Cəmiyyət

“Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu” – Bəraət alan qadın

Azərbaycanda narkotik satma ittihamı ilə tutulmuş qadına bərəat verilib.

44 yaşlı Bərdə sakini Səadət Sadıqova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satma) maddəsi ilə təqsirli bilinərək 2021-ci ilin yanvarında saxlanılıb. Bu il fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il yarım həbs cəzası verib.

İttihamda göstərilib ki, S.Sadıqova satış məqsədilə 106,745 qram heroinlə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı həmin maddə onun üzərindən çıxıb. Qadın barəsində başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Lakin iş üzrə ifadələr hadisələrin başqa istiqamətdə cərəyan etdiyini göstərib. İfadələrdən və verilmiş vəsatətlərin araşdırılmasından sonra məlum olub ki, S.Sadıqova vaxtilə polis orqanlarında müstəntiq və istintaq şöbəsinin rəisi işləmiş Təhməz Astanəliyevə məxsus evdə kirayənişin olub. Bu müddətdə onun T.Astanəliyevin oğlu Vüsalla münasibətləri yaranıb. Lakin ata onların münasibətindən narazı olub. Səadətin oğlunu narkotik aludəçisinə çevirdiyini iddia edərək ondan şikayət edib, sonda isə şəxsi əlaqələri sayəsində onu həbs etdirib.

S.Sadıqova məhkəmə ifadəsində deyib ki, o, heç vaxt narkotik alverçisi olmayıb: “Məni evində kirayə qaldığım Təhməz Astanəliyev tutdurub. Buna səbəb isə onun oğlu Vüsal Astanəliyevlə münasibətim olub. O, dəfələrlə münasibətlərimizə son qoymaq üçün məni şikayət edib. Sonuncu dəfə şikayət edəndə isə polis əməkdaşı cibimə narkotik qoyub məni şərlədi. İstəmədiyim vəkilin iştirakı və guya videoçəkilişlə baxış zamanı üstümdən narkotik çıxardılar”.

Yasamal RPİ-nin qadın inspektoru Səadət Sadıqovanın üzərində axtarış apardığını və gödəkçəsinin cibindən sellofan paketə bükülmüş kütlə aşkar etdiyini bildirib. Baş təhqiqatçı isə deyib ki, sellofanı açdıqda içərisində heroinə bənzər maddə aşkar edib. Səadətə dövlət hesabına vəkil təyin olunub. Səadət Sadıqova öz vəkilinin iştirakını tələb etsə də, onun vəkili gəlmədən üzərinə baxış keçirilib.

Məhkəmədə ifadə verən polis əməkdaşlarının sözlərinə görə, əməliyyat məlumatı əsasında Səadət və Vüsalı Yasamalda birlikdə olarkən tutublar. Maraqlıdır ki, axtarış zamanı Vüsalın üzərində heç bir narkotik maddə aşkarlanmayıb.

Təhməz Astanəliyev istintaqa verdiyi ifadəsində deyib ki, o, 2016-cı ildə Masazırda yerləşən evini Səadətə kirayə verib: “Sonradan öyrəndim ki, Səadət narkotik satışı ilə məşğuldur. Evimdə kirayədə yaşadığı dövrdə oğlum Vüsalı da narkotik aludəçisinə çevirdi. Ona narkotik sataraq həyatını məhv etdi. Səadətin əvvəllər də narkotikə görə həbs olunduğunu öyrəndim. Vüsalı özündən asılı salıb onunla birgə yaşamağa başlamışdı. Onun tutulmasından xəbərim olmayıb. Mən heç kimə Səadətin tutulması ilə bağlı sifariş verməmişəm”.

Vüsal Astanaliyev isə istintaqa bildirib ki, Səadətlə uzun müddət normal münasibətləri olub: “Buna görə də bəzi vaxtlarda görüşüb birlikdə vaxt keçirirdik. 28 yanvar 2021-ci ildə Səadətlə Yasamalda olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdilər. Daha sonra bizi narkotik əldə olunmasında şübhəli şəxs kimi polisə apardılar. Üzərimizdə axtarış aparıldı. Məndə hər hansı qadağan edilmiş əşya aşkar edilmədi. Mən narkotik vasitələrdən istifadə etmirəm, satmıram. Səadətin üzərində heroin olmasından, həmçinin satmasından məlumatım yoxdur”.

