2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Keşikçilərin dəyişməsi: Media haqqında qanun KİV haqqında qanunu əvəz edir

***

-Seymur bəy, Azərbaycanda yeni media qanununa zərurət varmı? Media haqda qanunvericilik beynəlxalq standartlara, eləcə də KİV-in və jurnalistlərin fəaliyyətinə imkan vermirmi?

-Suala qısa cavab versək, rahatlıqla “var” deyə bilərik. İndiki qanun 1999-cu ildə qəbul edilib və bu günədək 20-dəfəyə qədər əlavə və dəyişikliyə məruz qalıb. Belə deyək, müasir standartlara cavab vermir. Sualın ikinci hissəsini də qısa cavablandırsaq, xeyr, imkan vermir, çünki bu, əlavə və dəyişikliklər məhdudlaşdırıcı xarakter daşıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

-Amma media qanunvericiliyinə dəfələrlə geriləyici dəyişikliklər edilib. İndi də yeni media qanununun hazırlanması KİV-in fəaliyyətini məhdudlaşdırmaq, ona müdaxilə məqsədi daşıya bilməzmi?

-Bu günədək media və onunla bu və ya digər formada əlaqəli olan qanunların hamısı geriləyici əlavə və düzəlişlərə məruz qalıb. Bu barədə çox danışıldığından həmin qanunların adını təkrar-təkrar çəkməyə gərək duymuram. Yeni qanunun da əvvəlkilərdən fərqli olacağını düşünmürəm. Bəli, deyə bilərlər ki, ortada heç layihə də yoxdur, amma onu indidən tənqid edirik, amma razılaşaq ki, yuxarıda da qeyd etdiyimiz kimi, media və media ilə bağlı qanunlarda bu günədək müsbət istiqamətdə hansısa dəyişikliyin şahidi olmamışıq. Yəni, bugünki gümanlarımız keçmişdəki pis təcrübələrə əsaslanır. Yeni yaradılmış MEDİA adlı agentliyin də nizamnaməsinə baxanda orada xeyli mübahisəli məqamlar var. Agentlik onlayn və çap mediasında inzibati xətalar aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görə bilər. Əgər cinayət əlamətləri aşkar edilərsə, agentlik aidiyyatı qurumlara məlumat verəcək. O zaman sual yaranır, kim müəyyənləşdirəcək ki, jurnalist inzibati xəta edib, yoxsa cinayət əməli törədib? Bu agentliyin əməkdaşları arasında hüquq-mühafizə, prokurorluq orqanlarından kimsə olacaqmı? Suallar çoxdur…

-Sizcə, niyə yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılmır? Və yaxud media rəhbərlərinin, müstəqil jurnalistlərin təklifləri toplanılmır? Ola bilərmi,  jurnalistləri qanun çərçivəsinə salıb, idarə etmək istəsinlər?

-Yuxarıda haqqında danışdığım pis təcrübə deyəndə, elə bunları nəzərdə tuturdum. Doğrudur, 1999-cu ildə KİV haqqında Azərbaycan Respublikası qanunu qəbul ediləndə Milli Məclisdəki müzakirələrə deputatlardan başqa digər qruplar da qatılmışdı. Sonrakı illərdə baş verənlər barəsində cəmiyyətə, mediaya ancaq nəticəni bəyan etdilər. Yəni, filan qanun qəbul olundu, filan dəyişiklik edildi və s. Diffamasiya haqqında qanunun da layihəsi əllərdə gəzir, amma hələ də qəbul olunmayıb. Ölkə mediasına qeyri-rəsmi nəzarət edən müəyyən qrup vəzifədən getsə də onların qoyduğu ənənə hələ də yaşayır. Halbuki, 1999-cu ildə KİV haqqında qanunun hazırlanması üzrə işçi qrupunun rəhbəri, o vaxt deputat olmuş Rizvan Cəbiyev bunu “cəmiyyətin ən həssas qanunu” adlandırmışdı. Biz də belə yanaşırıq, ən həssas qanun kimi. Çünki söz, mətbuat azadlığı ən həssas məsələdir. İndiki zamanda daha çox həssaslıq tələb edir, həm də yeni informasiya- kommunikasiya texnologiyalarının inkişafı fonunda, saxta xəbər və dezinformasiyaların ayaq açdığı bir dövrdə.

-Siz jurnalist olaraq Medianın İnkişafı Agentliyi yarandığı gündən bu yana medianın fəaliyyətində və ya mediaya yanaşmada hansısa dəyişiklik hiss etmisinizmi?

-Agentlik yəqin ki, indiki halda bütün potensialını qanun hazırlığına yönəldib. Bir dəfə də mətbuat katibləri üçün təlim keçiriblər. Sonra agentliyin rəhbəri Əhməd İsmayılov vahid jurnalist kartı ilə bağlı açıqlama verdi ki, bu da böyük qrup tərəfindən narazılıqla qarşılandı. Yaxşı olardı ki, müstəqil media mənsubları ilə də görüşlər keçirilsin və onların təklifləri nəzərə alınsın.

– Bu qurumun əsasnaməsində azad mətbuat, azad söz, müstəqil media və yaxud medianın dayaqlarının gücləndirilməsi kimi müddəalar yoxdur. Belə nəticə çıxarmaq olarmı ki, hökumətin məqsədində də bunlar yoxdur?

-Azərbaycan Konstitusiyası hər kəsə söz azadlığı haqqını tanıyıb, bir qədər də dərinə getsək qoşulduğumuz beynəlxalq konvensiyaları da tanıyır. Nəzəri cəhətdən problem yoxdur. Təcrübədə isə bunların əksini görürük. Medianın dayaqları və adını çəkdiyiniz hansısa məqamların bu nizamnamədə əks olunması önəmli deyil. Önəmli olan qanunvericilik bazasının təkmilləşdirilməsidir. Çünki qanun bütün nizamnamələrdən üstündür. Qanun azad söz, müstəqil media kimi faktorları qabardırsa və bunu dövlətin qarşısına vəzifə kimi qoyursa, üstəlik, buna əməl olunursa nizamnamənin nə yazdığı önəmli deyil.

-Jurnalistlərin vahid kartla fəaliyyəti kimləri isə məhdudlaşdırmaq niyyəti daşıya bilərmi?

-Bu təcrübə bir dəfə tətbiq olunub və nəticəsi olmayıb. Mətbuat Şurası bir tərəfdən bu tip vəsiqələr paylayırdı, digər tərəfdən də şikayətlər üzrə bir komissiya yaratmışdı. Həmin komissiyaya müraciət edənlərin 90 faizi də reket jurnalistlərdən şikayətçi idi. Deməli, effekti olmadı, başqa metodlar düşünmək lazımdır. Medianın İnkişafı Agentliyi ölkədə medianın inkişafına imkan verən qanunvericilik bazasının formalaşdırılmasına çalışmalıdır, reklam bazarının inkişafına, medianın maliyyə dayaqlarının inkişaf etdirilməsinə öz töhfəsini verməlidir. Vahid kart kimlərə veriləcək? Kimin jurnalist olduğunu və ya olmadığını kim təyin edəcək? Medianın İnkişafı Agentliyinin bu məsələlərə subyektiv yanaşmayacağına kim təminat verə bilər?!

-Siz nə təklif edərdiniz? Medianın azad, normal fəaliyyəti üçün qanun lazımdır, yoxsa şərait?

– Dünyanın ən ədalətli qanununu qəbul et, amma onun işlək mexanizm olması üçün şərait yoxdursa, deməli bu qanun kiməsə lazım deyil. İdealda ikisi də lazımdır, amma şərait daha önəmlidir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button