Gündəm

Keçmiş DTX əməkdaşı: “Ata Abdullayev məndən 15 min pul tələb elədi”

Loading...

Blogerin məhkəməsində zərərçəkmişlər dindirilir

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımları və qalmaqallarla tanınan vloger Ata Abdullayevin məhkəməsində zərərçəkmişlər dindirilir. 

Onun həmin şəxsləri hədələyib, pul tələb etdiyi iddia olunur.

Zərərçəkmişlərdən biri də Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdur. 

O, Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Abdullayevin işinə baxan hakimlər kollegiyasına məktub göndərib ki, səhhətində ciddi problemlər var, bu üzdə məhkəməyə gələ bilmir. 
Ata Abdullayevin Masazırda məişət tullantıları olan yerləri çəkib, onu şantaj etməsi barədə istintaqdakı ifadəsini təsdiqləyən icra nümayəndəsi ona veriləsi cəza məsələsini isə məhkəmənin öhdəsinə buraxıb.

Oktyabrın 26-da məhkəmədə hakim Fikrət Qəribov icra nümayəndəsinin bu məktubunu elan edib. 

Ata Abdullayevin vəkili bildirib ki, hələlik xəstəliyilə əlaqədar icra nümayəndəsi gələ bilməsə də, prosesin gedişində zərərçəkmişin məhkəməyə gəlməsində israrlıdılar.

Daha sonra məhkəmədə digər iki zərərçəkmiş – Elçin Əliyev və Cəmil Babayev dindirilib.

Elçin Əliyev bildirib ki, Sabunçu rayonunda əvvəl icarə əsasında, daha sonra alqı-satqı ilə əldə etdiyi torpaq sahəsi var. Həmin ərazidə tikinti işləri aparılıb. Zərərçəkmişin sözlərinə görə, yanvarın axırında Ata Abdullayev əraziyə gəlib: “Mən onu sosial şəbəkələrdə görmüşdüm. Bunu eşidib əraziyə getdim. Gördüm ki, iki nəfərlə gəlib. Soruşdum ki, nə məsələdir? Dedi ki, sənin haqqında videomaterial var, ağacları kəsmisən, qanunsuz tikinti aparırsan. Ya 15 min manat verməlisən, ya da bunu yayıb, camaatı üstünə qaldıracam. Dedim ki, get, nə istəyirsən, elə. Fevralın 3-də mən xəstəxanada idim. Xəbər verdilər ki, Ata Abdullayev yenə gəlib, Ekologiya Nazirliyindən də nümayəndə gətirib. Getdim, mənə dedi ki, sənə sözümü demişdim, hələ bu harasıdır, bundan sonra görəcəksən. Sən demə, həmin vaxt canlı yayım edibmiş. Orada əraziyə 75 yaşlı kişi baxırdı. Oradakı ağacları da özü əkmişdi. Sonra o ağacları çıxarıb, aparıb öz bağında əkmişdi. Nazirliyin nümayəndələri də yoxladılar, gedib gördülər ki, həqiqətən çıxarılan ağaclar başqa yerdə əkilib, heç bir qanunsuzluğa yol verilməyib”.

Elçin Əliyev fevralın sonunda Ata Abdullayevdən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayət edib. O, hadisədən 1 aya yaxın vaxt keçəndən sonra şikayət etməsinin səbəbini izah edərkən deyib ki, fevralın 1-dən 16-na qədər xəstəxanada olub: “Özümə gələndən sonra şikayət elədim. O video da səhifəsində qalmışdı. Orada deyirdi ki, guya mən saxtakaram, adamların haqqını tapdalayıram. Mənim nüfuzuma xələl gətirmişdi, şəxsiyyətimi təhqir etmişdi, ona görə də şikayətçi oldum”.

Ata Abdullayev bu zərərçəkmişin əvvəllər DTX-da işlədiyini deyib. Elçin Əliyev də suala cavabında bunu təsdiqləyib.

“Mən indiyə qədər 2000-ə qədər video çəkib yaymışam. Obyektlər çəkmişəm ki, 5-10 milyon qiyməti var. Baş prokuror sağ olsun, reket jurnalistlərlə bağlı böyük addımlar atılır. Kim küçənin ortasında 15 min pul istəyər? Mən dünyanın 78 ölkəsində olmuşam. Heç mafioz ölkələrdə də belə eləmirlər. Ən savadsız jurnalist də bunu eləməzdi. 1991-1992-ci illər deyil ki… Hətta bu gün peykimiz də var. Zəng eləyirsən ki, belə hadisə olub, 1 dəqiqəyə hadisə yerində olurlar. Hanı sizin sübutunuz ki, mən guya 15 min manat pul istəmişəm? Mənim bu adamlarla problemim olmayıb. Mən gedib ulu öndərin, atamın qəbrini ziyarət eləmək istəyirəm”, – Ata Abdullayev bildirib.

Hakim zərərçəkmiş Elçin Əliyevin məhkəməyə ərizəsini elan edib. Orada yazıb ki, bundan sonrakı məhkəmə iclaslarında iştirak etmək istəmir. Amma Ata Abdullayevdən şikayətçidir. Çünki ona mənəvi zərbə vurub.

Digər zərərçəkmiş Cəmil Babayev də məhkəməyə eyni məzmunlu ərizə təqdim edib. O, ifadəsində bildirib ki, Yasamal rayonu, Akim Abbasov küçəsində obyekti vardı. 2020-ci ilin noyabrında obyektin qarşısındakı ağac güclü külək nəticəsində oradakı avtomobilin üstünə aşıb. O, müvafiq dövlət orqanları zəng eləyib. Ertəsi gün həmin orqanların işçiləri ilə yanaşı, Ata Abdullayev də gəlib. Zərərçəkmişin sözlərinə görə, Ata Abdullayev özü ağacları kəsməkdə ittiham edib, çəkdiyi görüntülərin yayılmaması üçün 7000 manat pul istəyib: “Mən vermədim. Telefonu üzümə tutub, az qalırdı ki, gözümə soxsun. Canlı yayımda haqqımda xoşagəlməz ifadələr səsləndirirdi. Sonradan icra hakimiyyətindən gəldilər, polisdən gəldilər, Ekologiya Nazirliyindən gəldilər… Bir ay işləyə bilmədim. Dövlət orqanlarının yolunda qaldım…”

Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.(Meydan TV)

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button