Loading...
Loading...
SEÇMƏ

Keçmiş məmurun qızı və qayınanasının qətli ilə bağlı məhkəmə başlayır

Yayımlandı: 9 Avqust 2022 12:35

Hadisə 18 il əvvəl törədilib

Azərbaycanda 18 il əvvəl baş vermiş nənə və nəvənin qətlinə görə məhkəmə prosesi başlayır. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, cinayət işinin materialları artıq məhkəməyə göndərilib.

Sözügedən cinayət hadisəsi 2004-cü ildə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizova yaşadıqları mənzildə qətlə yetirilib.

Bu cinayətin üstü 18 il sonra açılıb. Təqsirləndirilən şəxs qismində üç nəfər tanınsa da, onlardan ikisi məhkəmə qarşısına çıxarılır. Cinayət işinin materiallarında iddia olunur ki, Anar Ağalarov xalası oğlanları Teymur Məmmədov və Fərid Məmmədli ilə birlikdə bu hadisəni törədib. İttihama əsasən, onlar Rəhilə Cəlilova və nəvəsini çoxsaylı bıçaq zərbələrilə qətlə yetiriblər. Həmin vaxt evdən 600 dollar da pul götürüldüyü də iş materiallarında əksini tapıb.

Adları çəkilən şəxslərdən Teymur Məmmədov vəfat etdiyinə görə onun qardaşı Fərid Məmmədli və xalası oğlu Anar Ağalarov birlikdə mühakimə olunacaq. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən Aygün Əzizova Cəlilabad rayonun icra başçısının müavini olmuş Asif Əzizovun qızı, Rəhilə Cəlilova isə qayınanasıdır.

Meydan TV

Gözdən qaçırmayın:  Parkinsondan əziyyət çəkən rejissor “The Kingdom” serialının növbəti hissəsinin çəkilişlərinə başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button