Keçmiş prezident xəyanət, korrupsiya ittihamıyla saxlanıb
Dodonun qaynı Petru Merineanu da saxlanıb. Onun dəlilin bir hissəsini udmaq istədiyi bildirilir
Antikorrupsiya prokurorları Moldovanın keçmiş prezidenti İqor Dodonun Kişinaudaki evində axtarış aparıb, onu saxlayıblar.
2016-2020-ci illərdə prezident olmuş, Rusiyanın dəstəklədiyi Dodon korrupsiya, qanunsuz varlanma, kriminal təşkilatdan siyasi ianə qəbulunda və vətənə xəyanətdə şübhəli bilinir. Yerli media bunu Baş Prokurorluğun sözçüsü Mariya Çerpeçə istinadla yazır.
Moldovanın Baş Prokuroru vəzifəsini icra edən Dumitru Robu Dodonun 72 saatlığa saxlandığını bildirib.
Partiyası ittihamları rədd edir
Dodonun qaynı Petru Merineanu da saxlanıb. Onun dəlilin bir hissəsini udmaq istədiyi bildirilir.
Dodonun Sosialistlər Partiyasının üzvləri mətbuat konfransı keçirərək ittihamları rədd ediblər. Onlar baş verənləri ictimaiyyətin diqqətini kasıblıq və sosial məsələlərdən yayındırmaq niyyəti güdən “ikiqəpiklik şou” adlandırıblar. Partiya üzvləri etirazlara çağırıblar.
Dodon 2020-ci ilin noyabrında qərbyönümlü, ABŞ-da təhsil almış siyasətçi Maya Sanduya uduzub. Sandu Qərblə münasibətlərin yaxınlaşdırılması tərəfdarıdır.
Avropanın ən yoxsul ölkələrindən olan Moldova martda, Rusiya Ukraynaya səbəbsiz hücuma başlayandan sonra Avropa İttifaqına üzv olmaq üçün rəsmən müraciət edib.
Qonşu Ukraynadan yüzminlərlə ukraynalı qaçqın Moldovaya üz tutub.