Kredit borcuna görə kompensasiyanın HESABLAMA KALKULYATORU - 24 saat xəbərlər
Now Reading:
Kredit borcuna görə kompensasiyanın HESABLAMA KALKULYATORU
Full Article 3 minutes read

Kredit borcuna görə kompensasiyanın HESABLAMA KALKULYATORU

”Güzəşt ləğv olunmuş banklardan kredit götürənlərə də şamil ediləcək”

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında fiziki şəxslərin əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artım hissəsi üzrə güzəşt məbləğinin vətəndaşlar tərəfindən sərbəst hesablanması üçün elektron kalkulyator istifadəyə verilib.

Prezident İlham Əliyev fevralın 28-də problemli kreditlərlə bağlı Fərman verib.

Palatanın rəsmi internet səhifəsinə giriş edən hər bir vətəndaş Ana səhifədə əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a daxil ola bilər. Müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir. Bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir.

“Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir”.

Palata bildirib ki, gün ərzində bütün bankların internet səhifələrindən sözügedən kalkulyatora keçid təmin ediləcək.

Bununla bərabər krediti olan insanlarda xeyli suallar yaranıb ki, bunlardan biri də bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq? Yaxud, lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu? Digər bir sual isə borcu kredit götürən yox, zamin ödəyibsə, bu zaman vəziyyət necə olacaq və ya kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?

İqtisadçı Vüqar Bayramov deyib ki, əgər vətəndaş bir yox, bir neçə bankdan kredit götürübsə, o şəxsin keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq:

“Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb. Bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək”.

İqtisadçı təəssüf edir ki, fərmanla lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur, çünki sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutur:

“Buna görə lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Krediti götürən deyil, zamin ödəyibsə o zaman kompensasiyanın kimə ödəniləcəyinə gəlincə, qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib. Məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək”.

İqtisadçı ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları almağın mümkün olub, olmadığına da aydınlıq gətirib. Onun sözlərinə görə, fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlar da kompensasiyadan yararlanacaqlar:

“Bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi onlarla da əlaqə saxlanılacaq”.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya vaş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan kursu 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində dolların kursu 1,55 manata qədər artıb.

Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2 faiz problemli kreditlərdir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.