SEÇMƏ

Keçmiş OMON-çu 29 il əvvəl baş vermis qətldə ittiham olunur

Yayımlandı: 31 Oktyabr 2022 13:46

Prokurorluq cinayət işinin icraatını yeniləyib

29 il öncə – 1993-cü il noyabrın 26-da Bakıda baş vermis qətlin üstünün açılması haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Söhbət Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahla qətlə yetirilməsindən gedir.

Rəsmi məlumatda bildirilir ki, Fikrət İbrahimovun qətli ilə bağlı cinayət işi başlanıb istintaq aparılsa da, hadisəni törədəni müəyyənləşdirmək mümkün olmadığına görə iş üzrə icraat dayandırılmışdır.
Nərimanov Rayon Prokurorluğunda bir müddət əvvəl icraat təzələnib.

“Prokurorluq və polis orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən edilib ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranmış narazılığa görə Fikrət İbrahimovun evinə gedib. Orada onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb və onun baş nahiyəsinə atəş açıb”, – rəsmi məlumat belədir.

Nazim Bayramova oktyabrın 28-də əvvəlki Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham elan edilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Nazim Bayramov vaxtilə Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) tərkibində fəaliyyət göstərib, Qarabağ döyüşlərində iştirak edib.

Meydan TV

Gözdən qaçırmayın:  AŞPA-nın 20 deputatı Azərbaycanla bağlı qətnamə qəbul edilməsini istəyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button