2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Köçkünlərə ayrılan pullar “yeyilib”

Komitə şöbə səviyyəsində məktubla prezidentin göstərişlərini heçə sayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) məcburi köçkün abunəçilərinə 2 aydır ki, hədə mesajları göndərilir, yaranan aylıq abunə haqqı borcunu ödəmədikləri təqdirdə nömrənin bağlanacağı və ya ləğv ediləcəyi barədə xəbərdarlıq edirdilər. Bugündən artıq xəbərdarlığı da dayandırıb, telefonları birtərəfli qaydada bağlayıblar. 7.5 manatlıq aylıq abunə haqqı borcunu əsas gətirirlər. BTRİB-dən gələn son absurd mesajda yazılır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu ilin oktyabr ayında göndərdiyi məktuba əsasən avqust ayının 1-dən abunə haqlarının ödənişi köçkün abunəçilər tərəfindən ödənilməlidir. Yəni, Komitə ona həvalə olunan pulu ödəməyi 3 ay əvvəl qanunsuz olaraq dayandırdığını 3 ay sonra bilririb.
“Qaçqınkom”-dan köçkünlərə dair işçi səviyyəsində “qərar”
 
Qeyd edək ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar 2003- 2008-ci illərin oktyabr tarixlərində qəbul edilmiş normativ-hüquqi sənədlərə əsasən qaçqın və məcburi köçkünlər kommunal və digər xidmət haqları – elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı ödəməkdən azaddırlar və bu ödəniş hər il birbaşa büdcədə nəzərdə tutulur, kommunal xidmət göstərən qurumlara ödənir. Amma Nizami Telefon Qovşağından (yəqin ki, bütün qovşaqlardan) keçən ay bildirmişdilər ki, avqust ayından etibarən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən köçkünlərə görə abunə haqları ödənmir və bunun  nəticəsi olaraq hər abunəçiyə 5 manat borc məbləği yığılıb. Operatordan belə bir qərar qəbul etmələri üçün hüquqi əsasın nə olduğu ilə maraqlandım. Məlum oldu ki, ortada fal yox, yumurta yox, sadəcə bir məktub var. Komitənin maliyyə şöbəsinin rəisi Tofiq Şamilzadənin adından daxil olan məktubda yazılır ki, “maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abunəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”. Bu adamı kimsə tanımır, amma hüquqi əsası olmayan bir məktubu ilə Prezidentin fərman və sərəncamlarını “qüvvədən salıb”.
Əli Həsənov da yükünü yoxsulların çiyninə qoydu 
 
