ManşetXəbərlər

KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Yanvarın 31-də Azərbaycanda 10-dan çox qəzetin çap versiyasını dayandırdığı barədə məlumat yayıldı. Siyahıda olan qəzetlərin redaktorlarının bəziləri susmağa üstünlük versələr də, bir neçə redaktor qəzetin çap versiyasını dayandırdığını açıqladı. Səbəb kimi o göstərildi ki, Fond fevral ayının 1-dən etibarən qəzetlərin maliyyləşməsi üçün şərtlərini dəyişdirib. Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi.

Sonrakı mərhələdə bu şərtlərə yenidən baxıldı. 2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən isə, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündəlik (fevralın 1-dən) səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur. Şərtlərdən biri də budur ki, qəzet mütləq rəngli çıxmalıdır. Qəzet redaktorları bildiriblər ki, Fonddan ayrılan məbləğlə bu şərtləri ödəyərək qəzet çıxarmaq mümkün deyil. Bu səbəbdən də çap versiyasını dayandıraraq, fəaliyyətlərinə onlayn rejimdə davam edəcəklərini bildiriblər.

Az24saat.org-a daxil olan məlumata görə, KİVDF-nin illərdir maliyyələşdiridiyi qəzetlərin sayının azaldılması ilə bağlı plan bir neçə ay əvvəldən mövcuddur. Yuxarı dairələrdə belə qərar qəbul olunub ki, çox az sayda çap mediası saxlamaqla, qəzetlərə ayrılan pulun yerdə qalan hissəsi onlayn mediaya ayrılsın. Buna görə də, KİVDF rəhbərliyi “gözdən çıxarılan” qəzet rəhbərləri ilə söhbət apararaq, çap versiyasını dayandırmalarını istəyib.

Ancaq onların qarşılarına şərt qoyulub ki, əməkdaşları işdən çıxararaq “mediada işsizlik ordusu” yaranmasına imkan verməsinlıər. Əvəzində isə onlar indiyədək çap versiyası üçün ayrılan pulun 50 faizini alacqlar. Bir çox baş redaktorlar isə bununla könüllü razılaşıb…

Ancaq planlama yanlış zamana təsadüf edib (bəlkə də təsadüfi olmayıb). Bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edib. Azərbaycanın son bir il ərzində iqtisadi uğurlar əldə etməsi və ölkənin Davos İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilərək reytinqdə daha irəli sıralara gəlməsi barədə ən yüksək səviyyədə açıqlamalar verib. Belə bir vaxtda Azərbaycanda onlarla qəzetin hakimiyyətin maliyyə ayırmaması – və ya daha ağır şərtlərlə verməsi – səbəbilə qəzetlərin çap versiyasını dayandırması xarici medianın da diqqətindən yayınmadı.

Davosdakı uğurların ardınca maliyyə çətinliyi səbəbilə qəzetlərin bağlanması, əslində, iqtisadi vəziyyətin o qədər də yaxşı olmaması qənaəti yaradıb ki, bu da qonşu ölkələrin mediasında yer aldı. Bundan sonra ölkə başçısı məsələni daha detallı araşdırıb və birdən-birə bu qədər media orqanınını çapının dayandırılması ilə bağlı aparılan proses onun narazılığına səbəb olub. “Səhvi” düzəltmək üçün KİVDF rəhbərliyinə dərhal tapşırıq verilib. KİVDF isə öz növbəsində qəzet redaktorlarını çağıraraq, əvvəlki qayda ilə fəaliyyətlərinə davam edə biləcəkləri (hələlik aprel ayınadək) deyilib. Yeni şərtlərə isə bir daha baxılacağı bildirilib.

24saat.org saytına daxil olan məlumatda məsələnin “təsadüfi pis zamanlama” ilə bağlı olmadığı, müəyyən qüvvələrin ölkəyə qarşı təxribat cəhdi olduğu da deyilir…

Az24saat.org

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button