2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Kirli vicdanlar və pul yuyan aparatlar

Ənnağı Hacıbəyli

Üç milyard olayı ən yüksək korrupsiya görsənişi olsa da, onun pozitiv məqamları da oldu. Vəkil Elçin Qənbərovun “yazıçılığı”, “pulyuyan maşın”la bağlı danışdırılanlar və nəhayət “26-lar” kafesi. Vəkilin memuarının məhz indi üzə çıxarılması, Mübariz Mənsimovun və başqalarının danışdırılması, Hacıbalanın kafeyə basqın şousu məhz “pulyuyan maşın” olayının ikinci plana keçirilməsi, ictimai diqqəti dünyanı qarışdırmış bu dəhşətli faktdan yayındırmaq cəhdidi.

Saytların yığılması Saytlarin yigilmasi

Memuar

Qəfil peyda olmuş memuarçı haqda KİV-də məlumat yayıldı ki, onun barəsində dələduzluqla bağlı cinayət işi var. Güman edildi ki, memuarın peyda olması cinayət məsuliyyəti ilə barter əməliyyatıdı. Hətta indiyədək ehtiyatda saxlanmış bəzi adamların danışdırılması, 26-ların varislərinin iyirmi altılar aqoniyası nəticəsizliyi indidən bəlli olan mənasız resurs xərcləridi. Olsun, Sahibkarın öz resurslarını nəyə və necə xərcləmək azadlığı var və ona müdaxilə bizim tapındığımız liberal dəyərlərə uyğun deyil.
Memuarla bağlı başlıca irad vəkil etikasının pozulmasıdı. Bununla kimsənin mübahisə etmək şansı yox. Amma bu, vəkil etikasından çox insanlıq qanunlarına xəyanətdi. Darda qalan adamı, qadını müdafiəyə getmiş və ya göndərilmiş adamın belə davranışı heç bir çərçıvəyə sığmır və onun heç bir bəraəti yoxdu. Sənə ünvanlanmayan məktubu oxumaq isə hətta orta əsrlərdə də ləyaqətli iş sayılmırdı.
Əksər adamlara, o sıradan Leyla Yunusa münasibətim birmənalı deyil və bunu çox təbii sayıram. Onun bəlli müracıətlərinə münasibətim də birmənalı deyil. Amma adamı qınayanda özünü onun yerinə qoymalısan və konkret situasiyaya adekvat qiymət verməlisən. Əks halda qiymətinə yaxşı qiymət gözləmə.
QHT-lərlə bağlı qaldırılmış cinayət işi üzrə istintaqın müddətini 41 aydan sonra daha üç ay uzatmış, barəsində heç bir cinayət işi olmayan adamların hüquqlarını 4 il pozmaqda davam edən baş prokuroramı şikayət yazmalıydı Leyla xanım? Administrativ orqanların buyruq quluna çevrilmiş məhkəmələrə verdiyi şikayətlərin ikrah doğuran nəticələri ilə, türmədəki özbaşınalıqlarla üz-üzə qalmış adam nə etməli idi?
Elə burdaca qeyd edim ki, siyasi məhbusların əfv ərizəsi yazmasına münasibətimi soruşanların hamısına – jurnalistlərə, hətta hüquqçu dostlarıma illərlə eyni cavabı vermişəm: ya birinci təklifdən əfv ərizəsi yazıb çöldə mübarizəni davam etdirmək, ya da sonadək dözüm göstərmək gərəkdi. Bu baxımdan Leyla xanımın müraciətlərinə normal yanaşıram. O, həbsdən hər hansı öhdəlik götürmədən çıxdığına görə. Daha çox ona görə ki, birinci, Leyla xanım ölkədəki gerçəkliyi yaxşı bilirdi, bilirdi ki, ölkədə məhkəmə və hüquq mühafizə deyilən bir şey yoxdur və hər şey bir ailənin iradəsinə bağlıdı. İkinci, İlqar Məmmədov, Əli İnsanovun və daha bir üzdənirağın timsalında o bilirdi ki, beynəlxalq qurumların qanuni tələbləri də bu hakimiyyət üçün heç nə demək deyil. Üçüncü, səhhətindəki ağır problemlərlə və hamıdan artıq təzyiqlərlə bağlı Leyla xanım əslində yaşam mücadiləsi verirdi və soyuducusunda ərzağı bir balaca azaldığından əqidəsini satanların onu qınaması heç bir tənqid mövzusuna layiq deyil. Leyla xanım bu şəraitdə hər şeyə qadir, hər bir məsələnin həlli səlahiyyətini mənimsəmiş hakim ailəyə müraciət edib. Bu onun qərarı, onun seçimi, onun müdafiə taktikası, onun düzü və onun yanlışıdı. Bu onun avtobioqrafiyasının realist baxışında çox güman ki, bəraət alacaq cümləsidi.

Danışdırılanlar

Əslində, onlardan danışmağa vaxt sərf eləməyi mənasız sayıram. Vergilərin boğduğu iş adamlarının, məhkəmə və istintaqda təhqiramiz duruma salınmış hüquqçuların, bir-iki otağa görə peşəsini hərraca çıxarmış jurnalistlərin barəsində nəsə deməyə ehtiyac yoxdu. İndi ən ucqar dağ kəndində də belələrinin təbliğatı boşuna işləyir. Üç milyardın 7,7 milyonunun şərəf işinə xərcləndiyini gözə soxanlara cavab vermişdim ki, şərəf məsələsini şərəflə həll edərlər. İkinci, bəs qalan məbləğ barədə niyə susursunuz?
İndi hakimiyyətə haqq qazandıran “obyektiv” mütəxəssislər – politiloqlar, hüquqçular peyda olub və onlar guya bu sifarişləri abırlı şəkildə, ağılla icra edirlər.
Nahaqqın abırlı və ağıllı müdafiəsi olmur.

26-lar

Bu kafe uzun müddətdi ki, işləyirdi. Şəhərin mərkəzində, hamının gözü qarşısında. “26-lar” hətta o komissarları bildirsə də, onun kafe adı kimi istifadəsində anormal heç nə yoxdu. Anormallıq, əxlaqsızlıq kafenin içində ola bilər. Anormal, əxlaqsız sayılmalı olan ölkəni korrupsiya bazarına çevirməkdi. Araşdırın, görün o kafenin açılması neçəyə başa gəlib.
Adın bəhanə olduğu hamıya bəlli.
26-ların nəvələrinin qəfil nifrəti bu olayı həmin o maşında yuya bilməmələridi. Onu AYB-nin maşınında yuyurdular. AYB rəhbərliyinin – icarədar xalq yazıçılarının qəfil sərt reaksiyası da bunu sübut elədi. “Pulyuyan maşın”a müstəsna hüququ olanlar xalq yazıçılarına yerlərini göstərdilər və üstəlik, maşın üçün dividend də qazandırdılar. Bu maşının sürücülük hüququ hər adama verilmir. Xalqın evlərinin uçurulmasını qəlyanın qalın tüstüsü arxasından görməzliyə vurmaq bəraət deyil. Daha qiymətli dəyərlər var və sənin heç bir xidmət müqabilində o dəyərlərə toxunmaq haqqın yoxdu.
Haqq hax tələb edir. Dəfələrlə, hər gün, ölənədək.
Özünüzü ölülüyə vurmayın.

Yazı müəllifin FB səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button