2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Korrupsioner dövlət gerçəkləri

Xaliq Bahadır

Bir çox illər qabaq bu yazını “korrupsioner rejim gerçəkləri” adlandırardım (yanılmıramsa, haçaqsa, ola bilsin, 10-15 il qabaq, bu adda yazı yazmışam), ancaq indi yazını belə adlandırmaq gərəkir. Çoxillik Əliyevlər rejimi gələ-gələ dövləti bütünlüklə korrupsiyalaşdırdığından, korrupsiyanı, demək olar, konustision olaraq DÖVLƏT POLİTİKASINA dönüşdürdüyündən birbaşa belə demək gərəkir: korrupsioner dövlət gerçəkləri!
Hardan başlanır vətən?
Sovet dönəmində yaradıcı (inşa) yazıların ən geniş yayılmış qonularından biri belə adlanırdı: “Hardan başlanır Vətən?” Mən sınaqlarda (sınaq – ərəbcə “imtahan”) daha çox yaradıcı yazılara üstünlük verər, bu üzdən üçüncünü seçərdim. Ədəbiyatdan yazılı universitet sınaqlarında üçüncü qonu yaradıcı xarakterli olurdu. O çağlar çoxları üçüncüdən – üçüncü qonudan qaçardı. Mənsə üçüncü qonuya qaçar, tezcə üçüncü qonuda yazmağa girişərdim. Bu isə, sözsüz, xarakterə bağlı bir görsənişdir: özgür düşünmə xarakteri!
Dövlət-oxul (məktəb) yaradıcılığa yönəlik özgür düşüncəli – mənlikli gənclik yetişdirməyə yüklənməlidir. Sovet oxulunda, Sovet öyrətim-eyitim (təhsil) sistemində bu vardı, heydərizm dövlətçiliyi bütünlüklə belə bir yetişdirməyə qarşıdır. Bu isə əliyevçi rejimin ANTİMİLLİ, ANTİDEMOKRATİK xarakterindən doğur. Əliyevçi rejimdə tək-tək yetişən özgür düşüncəli – mənlikli gənclik tez-gec rejimin sərt qanunları ilə üzləşməli olur…
Vətən ailədən başlayır. Ailədə özülü qoyulan, ailədən başlayan Vətən ulusal (milli) rejim, ulusal dövlət ortamında daha üstün xarakter alır, istər birey (ərəbcə, “fərd”). Istərsə də toplum üçün böyük uğurlara yol açır, nədən olur. Rejimlə, dövlətlə bağlı ortaya bunun tərsi çıxanda böyük uğursuzluqla sonuclanan ağrı-acılar yaranır, yaşanır.
Mənliyin öldürülməsi
Qarşımda bir kitab var. Kitabın üz qabığından Azərbaycan bayrağı fonunda üzü olduqca işıqlı, çox yaraşıqlı, gülümsər bir oğlan baxır. Onun dərin baxışlı gözləri böyük bir gələcəkdən soraq verir. O kimdir? Kitabın titul vərəqindən oxuyuruq: Tapdıq Türksoy (Babaşov Tapdıq Əlizaman oğlu). Tapdıq 1992-ci ildə doğulub, 2014-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini Türk xalqlarının tarixi ixtisası üzrə bitirib. Yolçuluğuna başladığı böyük idealların başlanğıcı olaraq özünə Türksoy adını götürüb. Böyrək daşı nədəniylə Orduya getməməliymiş. Sağlam birisi olaraq orduya getmək üçün İnternetdə axtarışlara baş vurub, sağlamlıq dalınca… Çinə gedib çıxıb. 2015-ci il aprelin 23-də orduya çağrılıb, mayın 23-də keçirilən andiçmə törənindən 10 gün sonra… öldürülüb. Uzun çəkən soruşdurma (istintaq) sonucunda onun boğularaq öldürüldüyü bəlli olub.
Kitabı Tapdığın anası Kifayət xanım düzənləyib. Elə öldürmə faktının məhkəmə ilə sonuclanmasında da Ananın böyük rolu olub. Ana düzənlədiyi kitabla bağlı deyir: “Mənim məqsədim odur ki, əsl həqiqəti Azərbaycan cəmiyyəti axıracan bilsin. Onsuz da mənə dəyən zərbə kifayət qədər ağırdır. Bəs cəmiyyətdə belə halların bir daha təkrar edilməyəcəyinə kim zəmanət verə bilər?” Doğrudur, çox doğru. Üstəlik, bu, bütün toplumu düşündürəcək bir doğrudur. Bütün toplumu düşündürəcək doğru, ancaq…
Kitabda Tapdıqla bağlı çoxları danışır: Anasından universitet öyrətmənlərinədək. Tapdıq universiteti “5”-lə bitirib. Yoldaşları, öyrətmənləri onun yalnız biliyini deyil, davranışlarını da “5”-lə dəyərləndirirlər. Ana yazır: “Tapdıq Türksoy milli ruhlu bir gənc idi. Azərbaycan bayrağının aşiqi, türk milli ruhunun daşıyıcısı idi. Türk mifoloji obrazını – Boz qurdu tərənnüm edən şeirlər yazırdı”. Mənə elə gəlir, Tapdığın ölümü burada deyilənlərlə çox bağlıdır. Yazdıqlarından göründüyü kimi, yetişdirdiyi oğulu yaxşı tanıyan Ana kitaba “Qürurun qətli” adını verib. “Qürur” da, “qətl” də ərəbcədir. Mən bu kitabı doğma Türkcəmizə uyğun olaraq belə adlandırardım: Mənliyin öldürülməsi. Uzun illərdir bütün ölkədə olduğu kimi, Azərbaycan Milli Ordusu adlandırılan yerdə də Mənliyin Öldürülməsi sürəci sürdürülməkdədir!
“Azadlıq” qəzeti olaraq biz orduda (məni bağışlayın, indilikdə mənim ona ordumuz deməyə dilim gəlmir) baş verən neqativ görsənişlərlə bağlı çoxlu yazılar yazmışıq. Biz orduda daha çox ailədəki tək oğulun öldürülməsi faktının üstünü açmışıq. Atasını erkən itirmiş Tapdıq da iki bacının bir qardaşı olub. Bundan başqa, biz orduda daha çox intellektual-mənlikli oğulların öldürülməsi faktına işıq salmağa, orduda geniş yayılmış rüşvət-korrupsiya görsənişlərini açıb yaymağa çalışmışıq. Ölkənin, eləcə də ordunun başında duranlar göstərdiyimiz faktlar-görsənişlərlə bağlı ölçü götürmək, neqativləri aradan qaldırmaq yerinə… “Azadlıq” qəzetinə dönə-dönə məhkəmə qurublar. Əliyevçi rejim qanunlarına uyğun olaraq, biz bütün məhkəmələri uduzmuşuq. Başqa cür desək, “Azadlıq”ın üzləşdiyi bütün məhkəmələri ordunun, dövlətin başında duranlar udublar. Uduzan “Azadlıq” qəzeti ilə birgə toplum-xalq olub!
Doğruları yazan “Azadlıq” qəzeti bağlandı, orduda baş verənlərlə bağlı ayrıca açıqlamaları ilə tanınan Cəsur Sümərinli, Ələkbər Məmmədov ölkədən didərgin salındı. Ancaq bunlardan çox-çox qabaq ordudakı korrupsiya faktları ilə bağlı parlament tribunasından açıqlama yayacağını bildirən akademik Ziya Bünyadov aradan götürüldü…
Ötən ilin (2016) statistikasına görə, son 13 ildə 679-u döyüşdənqıraq olmaqla ordunun 1044 itkisi olub. Tapdıq Türksoy bizim döyüşdənqıraq 679 itkimizdən biridir. İngilis, alman dillərini bilən Tapdıq biliklərini daha da artırmaq üçün Almaniyada oxumaq istəyirdi. Ötən ilin aprel döyüşlərində yağı gülləsinə tuş gələnlərdən biri universitet sınağında 700 bal toplamış bir gənc idi. Belə gəncləri qorumaq dövlət borcu-dövlət görəvi olmalıdır! Dövlət gerçək, doğru-düzgün dövlət olarsa…
Özünə dönük dövlət faktoru
Bir var demokratik hüquq dövləti, bir də var demokratik dəyərlərin, hüquq normalarının tapdandığı mafiya dövləti. Birincidə dövlət yurddaş üçündürsə, ikincidə yurddaş dövlət üçün, daha doğrusu, dövləti ələ keçirənlər üçündür. Birincidə qanunlar hamını qoruyursa, ikincidə qanunlar yalnız dövlətin başında duranları qoruyur. Bu isə sonucda geniş kriminallaşmaya gətirib çıxarır. Hakimiyət başında duranların geniş qol-qanad açmaları, əngəlsiz oğurluq etmələri üçün söz özgürlüyü boğulur, yurddaş toplumu dağıdılır. Ölkədə demokratiyanı, söz özgürlüyünü boğmaqla bütün əngəlləri aradan qaldırdığını düşünən rejim başçıları sonralar dağıdıcı, eləcə də gözlənilməz görsənişlərlə üzləşməli olurlar. Çağdaş dünyada Açıq Hökumət faktoruna üstünlük verilməsi DAYANIQLI GƏLİŞMƏ ilə yanaşı, dağıdıcı, gözlənilməz görsənişlərdən qorunmaq üçündür. Azərbaycan olaraq bizim çoxsaylı uğursuzluqlarımız belə bir hökumətin yoxluğundan yaranır. Biz oğru hökumətin yaratdlğı qapalı rejimdə yaşayırıq.