Nəzərə çatdıraq ki, artıq əsrin dörddə biri qədər zamandır qaçqın və məcburi köçkünlər həyatlarını təkliflə sürdürmürlər, onların haqqında taleyüklü qərarlar ya ölkənin birinci şəxsinin fərman və sərəncamları ilə, ya da ən pis halda Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Və komitə sədrinin hətta normativ sənədləri ləğv etmək kimi bir səlahiyyəti də yoxdur. İndiki halda dövlət başçısının nə bir fərmanı var, nə də sərəncamı. Heç Nazirlər Kabinetinin də hər hansı əmri yoxdur. Yalnız komitənin şöbə müdiri səviyyəsində bir “təklif” var. Yəni, imperativ şəkildə bir qərar mövcud deyil. Bu, sadəcə Komitə tərəfindən özbaşına edilmiş bir “təşəbbüsdür”. Bu durumda komitədəkilər ictimai əsasla işləyən bir qeyri-hökumət təşkilatı görüntüsü yaradırlar. Hansısa bir şöbə müdirinin etdiyi təklif əhəmiyyət daşımır. Lakin komitədə bunu dərk etməkdə çətinlik çəkirlər.
Gəlin korrupsiyadan danışaq!
Necə ola bilər ki, həm də 24 il boyunca pul ödənsin, axırda da gəlib ilin ortasında desinlər ki, “ödənişi özünüz edin”? Bir azdan kommunal xərcləri də köçkünlərin özlərinə ödədəcəklər, üstəlik büdcədən də bu məqsədlə pul ayıracaqlar. Bu ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin xərci üçün birbaşa 224 390 879 manat ayrılıb. Əlavə olaraq da Komitəyə 2 182 210 manat, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə abadlıq, yaşıllaşdırma işlərinin görülməsi və digər kommunal tədbirlərinə 3 050 000 manat, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə dövlət mənzil fondunun istismarı və saxlanılmasına da 400 000 min manat nəzərdə tutulub. Dövlət Neft Fondundan da köçkünlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni qəsəbələrin salınmasına 90 milyon manat ayrılıb. Keçən il də birbaşa ayırma 224 490 879 manat təşkil edib. Yenə əlavə olaraq komitəyə 2 204 554 manat, abadlıq, yaşıllaşdırma işlərinin görülməsi və digər kommunal tədbirlərə 3 514 326 manat, qəsəbələrdə dövlət mənzil fondunun istismarı və saxlanılmasına 500 630 manat ayrılıb.İki ildə büdcədən ayrılan vəsaitin həcmində fərq yoxdur. Köçkünlər üçün komitənin bu il eksta xərci də çıxmayıb. Yəni, ayrılan və xərclənən vəsait eynidir. Odur ki, maliyyə çətinliyinin mövcudluğunu iddia etmək üçün heç bir əsas yoxdur. O pullar “yeyilibsə”, bu, başqa məsələ. O zaman gəlin korrupsiyadan danışaq!
Dövlətin mənə ayırdığı pul kimin cibinə gedib? 
 
Komitənin kommunal xidmətlər üzrə şöbə müdiri Aftandil Mustafayev telefon söhbətində demişdi ki, “Nazirlər Kabinetinin göstərişi ilə biz Rabitə Nazirliyinə məktub göndərmişik, maliyyə çatışmazlığı, dünya böhranı ilə əlaqədar olaraq məcburi köçkünlərin abunə haqqı avqust ayının 1-dən dayandırılsın”. Amma Mustafayev bunun üçün bir qərar, göstəriş nömrəsi deyə bilmədi, çünki köçkünlərin telefon abunə haqqını özlərinin ödəməli olduqları barədə bir qərar mövcud deyil. Şöbə müdiri ödəniş qəbzini təqdim etdiyim təqdirdə pulu öz cibindən verəcəyini desə də bundan imtina etdim. Bildirdim ki, “ilin sonuna qədər komitə abunə haqqını ödəsin. Çünki, büdcədə bu ödəniş nəzərdə tutulub. Sonra qərar olarsa gedib özüm ödəyəcəm. İstəmirəm ki, dövlətin mənim üçün ayırdığı pul kiminsə cibinə getsin. Amma qərar olacaqsa da söhbət Prezidentin qərar və sərəncamlarından gedir, komitə səviyyəsində deyil. Mən ortada belə bir qərar görmürəm, Qaçqınkom onu məktub formasında, özü də təklif olaraq BTRİB-ə göndərib”.
Nazirlik vəsait ayırmağı gecikdirib, pulun verilib-verilməyəcəyi də bilinmir
   
Məktubu imzalayan şöbə müdiri T.Şamilzadənin işçisi Emin Aslanov bildirdi ki, ortada rəsmi bir qərar yoxdur, onlar da gözləyirlər. Sadəcə, Maliyyə Nazirliyindən abunə haqları üçün büdcədə nəzərdə tutulan vəsaitin ayrılması gecikdirilib. Və həmin vəsaitin komitəyə verilib-verilməyəcəyi də bilinmir.
Qovşaq işçisi abunəçini arxayın elədi… sonra telefonunu kəsdi  
 
