2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Körpüləri kim yandırdı?

Rusiya rəhbəri Vladimir Putinin oktyabrın 8-də Krım körpüsünün Ukrayna xüsusi xidmət orqanları tərəfindən partladıldığını bəyan etməsi mübahisələri səngitdi, amma bəzi suallar yenə cavabsız qalıb. Çünki zərbənin hansı qüvvə tərəfindən planlaşdırıldığı barədə də fikir ayrılıqları vardı. Bir qrup ekspert hesab edirdi ki, olay Rusiya hakimiyyətində olan müharibə əleyhdarlarının işidir, onlar Putini çətin duruma salmaqla, hərbi əməliyyatların tezliklə dayandırılmasına çalışırlar. Başqa qrup Qərb təhlükəsizlik qüvvələrinin diversiyasını, bəziləri isə Rusiyada gizli fəaliyyət göstərən ukraynalı partizanların məsuliyyətini ön plana çəkməyə çalışırdı. 

İctimai rəydə ən qüvvətli versiya isə Krım körpüsünün Ukrayna xüsusi xidmət orqanları tərəfindən Putinə “ad günü hədiyyəsi” olaraq dağıdılması ilə bağlı idi. 

Kreml rəhbəri ictimai fikrə “hörmətlə” yanaşdı, amma öz hakimiyyətinin məsuliyyətini daha çox azaldan terakt versiyasının üzərində dayandı.    

Saytların yığılması Saytlarin yigilmasi

“Buna şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturu dağıtmağı hədəfləyən terror aktı idi. Bunu Ukrayna xüsusi xidmətləri hazırlayıb, həyata keçirib və göstəriş verib”, – Putin bildirib. Bu bəyanatın ardınca Ukrayna paytaxtı Kiyev başda olmaqla, əksər iri şəhərlər raket və ağır aviasiya bombaları ilə bombalanmağa başlayıb. 

Bu açıqlamaya qədər Rusiya rəhbərliyi və onun idarə etdiyi təbliğat maşını mümkün qədər hadisənin miqyasını və əhəmiyyətini kiçiltməyə çalışırdı. Məsələn, körpüdə hərəkətin tezliklə bərpa olunması, dəyən ziyanın hesablanması barədə dövriyyəyə buraxılan informasiyalar bu niyyətdən xəbər verirdi. Habelə körpünün raket zərbəsi ilə dağıdılması versiyası bu günə qədər istisna olunur. Halbuki, inkişaf etdirilən versiyada (partlayıcı dolu yük maşınının körpü üzərində partladılması) xeyli sayda uyğunsuzluqlar və cavabsız suallar vardı. Vladimir Putinin məlum bəyanatı da bu versiyanı daha da qüvvətləndirməyə hesablanıb.

Burada sadə məntiq var: Krım körpüsünün raketlə vurulması ictimai qəzəbi bilavasitə Rusiya hərbi-siyasi rəhbərliyinə qarşı yönəldir. Dərhal Krım yarımadasının, körpünün təhlükəsizliyi ilə bağlı suallar verilməyə başlayır. Xatırladaq ki, bu suallar hələ avqust ayının əvvəlində Saki hərbi bazasının vurulmasından dərhal sonra aktuallaşmağa başlamışdı. Çünki Rusiya rəhbərliyi yarımadanın S-400 ZRK vasitəsi ilə tam müdafiə olunduğunu bəyan edirdi. O zaman da təbliğat ruporları Kremli vəziyyətdən çıxardı, rəsmi Kiyev isə 1 milyard dollarlıq müasir döyüş təyyarələrinin məhv edilməsi əməliyyatını rəsmən üstlənmədi. 

Əlbəttə, körpüdə partlayıcı dolu yük maşınının partladılması versiyasını tamamilə inkar etmək olmaz. Bəzi tanınmış hərbi ekspertlər məhz bu yolla nəhəng infrastrukturun dağıdılmasını mümkün sayırlar.

Onlardan biri – Aqil Rüstəmzadə Pressklub.az-a deyib ki, Ukraynanın əlində olan vasitələrlə körpünün dağıdılması real deyil. Ekspertin sözlərinə görə, videoqeydlərdə TIR-ın buraxılış-keçid məntəqəsindən körpüyə daxil olduğu görünür: “Azı 2 ton partlayıcı olan bu maşın partladılıb, dəmiryolundakı qatarın vaqonları da partlayışın təsirindən alışıb”.

Hərbi analitik Fəhmin Hacıyev isə əks fikirdədir. O Pressklub.az-a deyib ki, Krım körpüsünün raket zərbələri ilə dağıdılması daha inandırıcıdır: “Çünki videogörüntülərdə körpünün iki tağının çökdüyü görünür, bu da ancaq ağır raket zərbəsi ilə mümkün ola bilər. Həmçinin partlayışın dalğası ilə xeyli aralı məsafədə olan yanacaq daşıyan qatarın alovlanması da mümkün deyil. Fikir vermisinizsə, bir-birindən aralı olan vaqonlar deşilib və yanır. Bu, mərmilərin işidir, əks halda, yanan vaqonların ardıcıllığı pozulmazdı”.

F.Hacıyev əlavə edir ki, sözügedən TIR-ın partlaması anı kameralarda yoxdur, ümumiyyətlə, yayılan videolarda xeyli ziddiyyətli məqamlar var. 

Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Krım körpüsünün partladılması üçün bomba 51 yaşlı azərbaycanlı Mahir Yusubovun idarə etdiyi furaya yüklənib. Yük maşını onun qardaşı oğlu Samir Yusubovun adınadır. Onlar Rusiyanın Krasnodar vilayətinin sakinləridir və uzun müddətdir ki, yükdaşıma ilə məşğuldurlar. Partlayış nəticəsində Mahir Yusubov dünyasını dəyişib. Samir video müraciət edərək, partlayışla heç bir əlaqəsinin olmadığını bildirib. Mallar Rusiyada daçınmalar üzrə ixtisaslaşan ATİ-nin saytından götürülüb.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Vladimir Putinə məruzəsində bildirib ki, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı. Halbuki o saatadək yük maşınının ölkə xaricində olması barədə heç nə deyilmirdi.

Bu versiyada tənqidə davam gətirməyən xeyli müəmmalar var. Məsələn, 4 milyard dollara başa gələn 19 kilometrlik Krım körpüsü strateji obyekt kimi ciddi mühafizə olunub, ora daxil olan bütün nəqliyyat vasitələri xüsusi avadanlıqlar vasitəsi ilə yoxlanılıb. Ukrayna rəhbərliyi körpünü vurulacaq legitim hədəflər sırasında elan etməsi Rusiyanın təhlükəsizlik qayğılarını daha da artırıb. Çünki Ukraynada döyüşən ordusunun texnika, silah, ərzaq ehtiyaclarının 75 faizə qədəri bu infrastruktur vasitəsi ilə daşınırdı. Belə olan halda, partlayıcı dolu yük maşını körpüyə necə çıxa bilərdi? Xüsusi xidmət orqanları onu niyə aşkar edə bilməyib? 

Krım körpüsü həm də Putin hakimiyyətinin qələbə simvolu idi. Krımın işğal edilməsi onun şəxsi hakimiyyətinin möhkəmliyini, legitimliyini, nəticədə ömrünü artırmışdı. Saki aviabazasının dağıdılmasından sonra bu körpünün vurulması artıq Putinin laxlayan kürsüsünü uçurumdan yuvarlamağa bərabər idi.  

Kreml rəhbərinin göstərişi ilə Ukraynaya qarşı dünən gecədən başlayan xaotik qisas zərbələri məhz bununla bağlıdır. O, həm öz komandasına, həm Rusiya daxili ictimai rəyinə, həm də onu məhv etməyə çalışan Qərbə diri olduğunu sübut etməyə çalışır. 

Amma cəbhə xəttində bunu etmək mümkün deyil, strateji təşəbbüs əldən verilib, indi Rusiya ordusu birtəhər müdafiə olunmaqla qışa qədər dözməyə çalışır. Ümid var ki, qışda Avropa soyuqdan donub Putinə yalvaracaq… Amma cəbhədən gələn xəbərlər qışa qədər dözməyin çətin olacağını göstərir: ordu hər gün ağır tələfat verir və addım-ardım mövqelərindən geri çəkilir.   

Dinc əhalini raket atəşinə tutmağın sonu necə olacaq, Putin nə əldə edəcək, bu heç onun özünə də məlum deyil. Günün sonunda Ukrayna tərəfi zərbələrinin artıq səngidiyini bildirdi. Xeyli sayda dinc insanlar həlak olub, infrastruktur dağılıb, amma müharibə rejimində yaşayan ölkədə qısa müddətdə hər şey öz axarına düşüb. Bir daha heç vaxt öz axarına düşməyəcək isə Putin rejimidir, onun qatarı artıq relsdən çıxıb…


Turqut 

24 saat” “Körpüləri kim yandırdı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button