SEÇMƏ

Kreml təbliğatçılarına Paşinyandan “qırmızı kart” 

Ermənistan hakimiyyətinin “Russia Today” telekanalının baş direktoru Marqarita Simonyanın, həmçinin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini, Krasnodar diyarından seçilən deputat Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyması son günlərin kifayət qədər gözlənilməz xəbəri olub.

“Russia Today”in rəhbəri dərhal özünün Telegram kanalında bəyanatla çıxış edərək Paşinyan hökumətinin bu addımını dəyərləndirib.

“Ermənistanın indiki rəhbəri uzun illərdir Ermənistana qəti dəstək verən Konstantin Zatulinin Ermənistana girişini qadağan edilib. Yeri gəlmişkən, qadağa mənə də tətbiq olunub. Burada nə deyə bilərsən ki”, – Simonyan yazıb.

Deputat Zatulinin rəsmi elektron poçtuna isə Ermənistan Respublikası Milli Məclisinin xarici əlaqələr şöbəsinin rəhbərinin adından onun ölkəyə səfərinin “arzuolunmaz” olduğu barədə məktub göndərilib.

Ermənistan Respublikası Milli Məclisinin rəhbərliyi adından təəssüflə bildiririk ki, son dövrlər sizin Ermənistan Respublikasının ünvanına açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur. Bununla əlaqədar olaraq, gələcəkdə sizin Ermənistan Respublikasına səfəriniz arzuolunmaz hesab edilir”, – məktubun mətnində deyilir.

Deputatın sözlərinə görə, bu addım onun üçün gözlənilməz və təhqiramiz olsa da, onun ölkəyə və orada yaşayan insanlara münasibəti dəyişməyəcək – “Bloknot Krasnodar” yazır.

Maraqlıdır ki, bu hadisələr ərəfəsində – oktyabrın 24-də Zatulin Ermənistan Respublikası baş nazirinin müavini Qriqoryana məktub göndərərək “Lazarev klubu”nun nümayəndələri və onun özünün oktyabrın 29-da Cermuk şəhəri və ətraf əraziyə səfər etməsinə köməklik göstərilməsini xahiş edib. Məqsəd Azərbaycan silahlı qüvvələrinin sentyabrda bu istiqamətdə “Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləməsi” ilə bağlı yaranmış vəziyyətlə tanış olmaq olub. Ertəsi gün isə artıq persona non-qrata olduğu barədə məktub alıb.

“Bu qərar özlüyündə simptomatikdir və Ermənistan hakimiyyətinin yeni kursundan xəbər verir. Əlbəttə, mənim Ermənistanda çoxlu dostum var, amma maskalar artıq çıxarılıb. Lakin mənim ermənilərə və Ermənistanın özünə münasibətim dəyişməyib. Bu vəziyyətdə respublikanın özündə əsl zərərvericiləri asanlıqla tapmaq olardı və inanın ki, onların sayı kifayət qədərdir. Lakin onlar heç bir halda Dövlət Dumasının deputatları deyil, xüsusən də mən deyiləm”, – Konstantin Zatulin münasibətini bildirib.

Təbii ki, Ermənistanın bəzi Telegram kanalları deputatın müdafiəsinə qalxaraq bu addımı “Rusiya ilə müttəfiqlik münasibətlərinə xələl gətirdiyini” bildiriblər. Rusiya Erməniləri İttifaqı isə Ermənistan hakimiyyətini Zatulinin ölkəyə girişinə qadağa qoyulması qərarına yenidən baxmağa çağırıb.

Artıq çərşənbə günü Ermənistanın hakim komandasının üzvü baş verənlərlə bağlı ilk izahat verib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Zatulinin ölkəyə girişinə qadağa qoyulmasını şərh edərkən “Ermənistan suverenliyinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz” deyə bəyanat verib. Onun sözlərinə görə, Ermənistan Respublikasının sərhədləri “qırmızı xətt”dir: “Bütün bu yalançı dostlar və “həmkarlar” bu reallığa alışmalıdırlar”.

Spiker “Russia Today”in baş redaktoru Marqarita Simonyana gəlincə, onun barəsində heç bir məlumatı olmadığını bildirib. Amma o, bunun “müxtəlif ölkələrdə erməni soyadlı agentlər və manqurtlar” kimi Simonyan və onun həyat yoldaşı Tiqran Keosayana da aid edilə biləcəyini istisna etməyib.

Ermənistan rəhbərliyi hələlik başqa izahat verməyib. Ən maraqlısı da birdən birə baş verən bu mövqe dəyişikliyidir. Bu nə ilə diktə olunur? Paşinyan komandası indiyədək Kremlin əsas təbliğatçılarına qarşı belə açıq düşmən münasibətinə yol verməyib. Elə həmin Zatulin tez-tez Ermənistanda peyda olurdu və oradan da tez-tez Qarabağa gedirdi (görünür, indi onun üçün bu yol da bağlıdır). Bəs bu siqnal həqiqətdə kimə ünvanlanıb və bu nə ilə bağlıdır?

Müstəqil siyasi ekspert, Azərbaycan Respublikası Ali Sovetinin keçmiş deputatı İsmayıl Əhmədov (Vyana, Avstriya) bununla bağlı fikirlərini Press Klubla bölüşməyə razı olub:

– Bu vəziyyət Ermənistana ikinci növbədə aiddir. Söhbət daha çox Dağlıq Qarabağdan gedir. Hər şey necə görünür? Təbii ki, açıq-aşkar heç nə yoxdur. Amma biz bilirik ki, Paşinyan Qərblə (yəni ABŞ, Fransa, Britaniya) intensiv danışıqlar aparır. Paşinyan uzun müddətdir Rusiyanın altından çıxmaq istədiyini nümayiş etdirir və indi daha aydın şəkildə bunun üçün Qərbdən ən yüksək səviyyədə, təbii ki, dövlət başçıları səviyyəsində dəstək istəyir. Bunun baş verməsi üçün Qərb ona öz tələblərini irəli sürür. Çox şəffaf tələblərini. Cənubi Qafqazda sərhədlərin toxunulmazlığı onların məcburi şərtidir.

Gözdən qaçırmayın:  Küdürlü sakinləri: “Buradan gedən, geri qayıtmır”

“Əgər sərhədlərdə dövlətlərarası münaqişələr başa çatmasa, biz sizinlə iş görməyəcəyik, cənab Paşinyan” – birləşmiş Qərbdə deyirlər. “Bəs Dağlıq Qarabağ?” “Artıq bu, sizin probleminiz deyil, cənab Paşinyan. Bu problem bizimdir. Bizim təcrübəmiz var. Bu, Minsk qrupudur və indi Aİ-nin sərhəd monitorinq qrupu yaradılıb. Bu sənin problemin deyil, Nikol, biz bununla özümüz məşğul olacağıq” – Qərb deyir.

“Bəli, amma müəyyən elektorat buna müqavimət göstərir” – Paşinyan onlara cavab verir: “Eks-prezidentlər Koçaryan və Sarqsyan suyu bulandırır, onlarla nəsə etmək lazımdır”. “Bəli, bu auditoriyanı təcrid etmək lazımdır ki, Ermənistan dövlətinin başçısı kimi sizin vəzifələrinizi yerinə yetirməyə mane olmasınıar”. “Haradan başlamaq lazımdır? Siz nəyi istəyirsiniz? Bəli, başa düşdüm. Əvvəlcə bura tez-tez səyahət edənlərin, özlərini ağıllı göstərənlərin əl-qolunu bağlayacağam”.

Başlanğıc üçün Zatulin və Simonyan seçildi və məncə, tezliklə növbəti addımlar atılacaq. Yəqin ki, başqalarının da ölkəyə girişinə qadağa qoyulacaq, müəyyən telekanalların yayımı dayandırılacaq – əgər həmin şəxslər və medianın Ermənistan və Azərbaycanın hərtərəfli sülh müqaviləsi imzalamasına mane olduğu müəyyən edilsə. Bu normaldır. Həm də bizim üçün yaxşıdır.

Amma ikinci – Qarabağ mövzusu bir qədər fərqli müstəvidədir. Biz bu ölkələrin başqalarının işinə necə qarışması mexanizmini yaxşı bilirik. Oxucularınıza yalnız bir şeyi xatırlatmaq istəyirəm. 2020-ci il 9-10 noyabr tarixində üçtərəfli bəyanat imzalananda Qərb bunu alqışladı. Səmimi və tam rəsmi şəkildə. Və Qərb bu gün də Rusiyanın Qarabağdakı sülhməramlı adlandırılan qüvvələrinə etiraz etmir. Niyə? Çünki bununla seçicilərinə deyir ki, orada, Qarabağda sıx məskunlaşan dinc erməni əhalisinin hər hansı çətinlik və problem yaşamasına imkan verməyəcək hərbi kontingent var. Ona görə də Qərb Ukraynaya qarşı davam edən təcavüz fonunda nə qədər qəribə görünsə də, Rusiyanın sülhməramlı kontingentinin Qarabağda olmasını indi də dəstəkləyir.

Ümumiyyətlə, Qərbin Cənubi Qafqazda Rusiya ilə heç bir problemi yoxdur. Yeni dəhlizlərə ehtiyac görmür. Çünki bütün lazımi dəhlizlər artıq var. Zəngəzur dəhlizinə də ehtiyac yoxdur. Sadə şəkildə izah edim – Ermənistan bu dəhlizlə harasa nə daşıyacaq? İndi Gürcüstandan keçən qatarlar, avtomobillər, təyyarələrdəkindən fərqli nə aparacaq? Yəni, konkret desək, Ermənistana sadəcə olaraq Zəngəzur dəhlizi lazım deyil – onun bu dəhliz vasitəsilə ixrac etmək üçün heç nəyi yoxdur. 40 km uzunluğundakı logistika mərkəzi kimi maraq? Bundan nə qədər qazana bilərlər? Nə onlara, nə Avropaya bu lazım deyil.

Kiçik bir misal çəkəcəyəm. Hamı ağıllı görkəm alıb Çinin dəmir yolları və bütün bu logistika mərkəzləri – Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya necə mal daşıdığından danışır. İndi isə Google vasitəsilə maraqlanın ki, bəs Avropa eyni dəmir yolu ilə Çinə nə qədər yük aparır?

Amma burada əsas mövzu yenə də Qarabağdır. İnanıram ki, bu məsələdə Qərblə Rusiya arasında güclü ziddiyyətlər olmayacaq, bu gün onlar sülh müqaviləsi istəyirlər. Sülh müqaviləsində və ya sərhədlərin delimitasiyası və demarkasiyası sənədində Qarabağla bağlı vəziyyətin necə təsvir olunacağını görmürəm. Amma təəssüf ki, bütün bu xarici oyunçuların bunu öz xeyrinə həll etmək üçün rıçaqları və mexanizmləri olduğuna əminəm. Bunun da Azərbaycanın xeyrinə olacağına ümid etmək qalır.

Rauf Orucov

24 saat” “Kreml təbliğatçılarına Paşinyandan “qırmızı kart” ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button