Nizami Qovşağının abunə şöbəsinin rəisi Eldəniz Xəlilov dedi ki, «Qaçqınkom» üç aydır köçkünlərə abunə haqlarını ödəmir, qovşaq da abunəçilərə bildiriş göndərib. Amma bu, məlumatlandırma xarakterlidir, komitədən daxil olan məktubun hüquqi əsası olmadığından onlar məktuba istinad edib nömrələri bağlamırlar: “Bizim əlimizdə bir əsas, bir sənəd yoxdur ki, köçkün abunəçilərin telefonunu bağlayaq. Komitəyə özümüz ərizə ilə müraciət edib 3 aydan artıq pul ödənişi aparmadıqlarını xatırlatmışıq və xahiş etmişik ki, ödənişi təmin etsinlər. Onlar da cavab veriblər ki, “maliyyə çətinliyi ilə əlaqədar ödənişi avqust ayından dayandırmışıq”. Onlar yalnız bizim məktubumuza cavab veriblər, bu, sərəncam deyil, əmr deyil. Odur ki, biz onu əsas tutub xidməti dayandırmırıq. Heç kimə Birlik və Qovşaq tərəfindən vəsaitin ödənməsi barədə tələb qoyulmur. Ümumiyyətlə, heç kim vətəndaşın qarşısında tələb qoya bilməz. Amma kim abunə haqqını ödəyirsə, bu, onların şəxsi işidir. Mənim xidməti ərazimdə 4 mindən çox məcburi köçkün abunəçi yaşayır. Narahat olmayın, onların nömrələri bağlanmayacaq. Yəqin ki, yaxın zamanlarda komitədə bir ortaq məxrəcə gəlib, borcu ödəyəcəklər”.
E.Xəlilov beləcə başımın altına yastıq qoyub, məni arxayın elədi.
Qaçqınkom ləğv edilsin!
 
BTRİB-ə Komitə tərəfindən ödənməli olan pulların “yeyildiyi”, türklər demiş, kəsindir. Ölkədə pul kütləsi azalıb, bu bahalıqla əhalidə də pul qoymayıblar. İndi də keçiblər büdcə pullarını birbaşa mənimsəməyə. Haram xoşları olsun! Maraqlı burasıdır ki, Komitədən BTRİB-ə göndərilən məktubu sədr Əli Həsənov özü imzalamayıb, çünki atdığı addımın qanunsuz olduğunu yaxşı bilir və cənab Həsənov bu boyda məsuliyyətin altına girmək istəmir. Sabah dövlət başçısı səviyyəsində problemə müdaxilə ediləndə, Komitə sədri “məktubdan xəbərim yoxdur, onu mən imzalamamışam”, – deyib sudan quru çıxacaq. Güdaza da həmişəki kimi sənədə imza atan səlahiyyətsiz biri gedəcək.
Əli Həsənov bir təklif verib, mən də məcburi köçkün kimi bir təklif verirəm: Onsuz da “Qaçqınkom”-un inzibati xərcləri çoxdur. Büdcəyə ağır yükdür. Dövlət Neft Fondu köçkünlər üçün qəsəbələrin salınmasından ötrü vəsaiti birbaşa Məcburi Köşkünlərin Sosial İnkişaf Fonduna ayırır. Prezident də artıq məcburi köçkünlərin hazır binalarda yerləşdirilməsi barədə danışıb. Yəqin ki, yaxın zamanlarda heç qəsəbələrin salınmasına da ehtiyac olmayacaq. Kommunal ödənişlər büdcədən birbaşa kommunal xidmət göstərən təşkilatlara edilə bilər. İcra hakimiyyətlərində köçkünlərin qeydiyyatı üçün bir nəfər kifayətdir. Ən yaxşısı, komitə ləğv edilib səlahiyyətləri ASAN xidmətə verilsin. O zaman baxaq görək əhalinin ən yoxsul təbəqəsinə rəhbər seçilmiş Əli Həsənovun dəbdəbəli həyat sürən nəvələri instaqramda nə paylaşacaq?
bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button