Kiyevdə AzadlıqRadiosunun əməkdaşı həlak olub
Qiriç mərmi düşən yaşayış evində olub. Onun meyiti bu gün səhər dağıntılar altından çıxarılıb
Kiyevə raket zərbəsi nəticəsində AzadlıqRadiosunun əməkdaşı Vira Hiriç həlak olub. Məlumatı onun həmkarı Aleksandr Demçenko yayıb.
Demçenkonun sözlərinə görə, Qiriç mərmi düşən yaşayış evində olub. Onun meyiti bu gün səhər dağıntılar altından çıxarılıb.
“Bu, Vira Hiriçin kiçik maşınıdır. İki il qabaq onunla bizi Nemeşaevoya apardı, işğal olunmuş ərazilərdə informasiya axtarmaq barədə danışdı. Vira daha yoxdur. Rusiya raketi onun evinə düşüb, Vira bütün gecəni orda qalıb, onu səhər tapıblar”, – jurnalist yazıb.
Aprelin 28-də Kiyevə azı iki zərbə endirilib. Şəhər hakimiyyəti raketlərdən birinin Şevçenko rayonunda 25 mərtəbəli evə düşdüyünü bildiriblər. Nəticədə 10 nəfər yaralanıb. Bu gün Kiyev meri dağıntılar altından bir meyitin çıxarıldığını açıqlayıb.
Rusiyanın Müdafiə Nazirliyi isə yüksək dəqiqlikli silahlarla Kiyevdə “Artyom” raket-kosmik sənaye müəssisəsinin korpusuna zərbə endirildiyini bildirib.
Rusiya fevralın 24-dən Ukraynanı işğal etməyə başlayıb. Yaşayış məhəllələrinin, xəstəxanaların vurulmasına dəlillərin mövcudluğuna baxmayaraq, Moskva mülki obyektləri hədəfə almadığını bildirir.