Loading...
Loading...
Siyasət

Korrupsiyaya qarşı mübarizə müsbət nəticələrə gətirib çıxarmır

Bakı/19.08.21 Avqustun 17-də Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, rüşvətxorluqda və dövlət büdcəsinin vəsaitlərinin mənimsəməkdə suçlu bilinib.

Azərbaycanda tez-tez korrupsiya ilə mübarizə aparıldığı bəyan edilir. Prezident İlham Əliyev də çıxışlarının birində Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sözdə yox, əməldə aparıldığını bildirdi. «Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir».

2021-ci ildə dərc olunmuş beynəlxalq Transparency International təşkilatının korrupsiya reytinqində Azərbaycan 30 bal yığıb və ötən ildə 180 ölkələrin arasında 129-cu yer tutub. 2019-cu ildə Azərbaycan həmin reytinqində 126-cı yerdə idi.

Beləliklə Azərbaycanın nəticəsi pisləyıb. Ölkə öz yerini Rusiya, Qabon, Malavi və Mali ilə bölüşdürür.

Azərbaycanda korrupsiya ilə mübarizə aparılırmı? Həbslər rüşvətxorluqla, korrupsiya ilə mübarizədə effektiv sayıla bilərmi? Sayılırsa nədən həbslər davam edir? Sayılmırsa buna səbəb nədir?

Milli Məclisin deputatı Anar Məmmədov Turana bildirib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. «Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub, bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib». Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində addımlar atılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Deputat qeyd edib ki, ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, həmçinin ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi də ayrıca qeyd edilməlidir. «Bu istiqamətdə vaxtaşırı olaraq qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq tapşırıqlara uyğun olaraq davamlı addımların atılması öz növbəsində onu deməyə əsas verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək».

İqtisadçı Nazim Bəydəmirli isə bildirib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq Azərbaycanda idarəetmənin əsas fəlsəfəsinə çevrilib. «Vəzifəsindən asılı olmayaraq dövlət vəzifələrində çalışanların demək olar ki, hamısı bu və ya digər formada dövlət vəsaitlərindən öz şəxsi vəsait kimi istifadə edir».

Ekspertin sözlərinə görə, bunun fərqli metodları var. «Bir az bacarıqlı və ya öz reputasiyasını qorumağa çalışanlar bunu başqa adamların əlləri ilə edirlər. Onlar müxtəlif müqavilələrə öz qohumlarını, müxtəlif dövlət satın-almalarına proksi şirkətləri cəlb edərək onların vasitəsilə varlanırlar. Bəziləri isə bunu bacarısızlıqdan açıq-aşkar edirlər. Ona görə də cəmiyyətdə bunlar açıqlanan zaman kiminsə vurulması lazımdırsa istənilən vəzifəli şəxsi rüşvətxorluğa və korrupsiyaya görə həbs etmək iki vur ikidir».

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

O, qeyd edib ki, məmurların demək olar ki, heç biri maaşlarına adekvat yaşamırlar. «Rüşvətxorluq və korrupsiya vəzifələrdə daha yuxarı vəzifə tutan şəxslərə sadiqliklə ölçülür. Əgər onlar rəhbər şəxslərə sadiqdirlərsə, onların korrupsiya və rüşvətxorluqla tutulma şansı azdır».

Bəydəmirlinin fikrincə Azərbaycanda yüksək vəzifəli şəxslərin əksəriyyəti öz bacarığına, savadına görə yox, qohumbazlığa, traybalizmə, regionçuluqla və ya rüşvətlə vəzifələrə sahibləniblər. «Onlar «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna uyğun olaraq nə gəlir deklarasiyasını, nə də əmlak deklarasiyasını verir. Müxtəlif jurnalist araşdırmalarında sübut olunub ki, vəzifəli olan şəxslərin qısa bir müddətdə varlanıb oliqarxa çevrilməsi mümkündür. Çünki dövlət vəsaitlərin xərclənməsi ilə bağlı qanunvericilik yalnız kağız üzərindədir». –0—

 

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button