2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kürdlər bir-birini qırır: PKK və Peşmərgə niyə döyüşür

“Bəşər Əsəd rejimi və Rusiya tərəfindən maliyyələşdirilən humanitar yardım karvanının Menbiçe girdiyini, yanlarında zirehli texnikaların olduğunu gördük və hadisələri yaxından izləyirik. Bu, bizim fəaliyyətimizin bir parçası deyil və deyəcəyimiz söz bundan ibarətdir ki, regiondakı bütün tərəflərin İŞİD-lə mübarizəsini arzulayırıq”.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Jeff Davis Suriyanın şimalında baş verən son hadisələri şərh edərkən, belə deyib. Polkovnik Anadolu Agentliyinin suallarına cavabən onu da əlavə edib ki, PYD-nin nəzarətindəki ərazilərin Suriya ordusuna ötürülməsi onlar üçün də sürpriz olmayıb: “Amma bu, Suriyada həyata keçirməyə çalışdığımız siyasətə də qarşı deyil”.

Bu açıqlamanın Türkiyə Müdafiə naziri Fikri İşıqın ABŞ-a ünvanladığı ismarışın ardından gəlməsi rəsmi Ankaraya cavab kimi də xarakterizə oluna bilər. Qeyd edək ki, Müdafiə naziri Türkiyənin prioritetinin Menbiç olduğunu vurğulayaraq, demişdi: “Başda ABŞ olmaqla koalisiya güclərindən bu mövzuda Türkiyəyə verilən sözləri tutmasını gözləyirik. Fəratın qərbindəki PYD və PKK ünsürlərinin Menbiçdən çəkilməsini tələb edirik. Bu, ABŞ-ın Türkiyəyə vədidir. Həmin öhdəliyin ən qısa müddətdə yerinə yetirilməsini gözləyirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin həssasiyyətlərinə rəğmən, Pentaqonun hadisədən xəbərdar olduğunu və yaşananların ABŞ-ın maraqlarından kənara çıxmadığını açıqlaması düşündürücüdür.

Qeyd edək ki, əl-Babı İŞİD işğalından azad etdikdən və “xilafət” qüvvələrinə sarsıdıcı zərbə vurduqdan sonra rəsmi Ankara növbəti hədəf olaraq Menbiç və Raqqanı göstərmişdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən irəli sürülən bu fikirlərdən sonra İŞİD əl-Bab ətrafındakı bir çox yaşayış məntəqələrini PYD və Suriya ordusuna ötürərək, Raqqaya çəkilmiş, dolayısıyla, onsuz da itirəcəyi coğrafiyada rəqiblərini üz-üzə gətirməyi hədəfləmişdi. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu PYD ilə girdiyi mübarizədə iki kəndi azad etdikdən sonra isə kürd separatçıları həmin bölgələri Rusiyanın himayədarlıq etdiyi Bəşər Əsəd qüvvələrinə təhvil vermişdi. Bununla da Türkiyənin Menbiç və Raqqaya uzanan yolu kəsilmişdi.

Dünən Moskvadan gələn xəbərlər baş verənlərin arxasında Rusiyanın dayandığını göstərdi. Rusiya Baş qərargahının Hərbi əməliyyatlar dairəsinin rəisi Sergey Rudskoy mətbuat konfransı keçirib PYD-nin Fəratın qərbindən çəkilərək, bu əraziləri Suriya ordusuna verdiyini bildirdi. Bununla da Bəşər Əsəd ordusunu, bir növ, dəstəklədiyini ifadə etdi. Pentaqon yetkilisinin Rusiya və Suriya ordularının bu hərəkətinə təbii baxması isə Türkiyənin regionda tamamilə təklənməsi mənasına gəlir.

Bəs, yolları tıxanan rəsmi Ankara bundan sonra nə edəcək?

Rəsmi Ankara Suriyada öz dövlət maraqlarının əleyhinə yönələn gedişata laqeyd qalmayacağını dəfələrlə etiraf edib. Onun istər ABŞ, istər Rusiya tərəfindən dəstəklənən PYD qüvvələrinə birbaşa təsir imkanları azalsa da, prosesləri öz lehinə çevirmək potensialı tam tükənməyib. Böyük ehtimalla, Türkiyənin bundan sonra atacağı ilk addımlardan biri qarşıda dayanan rəqibinin daxili gücündən özünə qarşı faydalanmaq olacaq. Prinsipcə, bu istiqamətdə müəyyən addımların artıq atıldığını da görürük. Maraqlıdır ki, bu addımlar Suriyada yox, onun şərq qonşusu İraqda atıldı.

Bölgədən gələn xəbərlərə görə, dünən İraqın Suriya sərhəddində yerləşən Sincar rayonunda Türkiyənin müttəfiqi Bərzaniyə bağlı qüvvələrlə PKK arasında atışma baş verib. İnsident nəticəsində 1 PKK-lı öldürülüb, 3-ü yaralanıb. Bərzaninin peşmərgələrindən də 4 silahlının yaralandığı xəbər verilir. Tarixən bir-birinə düşmən olan bu iki qüvvənin qarşı-qarşıya gəlməsi kürdlər arasında “qardaş qırğını” mənasına gələn “bırakuji” prosesini daha da sürətləndirə bilər. Bərzani iqtidarının artıq neçə ildir ki, Yezidi kürdlərin yaşadığı Sincarın PKK tərəfindən boşaldılmasını israrla tələb etməsi və son günlər bölgəyə 500 əsgərini göndərərək, oranı nəzarət altına almağa çalışması da “bırakuji” prosesinə start verildiyini göstərir.

Qeyd edək ki, Sincar ərazi vahidi olaraq həqiqətən də Şimali İraq kürd muxtariyyatına aiddir. 2014-cü ildə İŞİD Yezidi kürdlərə qarşı qətliama başlayanda PKK qüvvələri öz soydaşlarının köməyinə gəlmiş və “xilafət” hücumlarının qarşısını ala bilmişdi. O gündən etibarən də, PKK Sincarı əlindən buraxmaq istəmir. Bərzani hakimiyyəti isə ona Kobaninin azad olunmasında peşmərgələrin də rol oynadığını xatırladır və PKK-nın Sincardakı  xilasedici missiyasının bir növ əvəzə sayılmasını istəyir. PKK isə bununla razılaşmaq istəmir. Yerli əhali arasında kimə tabelik barədə vahid bir fikrin olmaması da Sincarda vəziyyəti daha da gərginləşdirir.

Şimali İraq kürd muxtariyyətinin hərbi gücü olan peşmərgəni Sincarda PKK ilə üz-üzə gətirən son hadisənin Məsud Bərzaninin Türkiyə səfərinin ardından baş verməsi bölgədəki hakimiyyətini bərpa etməyə çalışan muxtariyyətin Ankaranın razılığını almasından xəbər verir. Xatırladaq ki, həmin səfər çərçivəsində keçirilən tədbirlərdə İraqla yanaşı, kürd muxtariyyətinin də bayrağı qaldırılmışdı. Bu isə diplomatik protokola görə, rəsmi qonağın dövlət rəhbəri kimi qarşılanması demək idi ki, İraqın ərazi bütövlüyünü sual altında qoyurdu.

İstər Bərzaninin Ankarada dövlət rəhbəri statusuna uyğun şəkildə qarşılanması, istərsə də PKK-peşmərgə mübarizəsinin aktivləşməsi İran tərəfindən dəstəklənən Təlabani qüvvələrinin də proseslərə laqeyd qalmayacağı ehtimalını gücləndirir. Dünən Təlabani “yurdsevərlər”inin də “bırakuji” prosesinə qoşulduqlarını təsdiqləyən məlumatların yayılmağa başlaması da bundan xəbər verir. Məlumata görə, Təlabani əşirəti öz nəzarətində olan Kərkük neft quyularının istismarına müvəqqəti ara verdiyini açıqlayıb. Nəzərə alsaq ki, Kərkük nefti Türkiyə üzərindən nəql olunur və Bərzanilərin rəhbərlik etdiyi Şimali İraqın əsas gəlir qaynağıdır, atılan bu addımın təsadüf olmadığı, uzun illərdən bəri hakimiyyəti əlində saxlayan indiki iqtidarı yıxmağa hesablandığı ortaya çıxır.

