2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Köhnə komandayla yeni islahat

Dinamik, çevik, optimal… qocalar

Bu gün Azərbaycan mətbuatında gündəm mövzu islahatdır. “İlham Əliyev ciddi islahatlara başladı”, “Dövlət başçısı Prezident Administrasiyasında dəyişiklikliklər etdi”, “Prezident İlham Əliyev mühüm dəyişikliklərə başladı” və s. Eyni zamanda bu “islahatların” operativ şərhi yayılmaqdadır. PA təmsilçisi, şöbə müdiri, köməkçi Əli Həsənov bu “struktur dəyişikliklərdən” uğurla çıxanlardandır. Ona görə dəyişikliyi alqışlayır: “Struktur dəyişikliyi Administrasiyanın fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır”.
Çox “ciddi islahat”a başqa operativ şərhlər də var, ancaq onlarla vaxtınızı almaq istəmirəm. Elə Əli Həsənovla da yetərlənmək olar. Bu şərhdən belə çıxır ki, Administrasiyanın fəaliyyəti dinamik, çevik olmayıb və optimallığı təmin etməyib. Razıyıq. Lap yaxşı, deməli, dəyişikliyə ehtiyac yaranıb. Ancaq bundan çıxış yolu kimi adamları dəyişmək yox, adı dəyişmək üstün tutulub. Sadəcə toplananların yeri dəyişib. İndi həmin cəm köhnələr yeni adla dinamik, çevik olacaq, optimallıq da təmin ediləcək. Görəsən niyə adamları bu qədər sadəlövh sayırlar? Mətbuatı, demək olar, tam satın alıb, yalanlarına şərik etmək, onları təbliğat ruporuna çevirmək bu qədərmi arxayınlıq yaradıb? AzTV-lərin kar-korluq təbliğatına yoxsa özləri də inanmağa başlayıb?
“Dinamik” və “çevik” fəaliyyəti qarşısına məqsəd qoyan köhnə komandayla bir daha yaxından tanış olaq:
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev – ötən əsrdən – 1995-ci ildən Aparatın rəhbəridir. Ancaq ondan qabaq da, yəni müstəqillikdən əvvəl də 22 ildir ardıcıl oturduğu bina ilə bağlı olub. 1974-cü ildən Azərbaycan KP MK-da vəzifə tutub.
Prezidentin köməkçisi Cəmilə Abbasova – 2004-cü ildən PA-dadır. Demək olar, heç vaxt üzdə olmayıb.
Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov – ixtisasca filoloqdur, çoxlarına tanış olmayan bu şəxs ixtisası ilə bağlı bir müddət çalışdıqdan sonra biznes fəaliyyətinə keçib(1990-2004). 2002-ci ildənsə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir. Yeni işinə də ordan gəlib.
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov – 1998-2000-ci illərdə PA-da iş verilib. Arada təhsil və deputatlıq fasiləsi olub. 2008-ci ildən aparatdadır. Dinamikdir, çevikdir, optimaldır… toplumun bundan xəbəri yoxdur.
Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev – köhnə komsomolçu və kommunistlərdəndir. Arada Lənkəranın icra başçısı da işləyiv. 2005-ci ildən Prezident Aparatındadır. İşi regionlara bağlıdır. Bu səbəbdən ən çox şikayət olunan məmurdur. Eyni zamanda ondan da şikayətçi olanların sayı-hesabı yoxdur.
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov – 1998-ci ildən bu vəzifəni tutur. Cavabdeh olduğu qurumlardakı durum, əslində, həm də onun fəaliyyətinin göstəricidir. O da bu və ya başqa qrup oyunlarının iştirakçılarından sayılır. Ancaq hələ də vəzifəsini qoruya bilir.
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov 1997-ci ildən Prezident Aparatındadır. Adı bəzi biznes qalmaqallarında hallansa da, bütün bunlar vəzifəsinə uyğun olmayıb, yəni xarici yox, yerli biznes qalmaqalları olub. Xarici siyasətdə hansısa uğurlarına gəlincə, bugünkü Azərbaycanın beynəlxalq miqyasda qazandığı “imic” həm də onun xidmətidir; xarici siyasətə məsul şəxslərdən biri kimi. Köhnə vəzifəsinin yeni adı “uğurlarını” davam etdirmək üçün ona geniş imkanlar verir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov – 1995-ci ildən eyni işi görür. Mətbuat, mətbuatla bağlı qurumlar onun kurasiyasındadır. Televiziyalara da böyük marağı var. Bu yaxınlarda, deyilənə görə, qardaşı oğlunu da Arif Alışanovun kanalında işə düzəldib. İndi onun vəzifəsinin adının dəyişməyi işində nəyisə dəyişəcəyinə kimlərdəsə inam yaradıb. Belələrində olan inama ancaq həsəd aparmaq mümkündür.
