Koronavirus həbsləri – qanundan siyasi fəallara qarşı sui-istifadəyə yol verilib

14
Paylaşılıb
0
Baxılıb

Koronavirus həbsləri – son vaxtlar bir sıra müxalifət fəalı koronavirusla bağlı tətbiq olunan karantin rejimini pozmaq ittihamı ilə inzibati qaydada həbs olunub. 

Fəalların yaxınları bu həbslərin siyasi motivli olduğunu iddia edir. 

Daxili İşlər Nazirliyi (DİN) isə bu iddiaların əsassız olduğunu açıqlayıb. 

“Polisin həyata keçirdiyi tədbirlər məhz cəmiyyətin dinc həyatının, hər bir vətəndaşın sağlamlığının, hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasına xidmət edir”, – deyə nazirliyin məlumatında bildirilir.

“Fakt Yoxla” DİN-in açıqlamasının fonunda saxlanılan müxalif fəallara qarşı təzyiqləri araşdırıb.

Ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı karantin rejimi martın 24-dən etibarən elan olunub. Bu rejim aprelin 5-dən sonra gücləndirilib. Buna qədər isə virusla bağlı görülən tədbirlər çərçivəsində qanunvericiliyə sərtləşdirici dəyişikliklər edilib. 

İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə əsasən, karantin rejimini pozan fiziki şəxslər 100 manatdan 200 manatadək cərimələnə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək inzibati qaydada həbs oluna bilərlər. Bu maddəni pozan hüquqi şəxslər 2000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulub.

Cinayət Məclləsinin 139-1 maddəsinə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliyin yayılmasına real təhlükə yaratdıqda şəxslər 2500 manatdan 5000 manatadək cərimə oluna və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, eləcə də azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Eyni əməllər insan ölümünə və digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Karantin rejimi tətbiq olunandan sonra İXM-in 211-ci maddəsinin pozulması ittihamı ilə ictimai-siyasi fəallardan Nəriman Abdullah, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Anar MəlikovFaiq ƏmirliRuslan ƏmirovBaba Süleymanov saxlanılıblar. Nəriman Abdullah və Anar Məlikova 10 sutka, Faiq Əmirli, Ruslan Əmirov, Baba Süleymanov və Samir Babayevə isə 30 sutka inzibati həbs cəzası alıb. 

Nəriman Abdullahın yaxınları bu ittihamın saxta olduğunu, onun son bir neçə gündə “facebook” sosial şəbəkəsindəki paylaşımları və yazdığı şərhlərə görə cəzalandırıldığını bildiriblər. Gənc fəal aztəminatlı kəsimin karantin dövründəki vəziyyətinə görə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi tənqid etmişdi. O, fevralın 9-da keçirilən parlament seçkilərində namizəd Baba Məmmədlinin nümayəndəsi olduğu zaman da təzyiqlərə məruz qaldığını açıqlamışdı.

AXCP üzvü Anar Məlikov isə martın 21-də “facebook” səhifəsində yerli polis idarəsinə profilaktik söhbətə çağrıldığı haqqında məlumat yayıb. Polis idarəsinə gedən fəal saxlanılaraq məhkəmə önünə çıxarılıb və 10 sutka azadlıqdan məhrum edilib. 

AXCP sədri Əli Kərimli bildirib ki, Anar Məlikov “facebook” paylaşdığı yazılara görə həbs olunub. Məhkəmə qərarında Məlikovun “facebook” paylaşımları ilə karantin rejimini pozduğu göstərilib. Halbuki, sosial şəbəkə paylaşımları məzmunundan asılı olmayaraq İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş hüquqi məsuliyyəti yarada bilməz.

AXCP sədrinin köməkçisi, keçmiş siyasi məhbus Faiq Əmirli aprelin 8-i evinin qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Əli Kərimli paylaşdığı “facebook” statusunda Faiq Əmirlinin telefonunun saxlanılarkən əlindən alındığını, onun telefonunun indi də kimdə olduğunu bilinmədiklərini qeyd edib.

Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov aprelin 9-u tibb mərkəzlərindən birinin yanında saxlanılıb. AXCP Ruslan Əmirovun həbsini onun siyasi fəaliyyəti ilə əlaqələndirib.

Baba Süleymanov aprelin 13-də Əli Kərimlinin evinin yaxınlığında saxlanılıb. AXCP-dən bildirilir ki, Baba Süleymanovun evdən çıxmaq üçün SMS icazəsi olub. Bundan başqa, aprelin 14-də Nəsimi Rayon Məhkəməsində cəbhəçi fəalın işinə baxılarkən yaxınlarına xəbər verilməyib. DİN isə AXCP fəalının qanunsuz həbs olunması ilə bağlı iddiaların əsassız olduğunu, indiyədək 160 nəfərdən çox şəxsin karantin rejimini pozduğuna görə həbs edildiyini bildirib.

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev haqqında martın 21-də həbs cəzası qərarı verilib. Hərəkatdan bildirilib ki, Samir Babayev martın 20-də təşkilatın keçirdiyi sosial aksiya (pulsuz maska paylamaq) zamanı saxlanılsa da, daha sonra sərbəst buraxılıb. Lakin gecə saatlarında onu yenidən polisə çağırıblar. 

Ona telefonda deyiblər ki, buraxılaan zaman sənədlərdən birini imzalamayıb. Samir də bölməyə gedib. Günorta saatlarında fəalı Sabunçu Rayon Məhkəməsinə aparıblar. Onun barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Hərəkat yaydığı bəyanatda Samir Babayevin həbsini siyasi təzyiq vasitəsi kimi qiymətləndirib.

Qeyd edək ki, siyasi və ictimai fəallara qarşı karantin rejiminin pozulması iddiası ilə pul cəriməsi deyil, bir qayda olaraq inzibati qaydada həbs sanksiyası tətbiq edilib. İnzibati məsuliyyətə cəlb edilən fəallardan yalnız MBH-nın üzvü Hikmət Ağayev cərimə cəzası alıb. Daha sonra ona polisin qanuni tələbinə tabe olmama maddəsi ilə 25 sutka həbs cəzası verilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, hökumət ictimai-siyasi fəallara münasibətdə karantin rejimindən sui-istifadəyə yol verib. Məhkəmələr saxlanılanlara bu rejimin pozulmasına görə ən ağır cəzaları tətbiq edib. 

“24 saat” yazını “Fakt Yoxla“-ya istinadən dərc edib

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 24, 2021
Clear
5 ° c
68%
12.43mh
-%
8 c 6 c
Be
8 c 5 c
Ça
7 c 6 c
Ç
10 c 6 c
Ca