ÖLKƏ

Kitab oxuyan adamların cinayəti

Natiq Adilov

Düzdür, bizim ölkədə konstitusiya işləmir, amma yenə də biz onda əks olan bir mühim maddəni yada salaq: Təqsirsizlik prezumpsiyası.

Bu nə deməkdir? Yəni, bir insan hər hansı bir cinayətə görə saxlanılıbsa, tutulubsa bu hələ onun cinayətkar adlandırılması üçün kifayət deyil. Ancaq məhkəmə hökmündən sonra demək olar, o canidir. Bu insanları şərdən qorumaq üçün hüquqşünasların, filosofların düşündüyü bir faydalı prinsipdir. Çünki, elə şübhə hətta əsaslı ola bilər, saxlanan şəxs hətta etiraf edə bilər ki, o işi mən görmüşəm (yada sal: MTN-də saxlananda Hacı Məmmədov Elmar Hüseynovu öldürdüyünü etiraf etmişdi). Bunlar kifayət deyil. O qədim vaxtlarda idi, yeni dövr tələb edir ki cinayət işi təkcə etirafla kifayətlənməsin, araşdırma getsin başqa, kənar dəlillərlə cinayətin tutulan şəxsə aid olunduğu sübut olunsun. Bu məsələnin müqəddiməsi.

Bu müqəddiməni ona görə yazdım ki, Nərminə görə ötən gün saxlanılan şəxsi nə cani elan etmək fikirim, nə məsul saymaq niyyətim yoxdur. Deyəcəklərim başqadır. Daha çox maarifçiliyə, savadlı olmağa kor itaətdir. Yazırlar ki şübhəli şəxs 3 dil bilib (İlham Əliyevin ilk dəfə prezidentliyə namizəd olarkən aparılan təbliğat yada düşür), Moskvada universitet qurtarıb (Lənət şeytana, yenə bir nəfəri yada salır) və s. və i.a Nolsun, deyirəm və qətiyyən cani mütləq o adamdır iddiasına düşmədən. Mən sadəcə soruşuram, ay camaat, mütərəqqi dünya azı 70 ildir bu söhbəti (oxumuş adam yaxşı, ədalətli, təmiz adamdır), dəfn edib. Siz deyən məsələ 200-300 il əvvəl idi ki, müdriklər sidqi dildən etiqad edirdilər ki, insan kitab oxusa, savadlansa, yazmağı, film çəkməyi bilsə arınacaq, dürüst olacaq, xatalı işlərdən uzaq dayanacaq. Bu olmadı. Eşidirsinizmi, olmadı.

Savadlı, oxumuş adam cinayəti daha peşəkar, tülkücəsinə edə bilir. Savadlı oxumuş adam baş da kəsə, oğurluq da edə, yalan da danışa bilir. Niyə uzağa gedirsiniz? Bəyən sizin “deputatlarınız” nazirlərinin, polislərinin orta təhsillidir? Yox. Hamısının 2-3 diplomu var. Bəs onlar öldürmür, şərləmir, yalan danışıb, əclaflıq etmir? Edənləri də var, etməyəni də.

Yaxşı deyəcəksiniz ki Azərbaycan heç, orda nənəm də evdə oturub diplom ala bilər. Razı. Bəs məsələn, qabaqcıl ölkədə savadlı adamların törətdiyi cinayətlərdən xəbərdarsınızmı? Məsələn, bilirdinizmi İŞİD sıralarında nə qədər Qərbdə təhsil alan proqramçı, mühəndis, həkim var?
Al-Kaidanın indiki rəhbəri Doktor Zəvahiri 3 dildə danışa bilir, özü də cərrahdır. Yaxud, ABŞ-da məktəbliləri güllələyən adam da danabaş biri deyildi.

Xülasə, 300 il geridə qalan və həyatiliyin itirən idealarla özümüzü aldatmayaq. Bu statusu da elə qəbul etməyin ki, kitab oxumaq, özünü inkişaf etdirmək boş şeydir, adamın canında nə varsa, o da olacaq. Xeyr, xeyr. Mən belə düşünmürəm. Bu mövzuda mən Sokrat bəyin baxışların bölüşürəm. O da maarifçi idi, deyirdi insanın bədbəxliyinin səbəbi bilməməkdir, bəsit desək savadsızlıq. Ondan da soruşurdular ki, bəs axı filankə BDU-nun hüquqnu qurtarıb, o da bilmir. Deyirdi ki, bildikləri, öyrəndikləri səhvdir, yaxud dərin deyil. Elm, dünya, savad bir okeandır, universitetdə bir onun uzaqbaşı bir çömçəsini öyrənirik. O bir çömçə isə nədənsə çox təkəbbürlü edir, elə sanırıq ki, dünyanı, kainatı, insanı çözmək qüdrəti bizdə zühur edib. Elə deyil, bağışlayacaqsınız.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Buna da baxın
Close
Back to top button
Close
Close