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Əsədov – 1998-ci ildən ordadır. Arada geriləmələr, önə çıxmalar olub. Prezidentin ətrafında daha çox görünüb, son çağlarsa, demək olar, yoxa çıxıb. Bəzi vaxtlarda işini dəyişəcəyi, Hacıbala Abutalıbovun yerinə gətiriləcəyi ilə bağlı “proqnozlar” verilib. Bütün bunlara baxmayaraq yeni “islahatlarda” vəzifəsini qorumağı bacarıb.
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov – yenidir, 2016-ci ildən bu vəzifədədir. Bundan qabaqkı iş yeri isə Vergilər naziririnin I müavini olub.
Prezident Katibliyinin rəisi-prezidentin köməkçisi Dilarə Seyidzadə – 1993-cü ildən Prezident Aparatındadır, 1999-cu ildən katibliyin rəisidir.
Prezidentin mətbuat katibi Azər Qasımov – 2004-cü ildən bu vəzifədədir. Jurnalistlərin ən çox “sevdiyi” kadrlardandır. Çünki 2004-cü ildən üzü bəri hələ də ondan informasiya almağa ümid edirlər
Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov – 2004-cü ildən
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov – köhnələrdəndir. Kommunistlərin vaxtından aparatdadır. 1983-cü ildən 1999-cu ilədək müxtəlif vəzifələr tutub. 1999-2005-də Səbail icra hakimiyyətində işləyib. 2005-ci ildən isə yenidən PA-ya qayıdıb. Kadr məsələləri onluqdur. 72 yaşı var.
Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev – 1996-cı ildən Prezident Aparatındadır. Düzdür, arada prokurorluğa qayıtsa da, az keçməmiş yenidən PA-nın qapıları onun üzünə açılır. Həm də bu dəfə müdir kimi – Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev – yeni vəzifəsinə Heydər Əliyev Fondundan gəlib.
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev – Ayaz Mütəllibovun vaxtından – 1991-ci ildə PA-dadır. Çox prezidentlər yola verib. Görünür, dinamikliyini, çevikliyini və optimallığını bütün prezidentlərin vaxtında qoruya bilib.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov – 1994-cü ildən PA-dadır. 23 il bir yerdə, həm də vətəndaşlarla işləmək sizə asan gəlməsin. Hərənin bir dərdi, hərənin min problemi var, elə şikayətə getdikləri o Aparatın sayəsində. Hamını yola vermək, üstəlik, vəzifəni qoruyub saxlamaq hər igidin işi deyil.
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova – 2004-cü ildən Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində işləyir. Nurçu qalmaqalında PA-da vəzifəsini itirən Elnur Aslanovun xələfidir.
Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri; humanitar siyasət məsələləri şöbəsinin müdiri postları hələ boş saxlanıb. Ancaq nə vaxtadək boş qalacağı bəlli deyil, biryolluq da boş qala bilər, köhnələrin yeni təyinatı da mümkündür.

Saytların yığılması Saytlarin yigilmasi

Rövşən Hacıbəyli

P.S. Fatma Abdullazadənin adının yeni təyinatlar sırasına düşməməsinə görə kimsə narahat olmasın. 1993-cü ildə PA-da vəzifə tutan bu qadın özünə böyük biznes imperiyası qurub. Milli Elmlər Akademiyasında çox işlər aşırıb, kimi hansı vəzifəyə qoymaq, yaxud kimi Akademiyada görməmək onluq olub. Kitabların latın qrafikası ilə çapının da ona bağlı nəşriyyatlara həvalə olunduğunu da unutmayın. Bir də Akademiyada belələri üçün həmişə vakant yer olur. Misir Mərdanov, Əli Abbasov və başqa bu kimiləri yada salın…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button