Gözdən qaçırmayın:  Buzovna çimərliyi hasarlardan azad edilir: “Adi adamlar bura gələ bilmirdilər”

İş üzrə məhkəmə-narkoloji ekspertizasından sonra Səadət Sadıqovanın tiryək istifadə etdiyi müəyyən olunsa da, onda narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmayıb. Bundan başqa, onun mobil telefonundan iş üçün əhəmiyyət kəsb edən hər hansı dəlil çıxmayıb. Vatsap yazışmalarında “Fatooooooo” kimi qeyd edilən şəxsin “İnşaatçılar metrosundan keçən kimi sağda 9 mərtəbə görəcəksən. 3-cü blokdan girən kimi sola dönürsən, solda “raşotka” var, oradan əlini salarsan, sol tərəfdə… Götür get, qapının kodu …, xeyirli olsun” məzmunlu mesaj aşkar edilib. Həmin yazışmada narkotik vasitələrin elektron tərəzidə çəkilməsi ilə bağlı fotoşəkillər çıxıb. Lakin istintaq Səadətin heroin əldə etdiyi şəxsin kimliyini müəyyən edə bilməyib.

Məhkəmə isə bu qənaətə gəlib ki, Səadətin cinayəti törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon mesajları, iş üzrə tanınmış maddi və digər sübutlarla təsdiqini tapıb. Səadət Sadıqovanın üzərində daha əvvəldən çəkilməmiş 2 ilə yaxın azadlığın məhdudlaşdırılması cəzası qaldığına görə, cəzaların qismən birləşdirilməsi yolu ilə Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib.

S.Sadıqovanın vəkili Vasif İsrafilov hökmdən apellyasiya şikayəti verib. Şikayətdə göstərilib ki, Səadət Sadıqovanın saxlanılmasına səbəb onun əvvəllər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışmış Təhməz Astanəliyevin oğlu ilə münasibətdə olması olub. Belə ki, Səadət vaxtilə narkotik istifadə etsə də, hazırda isə satışı və istifadəsi ilə məşğul olmadığını göstərib. Vəkil qeyd edib ki, istintaqın təqdim etdiyi mobil nömrələr də müvəkkilinə məxsus deyil. Eyni zamanda Vüsal da ifadəsində Səadətin üzərindən narkotik olmadığını, atasının onu tutdurduğunu bildirib. Hətta T.Astanəliyev bir dəfə onun evinə basqın da edibmiş. Üstəlik axtarış zamanı çəkilən videoda da Səadətin ona dövlət hesabına təyin olunmuş vəkildən imtina etdiyini, buna baxmayaraq, həmin vəkilin baxış protokoluna özbaşına imza atdığı görünür. Vəsatətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin mesajlaşma və mobil telefonların yoxlanılması ilə bağlı verilmiş vəsatətləri təmin etmədiyi qeyd olunub. Bu isə hökmü şübhə altına alan məqam kimi göstərilib.

Apellyasiya şikayətində qeyd olunub ki, Sadıqova tutulduğu vaxtdan düz 4 saat sonra üzərində baxış keçirilib. Üstəlik, ittiham tərəfi xanımın üzərindən tapılmış narkotikin satış məqsədilə gəzdirildiyini sübuta yetirə bilməyib. İş üzrə sübut kimi isə yalnız polis əməkdaşlarının ifadələri qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları və vəsatəti araşdırıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Məhkəmə bu qənaətə gəlib ki, birinci instansiya sübutlara əsaslanmadan hökm çıxarıb. S.Sadıqovanın cinayət işinə bəraətverici əsaslarla xitam verilib və o məhkəmə zalından birbaşa azadlığa buraxılıb. (Qafqazinfo)

24 saat” ““Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu” – Bəraət alan qadın” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button