Now Reading:
Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi

Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi

Məhkəmə Fəxrəddin Məmmədovun İlham Əliyevə və bir neçə yüksək vəzifəli məmura qarşı iddia ərizəsini icraata götürüb

“13 ildir ki, haqlarım tapdalanır. 11 ildir məhkəmələrdəyəm, hüquqlarım bərpa olunmur. İllərlə yazıb göndərdiyim məktubların surətlərini, qəbzlərini toplayıb aparıb Heydər Əliyevin qəbrinin üstünə də səpələdim, ancaq nəticəsi olmadı. Haqsızlıqlar davam edir”. Bu il fevralın 12-də Səbail Rayon Məhkəməsi ölkə üçün yeni olan bir iddianı icraata qəbul edib. İddiaçı Oğuz Rayon Prokurorluğunun keçmiş müstəntiqi Fəxrəddin Məmmədov, cavabdehlərsə yüksək vəzifəli məmurlar – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadır.

Fəxrəddin Məmmədov Qarabağ müharibəsi veteranıdır, şəhid ailəsinin üzvüdür, hazırda işsizdir, Bakıda yaşayır. Meydan TV-yə danışır ki, 13 il əvvəl Oğuz Rayon Prokurorluğunda müstəntiq işləyərkən deputatlığa namizədliyini irəli sürdüyü üçün təzyiqlərlə üzləşib. İki il təzyiqlər altında işlədikdən sonra Baş prokuror Qaralovun əmri ilə “xidməti və icra intizamının kobud pozuntusuna görə” prokurorluq orqanlarından xaric edilib. Üstəlik, işdən çıxarlma əmri məzuniyyət vaxtına düşüb ki, bu da qanunaziddir.

O, 2007-ci ildə məhkəmədə “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair” iddia qaldırıb.

Səbail rayon Məhkəməsi iddianı icraata götürsə də, bir müddətdən sonra iddianı baxılmamış saxlayıb. Fəxrəddin Məmmədov illərlə məhkəmə yollarında qalıb. 7 il sonra – 2014-cü ildə diqqəti probleminə çəkmək üçün içərisi sənəd və qəbzlərlə dolu qovluğu da qoltuğuna vuraraq Fəxri Xiyabana gedib. Ötən 7 il ərzində prezidentə və başqa yüksək vəzifəli şəxslərə yazdığı məktubların surətlərini, göndərdiyi məktub və teleqramların 150-dən çox qəbzini Heydər Əliyevin qəbrinin üstünə düzüb.

Onun bu addımı Prezident Administrasiyasının diqqətini çəkib:

“Bu hadisə 2014-cü il, aprelin 29-da baş verdi. Məni oradan əvvəl Prezident Administrasiyasına götürdülər, dinlədilər. Haqsızlığa məruz qaldığımı və illərdir ki, haqlarımı məhkəmələrdə bərpa edə bilmədiyimi danışdım. Oradan nəzarət altında Baş Prokurorluğa getdim. Məni sorğu-sual etməl üçün işə Səbail Rayon Prokurorluğunun müstəntiqini cəlb etmişdilər. Mən də bildirdim ki, problemim Baş prokurorladır, bu məsələlərin Səbail Rayon Prokurorluğuna aidiyyəti yoxdur. Bu səbəbdən də heç bir izahat vermədim. Hələ prokurorluqda olduğum zaman xəbər tutdum ki, yerli saytlar guya mənim Şəhidlər Xiyabanında üzərimə neft tökərək özümü yandırmaq istəməyim, ancaq polislərin müdaxiləsi nəticəsində bunun baş tutmaması barədə xəbər yayıblar. Həmin gün axşam saat 8-də prokurorluqdan buraxıldım. Nəticə yalnız bundan ibarət oldu ki, mənə məzuniyyətsiz işlədiyim 15 ilin məzuniyyət pulunu ödədilər. Halbuki, tələbim təkcə bu deyildi, mənimçün ən vacibi işə bərpa idi”.

Beləcə, daha bir neçə il keçib. Bu illər ərzində Fəxrəddin Məmmədov İlham Əliyevə, Mehriban Əliyevaya, intihara cəhdlə bağlı barəsində yayılmış yanlış xəbərlərə təkzib verilməsi üçün daxili işlər nazirinə, Baş prokurora, Prezident Administrasiyasına məktublar göndərib. Lakin bu məktublarına cavab almayıb. Onun Səbail Rayon Məhkəməsinin işə baxılmaamış saxlanması haqqında qərarından 2015-ci ildə Konstitusiya Məhkəməsinə şikayəti də baxılmamış saxlanılıb.

Nəhayət, bu il fevralın 12-də o, Səbail rayon Məhkəməsinə gedərək, həmin qurumlara və şəxsən Mehriban Əliyeva ilə İlham Əliyevə qarşı iddia ərizəsini təqdim edib:

“Başlarını itirmişdilər, gah deyirdilər, yox, bu iddianı heç cür icraata qəbul edə bilmərik, gah deyirdilər, bir az gözlə, görək, neynirik… Dedim, vətəndaşam, hüquqlarım pozulub, zəhmət çəkin, iddiamı qəbul edin. Necə oldusa, axır ki, icraata götürdülər. İlham Əliyevlə Mehriban xanıma qarşı iddiam müraaciətlərimə cavab verməmələri və məni vətəndaş olaraq qəbul edib dinləməməklərinə görədir”.

Keçmiş müstəntiqin məhkəmədən tələbi odur ki, onu qəbul edib dinləməsi, şəxsən iştirakı ilə araşdırmaların aparılması, özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi öhdəlik olaraq prezident İlham Əliyevin üzərinə qoyulsun. 

“Prezidentin və vitse-prezidentin Qarabağ muharibəsi veteranı, 4 övlad atası, indiyədək adi bir inzibati xəta da törətməmiş, həmişə vicdanla xidmət etmiş vətəndaşına – yəni mənə qarşı olan bu saymazyana hərəkətlərindən mənəvi əzab çəkirəm..

Düşünürəm ki, İlham Əliyevə, Mehriban Əliyevaya və onların Prezident Adminstrasiyasına nə pisliyim keçib ki, mənə münasibətdə bu cür həqarətə, qeyri-insani münasibətə və ayri-seçkiliyə yol verirlər, bununla da bir vətəndaş olaraq mənim şərəf və ləyaqətimi alçaldırlar?

Hər seçkidə İlham Əliyevə səs vermişəm, hər dəfə ona teleqram və ya məktub göndərib qələbəsini təbrik etmişəm, dövlətin hər çətin vəziyyətində ona dəfələrlə yazılı müraciət göndərib özümün və ailə üzvlərimin köməkliyini təklif etmişəm. Bunları düşündükçə daha çox mənəvi əzab çəkir və stres keçirirəm. Sanki hər dəfə ətrafımdakılar məndən baxışlarıyla soruşur – hanı sənin təriflədiyin, hər seçkidən sonra təbrik etdiyin prezidentin, hanı birinci vitse-prezidentin? Sənə deyirdik axı, bunlar yalançı, yalnız özlərini və tayfalarını düşünən adamlardır”.

 

Fəxrəddin Məmmədov bunları iddia ərizəsində də yazıb. Keçmiş müstəntiqin iddia ərizəsi hakim Şahin Abdullayevin icraatına verilib. Məhkəmə iclasının mart ayının əvvəllərinə təyin olunacağı gözlənilir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.