İŞİD təhlükəsinin tədricən ortadan qalxmasıyla “peşmərgə”-PYD – “yurdsevərlər” konfliktinə Bəşər Əsəd rejimin də daxil olacağı gözlənilir. Çünki bu vaxta qədər rəsmi Dəməşqin PYD ilə “qol-boyun” olmasının yeganə səbəbi ortaq düşmənə qarşı birgə fəaliyyətin zəruriliyi idi. Bu zərurət ortadan qalxarsa, Bəşər Əsəd rejimi də ölkənin şimalının kürd separatçıları tərəfindən ələ keçirilməsiylə razılaşmayacaq, Suriyanın torpaq bütünlüyünü qorumağa çalışacaq. Bunun ən qısa yolu isə kürd separatçılarını daxildən parçalamaq, lazım gələrsə, onları bir-birinə qırdırmaqdır.

Sözsüz ki, Bərzaninin müstəqilləşmə yolunda atdığı addımlar mərkəzi İraq hakimiyyətini və müasir çağımızda ilk kürd dövlətinin (Mahabad Xalq Respublikası) qurulduğu məkanı olan İranı da narahat etməyə bilməz. Ən azı ona görə ki, regionda start düyməsinə basılan “Böyük Kürdüstan” proyekti hər iki dövlətin ərazi bütövlüyünə təhdid deməkdir və onlar “bırakuji” prosesinin qızışdırılmasında maraqlı tərəf kimi çıxış edə bilər. İran tərəfindən dəstəklənən Təlabani əşirətinin Şimali İraqda nüfuzu isə heç də Bərzanininkindən az deyil.

2005-ci ildə muxtariyyətin parlamenti tərəfindən indiki vəzifəsinə təyin olunan Bərzani 2009-cu ildəki mübahisəli seçkilərlə öz hakimiyyətini legitimləşdirə bilib. Vəzifə vaxtının bitdiyi 2013-cü ildə isə “seçki keçirməyə pul yoxdur” bəhanəsiylə öz prezidentlik müddətini uzadıb. 2015-ci ildə də gətirilən eyni bəhanə Bərzaninin indiyə qədər ən yüksək postda qalmasına səbəb olub. Bu il həmin müddət də tamam olur və müşahidəçilər iki dəfə prezidentlik zamanı uzadılan Bərzaninin seçkiləri qazanacağına əmin olmadığından, bu addımı atdığına inanırlar. Elə bu faktın özü də Bərzani hakimiyyətinin tükdən asılı vəziyyətdə olduğunu göstərir. Qismən demokratik keçirilən 1992-ci il seçkilərində isə Bərzani Şimali İraq kürdlərinin 45%-nin, Təlabani isə 43,6%-nin səsini ala bilmişdi. Şimali İraqda seçicilərin əşirət təəssübkeşliyinə əsasən səs verdiyini nəzərə alsaq, 1992-ci il seçkilərinin bu nəticəsi hər iki tayfa mənsublarının muxtariyyət ərazisində təxminən eyni sayda olduğunu göstərir.

Qüvvələr nisbətindəki bu bərabərlik isə kürd tayfaları arasında hakimiyyət uğrunda mübarizədən qaynaqlanan və region dövlətləri tərəfindən qızışdırılan potensial vətəndaş müharibəsinin xeyli ağır nəticələrinin olacağı ehtimalını yaradır.

Heydər Oğuz

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button