlar əldə edir. Avropa Birliyi öz sərhədlərini və bazarlarını Gürcüstan vətəndaşlarının üzünə taybatay açıb. Son imzalanmış müqavilələrlə nəhəng Çin bazarı da Gürcüstan malları üçün qapılarını açır. ABŞ isə hətta Gürcüstanı NATO-dan kənar müttəfiq elan edib, onun ərazi bütövlüyünü tanımayan ölkələrə sanksiya qoyacağı haqda qanun qəbul edib. Bəli, yaxın gələcəkdə qonşu ölkə NATO və Avropa Birliyinin üzvü, inkişaf etmiş Avropa dövləti olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Ciddi təbii sərvəti, demokratiya ənənələri olmayan, mentalitet baxımdan bizə çox yaxın, son 3 ilə qədər bizdən də xeyli kasıb olan Gürcüstanın gözümüzün qarşısında necə sürətlə dəyişdiyini biz azərbaycanlılar daha yaxşı hiss edirik. Onu da yaxşı xatırlayırıq ki, Azərbaycanda ciddi siyasi və iqtisadi islahatların getdiyi, Qarabağın 40 faizə qədərinin işğaldan azad edildiyi, fərarilərin isə “evdən bayıra çıxa bilmədiyi” 1992-93-cü illərdə Gürcüstanda qanlı vətəndaş müharibəsi gedirdi, kasıblıq, rüşvət və quldurluq meydan sulayırdı. Ancaq qonşularımız ölkələrini dəyişməyi bacardılar.
Bu gün milyonlarla azərbaycanlı istirahət üçün, müalicə üçün, biznes üçün Gürcüstana üz tutur. Son illərdə milyardlarla dollarlıq sərmayə Azərbaycandan Gürcüstana üz tutub.

Kasıb qonşularımızın ciddi uğurlarının sirri isə çox sadədir. Gürcüstanlılar “ümummilli lider” və “ümummilli liderin layiqli davamçısı” axtarışına çıxmadılar, buna cəhd edənləri də vaxtında rədd etdilər. Xüsusi xidmət orqanlarının “kimin dalınca gedək“, “bizdə müxalifət var?”, “heç kimə inanmaq lazım deyil” kimi cəfəng tezislərinə aldanmadılar, ya da hərəkət etməmək üçün özlərini bu tezislərə aldanmış kimi göstərmədilər. “Təki sakitçilik olsun, qulağımız dinc olsun” deyib, hüquqsuzluqla barışmadılar. Özlərinə inandılar. İnandılar ki, onlar içlərindən yeni-yeni liderlər çıxarıb, həmin şəxsləri prezident, baş nazir seçə bilərlər, hələ üstəlik, seçdikləri şəxs xalqın etimadını doğrultmayanda, onu dəyişə də bilərlər. Kiçik və zəif dövlət olmanın, saylarının azlığının da kompleksini yaşamadılar. “Biz kiçik dövlətik, nə edə bilərik ki?” bəhanəsilə təslimçiliyi seçmədilər. Və nəticə əldə etdilər.

Siz hakimiyyətin “gördünüz Rusiya Gürcüstanın başına nə oyun açdı, Abxaziya və Cənubi Osetiyanı işğal etdi” təbliğatını boş verin. Hər zaman olduğu kimi yenə də bizi aldatmaq istəyirlər. Rusiya (Ermənistanın əlilə) bizdən daha çox torpaq işğal edib. Ancaq fərq ondadır ki, Dağlıq Qarabağı formal olaraq Azərbaycan ərazisi, faktiki olaraq isə mübahisəli ərazi kimi qəbul edən böyük güclərin, xəritələrdə düzəliş etmək gücü olanların hamısı Gürcüstanın ərazi bütövlüyünə birmənalı dəstək verirlər.

Türkiyə türklərinin gözəl sözü var. Deyirlər ki, bir müsibət min nəsihətdən qiymətlidir. Bizim 24 il ərzində bir ailənin hakimiyyətinə, hüquqsuzluğa səbr etməyimizin, “ümummilli lider və onun layiqli davamçısına” bel bağlamağımızın, hüquq və azadlıqlarımızdan bir ailənin xeyrinə imtina etməyimizin ağır nəticələri göz qabağındadır. Bizə regionun lider dövləti olmağı vəd etmişdilər, təkləndiyimiz, müttəfiqsiz qaldığımız faktdır. Vaxtilə “uğurlu xarici siyasət” mədhiyyəsi deyənlər də etiraf edir ki, rejimin xarici siyasəti iflasa uğrayıb. Ölkənin xəzinəsi boş, bankları müflis, dövlət şirkətləri borc içindədir. Ümumi daxili məhsul 2 ildə 2 dəfədən də artıq azalıb. Dövlətin və dövlət şirkətlərinin xarici borclarının səviyyəsi 30 milyard dollara və illik ÜDM həcminə yaxınlaşır. 150 milyard dollarlıq neft gəlirlərinin tar-mar edildiyi ölkədə təkcə ötən il 500 nəfərdən artıq soydaşımız intihar edib, əksəriyyəti də sosial səbəblərdən, dolana bilmədiyinə görə. Neft erasını ağır borclar və sosial səfalət erası əvəz edir.

Ayılmaq, yalanlardan imtina etmək, taleyimizə sahib çıxmaq lazımdır. Dünyada 150-dən artıq xalqın bacardığını biz də bacara bilərik. Xalq olaraq biz də təşkilatlana, müxalifətin daha güclü olmasını təmin edə bilərik. Dinc etirazlar təşkil edib, parlament, prezident seçmək hüququnu özümüzə qaytararıq. İstədiyimiz adamlıarı özümüzə rəhbər seçə bilərik, etimadımızı doğrultmayanda, konstitusion yolla onu dəyişə bilərik. Yetər ki, xalqımıza və özümüzə inanaq, söz verək ki, bu ölkənin şimali koreyalaşmasına imkan verməyəcəyik”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button