SEÇMƏ

Keçmiş icra başçısına verilmiş ittihamların detalları məlum olub

Yayımlandı: 15 Noyabr 2022 12:57

Alimpaşa Məmmədov cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaqda da ittiham edilir

Şəmkirin keçmiş icra başçısı, məhkəməsi yeni başlayan Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamların detalları Meydan TV-yə məlum olub. İlyarımdır həbsdə olan sabiq icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə yanaşı, həm də cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırmaqda ittiham edilir.

İddia olunur ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.

Sabiq icra başçısı həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində yeni tikilmiş binada mənzillər rüşvət kimi verilib. O, bunun müqabilində Şəmkirdə torpaq sahəsi verib. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə Bakıda inşa etdiyi binada “Sipark” yaşayış kompleksindən iki mənzil alıb. Bu mənzillərin ümumi dəyəri 700 min manata yaxındır.

İttihama görə, ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib. Bu vəsaitlərin bir hissəsi oğlu Adil Məmmədovun adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.

Gözdən qaçırmayın:  BMT-də Rusiya ilə bağlı qətnamə: Türkiyə və Gürcüstan dəstəklədi, Azərbaycan isə…

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button