Dövlət siyasətinə çevrilən oğurluq-korrupsiya qapalı rejim yaradılmasını qaçılmaz edir. Bu isə içindən aşınma-çürümə axarında tərs effekt doğurur. Putin jurnalisti V.Solovyovla söhbətdə belə bir yer var. Solovyov ölkədə minlərlə adamın tutqlanması faktına toxunurkən İ.Əliyev bu fakta belə aydınlıq gətirir: “Bizim camaat belədir, özbaşına buraxsan, aləmi qatıb-qarışdırar, gərək onların üstündə sərt kontrol olsun. Onları tutub içəri atmaq, qorxutmaq lazımdır”. Az qala 50 ildən bəri bu xalqın başında duran Əliyevlərin başlıca yönətim prinsipi o baş, bu baş belə olub: başında durduqları korrupsiya rejimini dayanıqlı etmək üçün xalqı qorxu altında saxlamaq! Oğru xarakterləri, yağıcasına davranışları nədənilə xalqdan qorxan hökumətlər, hökumət başçıları xalqı qorxu altında saxlamaqdan başqa bir yol bula bilməzlər.
Solovyovla söhbətində İ.Əliyev demokratik müxalifəti “cılızlaşdırıb etkisiz duruma gətirməsiylə öyünür. Görəsən, Solovyov onu MTN-də, Rabitə nazirliyində ortaya çıxan yıxıcı-dağıdıcı görsənişlərlə bağlı danışdırsaydı, o nə deyərdi? Hələ Müdafiə nazirliyində-orduda baş verənlər – bunlar hamısı birlikdə bütöv bir dövlətin içindən yıxılması-dağılması faktlarıdır. Cəbhə bölgəsində birdən 47 ordu görəvlisi “xain” suçlaması ilə tutulur. Ardınca, deyildiyinə görə, 300-400 beləsi! Sonra nə baş verir? İşi məhkəmə dinləmələrinə gətirib çıxarmağadək düzgün soruşdurma yerinə… linçetmə! Soruşdurma-məhkəmə nəyin necə baş verdiyini, ipin ucunun haralara gedib çıxdığını bəlli etməklə, ola bilsin, dövlətə böyük güvənlik qazandıra bilərdi. Olmadı – qapalı rejim qanunları öz işini gördü. Başqa cür desək, özünə gərəkəni etdi. Qanunçuluq yerinə qorxutma! Korrupsiya-repressiya axarında dönməz davranış! Sonuc nə? Sonuc dövlətin içindən aşınması, dağılması, çürüməsi…
Alman filosofu Şpenqler deyir: “Torpaq ulusal (milli) ideyanın daşıyıcısı olarkən Vətənə çevrilir”. Korrupsioner rejim-dövlət ortamında ulusal ideyaya yer olmadığından istər-istəməz vətənsizlik yaranır, yaşanır!
Son olaraq bir daha Kifayət Ananı anmaq istəyirəm. Anaların yurdsevər-vətənsevər oğullar böyütmələri olduqca önəmlidir, ancaq onlar vətənsevər böyütdüklərinə Vətəni vətənsizləşdirən korrupsioner hakimiyət-dövlət gerçəklərini də anlatsaydılar, anlada bilsəydilər…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button