Loading...
Loading...
Gündəm

Köçkün: “Evim əşyalarıyla bərabər yanıb, dəymiş zərər ödənilmir”

“Evdən bir çöp də çıxara bilməmişik, hələ də qonşuların verdiyi odeyallara bürünüb yatırıq”

“Bir il dörd aydır ki, bütün əşyalarımız evimizlə birlikdə yanıb. Yatmağa yorğan-döşəyimiz də yoxdur. Mənə dəymiş zərəri tələb edirəm, əvəzində icra hakimiyyətinin başçısı hər dəfə xəbər göndərir ki, şikayət etsən, səni həbs etdirəcəyəm”.

Bunu Meydan TV-yə Laçından məcburi köçkün olan Murad Kərimov deyir.

Murad Kərimov Ağcabədi rayonu, Taxtakörpü ərazisində yerləşən Laçın obaları kimi tanınan yerdə yaşayır. 

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrında Taxtakörpüdəki Vağazin ərazisində yerləşən ikiotaqlı evi tamamilə yanıb.

“Yanğın mənə azı 20 min manat zərər vurub”

Murad Kərimovun sözlərinə görə, yanğın nəticəsində ailənin bütün ev əşyaları da məhv olub. Ancaq dəymiş zərər aktlaşdırılarkən məbləğ az göstərilib: “20 il idi 5 nəfərdən ibarət ailəmlə o evdə yaşayırdım. Evdən heç nə götürə bilmədik. Mebellərlə, əşyalarla dolu bir evimiz vardı. Fövqəladə Hallar Nazirliyinin komissiyası dəymiş zərər kimi cəmi 4300 manat aktlaşdırıb”.

“Yollarda qalmışam”

Murad Kərimovun evi yanandan sonra ailə yeni tikilmiş və Laçın köçkünlərinin istifadəsinə verilmiş Laçın obaları deyilən ərazidən mənzilə köçürülüb. Yanğından 1 il 4 ay keçsə də, ailənin tələb etdiyi maddi zərər ödənilmir: “Yanğına səbəb elektrik qısaqapanması olub. “Azərişıq” buna görə təzminat ödəməlidir. Evdən bir çöp də çıxara bilməmişik, hələ də qonşuların verdiyi odeyallara bürünüb yatırıq. İşıq idarəsi Laçın rayon İcra Hakimiyyətinə, İcra Hakimiyyəti Bakıya, Bakıdakılar rayona – icra hakimiyyətinə, icra hakimiyyətindəkilər Fövqəladə Hallar Nazirliyinə – bax beləcə, yollarda qalmışam. Laçın rayon icra hakimiyyətinin başçısı yanıma adamlar göndərir ki, heç yerə şikayət etmə, yoxsa həbs olunarsan, başın ağrıyar… Bundan da betər başağrısı olurmu? 5 nəfər 1 il 4 aydır ki, yorğan-döşəksiz yatır. Nə geyimimiz var, nə evdə istifadə etməyə əşyamız… İş yoxdur ki, qazanaq, itirdiklərimizi təzədən quraq, alaq. Dövlətdənsə heç bir sosial dəstək gəlmir”. 

Rəsmi qurumlar bildirib ki…

“Azərişıq” ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərovun imzasıyla Kərimovlar ailəsinə daxil olan məktubda qeyd olunub ki, yanğın baş verən tarixdə evə verilən gərginlik normaya uyğun olub. 

“…İstehlakçı qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə görə məsuliyyət daşıyır”, – məktubda bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində yanğına səbəb kimi ailənin yanğın təhlükəsizliyi qaydalarını pozması qeyd olunub.

Göstərilib ki,  nəticədə evin dam örtüyü hissəsində olan elektrik naqillərində qısaqapanma baş verib, yanğına səbəb olub.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Laçın Rayon İcra Hakimiyyətindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun