2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

‘Klassik senzura’: Kreml medianı küncə sıxır

Qolunovun sözlərinə görə, Rusiyanın bir çox media orqanı artıq hədəfdə olan materialları silməyə başlayıb. Onlara ya xəbərdarlıq edilib, ya da özünüsenzura olaraq, informasiyanı yaymamaq qərarı veriblər

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftə Rusiyanın mediaya nəzarət agentliyi Roskomnadzor media qurumlarına onlarla məktub göndərib. Onlara həbsdə olan müxalifət lideri Aleksey Navalnının qadağan olunmuş təşkilatının korrupsiya araşdırmaları haqda onlayn məqalələrin silinməsi göstərişi verilib. Əks halda, vebsaytlar bloklana bilərlər.

Rəsmi göstəriş heç də məqalələrin, yaxud orijinal araşdırmaların məzmunu ilə əsaslandırılmır. Navalnının Antikorrupsiya Fondunun (FBK) ötən il “ekstremist” təşkilat kimi qadağan edilməsi səbəb göstərilir. Navalnı və bir çoxları bu təsnifatı əsassız və siyasi motivli hesab edir.

Rusiya hökumətinin ötən iyulda “arzuolunmaz təşkilat” siyahısına saldığı “Proyekt” araşdırma jurnalistikası layihəsinin bir sıra tədqiqatları da hədəfə alınıb.

Tənqidçilər Kremlin sözügedən təsnifatlarla korrupsiyanı və digər problemləri ifşa etmək cəhdlərini boğmaq niyyəti güddüyünü deyirlər.

“Bunun senzuradan başqa adı yoxdur”

Araşdırmalarda Prezident Vladimir Putin, keçmiş prezident Dmitri Medvedev, Rusiya hakim elitasındakı digər şəxslərə korrupsiya iddiaları səslənib və bu iddialar cavabsız qalıb.

“Bu materialların çıxarılması aşkar klassik senzuradır”, – “Insider” onlayn araşdırma orqanının baş redaktoru Roman Dobroxotov deyib.

“Bəhanənin nə olmasının, keçmişə aid edilməsinin dəxli yoxdur. Bürokratlar, yaxud təhlükəsizlik agentlikləri özlərinin korrupsiyası haqda materialı çıxarırlarsa, bunun senzuradan başqa adı yoxdur”, – o, sözlərinə əlavə edib.

Bu göstərişlər Rusiyada bir sıra media orqanlarını çətin seçim qarşısında qoyub – ya əməl etməlidirlər, ya da Rusiyada de fakto qapadıla bilərlər. Tezliklə YouTube kimi beynəlxalq texnologiya nəhəngləri də oxşar vəziyyətlə üzləşə bilərlər.

“Hər tərəfə çubuq batırırlar. Medianın və beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlayırlar. Media bununla razılaşsa, əlavə senzura dalğaları gözləyə bilərik”, – Dobroxotov söyləyib.

AzadlıqRadiosu-nun mövqeyi

Xəbərdarlıq alanlar içində Dojd, Novaya gazeta, Exo Moskvı, digər media orqanları var və çoxları artıq göstərişə əməl edib.

AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, “Current Time” daxil digər rusdilli layihələri də fevralın 4-dən 5-nə keçən gecə onlarla bildiriş alıblar.

Radio dərhal bu tələbə əməl etməyəcəyini bəyan edib. AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay bunu “siyasi senzura” adlandırıb.

“AzadAvropa/AzadlıqRadiosu Kremlin bizim redaksiya qərarlarımızı diktə etməsinə imkan verməyəcək. Bu, yalnız həqiqəti söyləyən jurnalistlərdən qorxan hökumətin biabırçı siyasi senzura hərəkətidir”, – Flay bəyanatında deyib.

Siyahı hələ tam deyil

AzadlıqRadiosu-na danışan rusiyalı jurnalistlər ilkin xəbərdarlıq axınının daha uzaq hədəflərin yalnız başlanğıcı olduğunu deyiblər.

“Bu qanunları qəbul etdilər ki, onlardan istifadə etməsinlər? Məncə bu tamamilə gülüncdür”, – Dobroxotov söyləyib.

“Roskomnadzor”un göstərişinə əməl etmiş Meduza-nın araşdırmaçı jurnalisti İvan Qolunovun fikrincə, rəsmilər hələ silinməyini tələb edəcəkləri araşdırmaların yekun siyahısını açıqlamayıblar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button