Loading...
Loading...
Dünya

Kral Çarlz xalqa müraciət edəcək

1952-ci ildə hakimiyyətə başlamış Kraliça Yelizaveta bir çox britaniyalı üçün sabitlik qayası idi

Britaniyanın yeni monarxı Kral Çarlz sentyabrın 9-da xalqa müraciət edəcək. Dünən – sentyabrın 8-də onun anası, tarixdə ən uzunömürlü britaniyalı monarx Kraliça II Yelizaveta 70 il taxt-tacda oturandan sonra vəfat edib.

Bukinqem sarayı Yelizavetanın Şotlandiyadakı yay iqamətgahında, Balmoral qəsrində 96 yaşında vəfat etdiyini açıqlayıb.

Sarayın məlumatına görə, 73 yaşlı Çarlz dərhal hakimiyyəti təhvil alıb. III Çarlz kimi tanınacaq kral və onun həyat yoldaşı, kraliça-konsort olacaq Kamilla gecəni Balmoral qəsrində qalacaq, sentyabrın 9-da Londona qayıdacaqlar.

Kraliçanın ölümü elan ediləndə BBC milli “God Save the Queen” himnini oxudub. Minlərlə insan Londonun mərkəzindəki Bukinqem sarayının qarşısına yığışıb, sakit dayanıb. Saray üzərindəki bayraq yarıya endirilib.

Kraliçanın həyat yoldaşı Şahzadə Filip ötən il 99 yaşında vəfat edib. Kraliçanın ötən ilin sonunda hərəkət problemləri vardı, demək olar, bütün ictimai tədbirlərdən imtina etməli olmuşdu.

1952-ci ildə hakimiyyətə başlamış Kraliça Yelizaveta bir çox britaniyalı üçün sabitlik qayası idi. O, onilliklər boyu sosial dəyişikliklər fonunda həm monarxiyanı birləşdirməsi, həm də modernləşdirməsi, öz ailəsinin qalmaqallarını idarə etməsilə tanınıb.

Yelizaveta 25 yaşında, atasının qəfil ölümündən sonra taxta çıxıb. 2-ci Dünya müharibəsindən sonra Britaniyanın yenidən qurulmasına rəhbərlik edib. Onun hakimiyyəti dövründə Böyük Britaniya Avropa İttifaqına daxil olub, sonradan onu tərk edib.

70 illik hakimiyyəti dövründə 15 baş nazirlə işləmiş Yelizavetanın hakimiyyəti Uinston Çörçillə başlayıb, Liz Trassla bitib. Trass kraliçayla iki gün öncə görüşmüşdü. Gülümsəyən, əl ağacına söykənmiş kraliçanın Trassla əl sıxan yerdə fotosu yayılmışdı.

Bu ilin əvvəlində Britaniya Kraliça Yelizavetanın platin yubileyini qeyd edib, ölkə boyunca partilər keçirilib. Az sonra o, tarixə 17-ci əsr Fransa Kralı, 4 yaşında hakimiyyətə keçmiş XIV Lüisdən sonra ikinci ən çox hakimiyyətdə olmuş monarx kimi düşüb.

Dünyanın müxtəlif yerlərindən kraliçanın ölümünə reaksiyalar gəlməkdədir. Ağ ev dərin başsağlığı verərək onun ABŞ-ın ən güclü müttəfiqlərindən birinin lideri olduğunu qeyd edib.

“Onun iris Britaniya tarixinin və dünya tarixinin səhifələrində böyük yer tutacaq”,Prezident Co Bayden bəyanatında deyib.

Fransa Prezidenti Emmanuel Makron Twitter-də yazıb ki, Kraliça II Yelizaveta 70 ildən artıq bir müddətdə Britaniya xalqının bütövlüyünü və birliyini təcəssüm etdirib.

Rusiya Prezidenti Vladimir Putin mərhum kraliçanı tərifləyərək deyib ki, “II Yelizaveta bir çox onilliklər boyu öz subyektlərinin sevgi və sayqısından haqlı olaraq bəhrələnib”.

Gözdən qaçırmayın:  Avropalılar bu qış işə əlavə yun köynək geyinəcəkmi

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, II Yelizaveta “bütün dünyada lütfü, ləyaqəti və fədakarlığı” ilə rəğbət doğurub, onilliklər boyu davam edən köklü dəyişikliklər, o cümlədən Afrika və Asiyanın dekolonizasiyası, Millətlər Birliyinin təkamülü dövründə əminedici varlıq olub.

24 saat” “
Kral Çarlz xalqa müraciət edəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button