2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Kütlənin davranışı hakimiyyətə istənilən şəxsi istənilən cinayətdə şərləyib həbs etməyə imkan yaradır”

Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri – Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov, Əli Musayev  və Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların hamısının maide.az saytının əməkdaşları olduğu da deyilir.

Həmin şəxslərin yaxınları bildirib ki, onları oktyabrın 19-da saat 16-17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb: “Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar”.

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkələrdə həbslərin Azərbaycandakı İran agenturası ilə əlaqəli baş verdiyi barədə fikirlər yazılır.

Baş verənlərlə bağlı siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Ərəstun bəy, oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin 5 üzvü saxlanılıb. Sizcə, bu həbslərin arxasında hansı səbəblər dayanır?

Cavab: Saxlanılanlar haqda rəsmi məlumat olmadığı üçün konkret nəsə demək çətindir, çünki əsasən sosial şəbəkələrdə yayılan məlumatlara istinadən fikir söyləmək yanlış mülahizələrə yol aça bilər. Üstəlik də kimlərsə saxlanılıb, sonra onların bir neçə nəfəri sərbəst buraxılıb və ardınca yenidən saxlanılıb kimi məlumatlar ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının hansısa tələskən, hazırlıqsız və sistemsiz işlər gördüyünə işarə edir ki, belə məlumatlara söykənən fikirlər də ciddi qəbul edilməyə bilər. Amma hətta belə dolaşıq məlumatlar əsasında ümumi olaraq bunu demək olar ki, bu sahədə hansısa bir problem var. Amma bir daha deyirəm ki, dövlət orqanlarının belə ənənəvi iş üslubu yalnız cəmiyyətdə çaşqınlıq və yersiz qarşıdurmalar yaratmağa xidmət edir. Görünən həm də budur ki, ya hansısa tərəddüdlər var, ya da saxlanılmalar sifariş olduğundan bu cür hazırlıqsız icra olunur.

Sual: Sizin də dediyiniz kimi saxlanılanların hansı ittihamla, nə səbəbə saxlanması ilə bağlı rəsmi məlumat yoxdur. Amma sosial mediada yazılanlara görə, həbslər İranla son vaxtlar yaşanan gərginlik fonunda baş verir. Və deyilənlərə görə bu həbslər ölkədəki İran agenturası ilə əlaqəlidir. Sizcə, Iran agenturasının və ya 5-ci kolonunun gücü Azərbaycanda hansı miqyasdadır? Varmı?

Cavab: İranın Azərbaycanda geniş agentura şəbəkəsinin olması heç kəsə sirr deyil. Ölkəmiz İranın xarici siyasətində mühüm yerlərdən birini tutur və belə halda da geniş agentura şəbəkəsinin və ya başqa adla desək, 5-ci kolonunun olması tamamilə təbiidir. O başqa məsələdir ki, cəmiyyətdə bu barədə yayılan fikirlər əksər hallarda stereotiplərə söykənən yanlış mülahizələrdir. Bizdə İran agenturası dedikdə əksəriyyət şiə inanclılara işarə edir, halbuki Azərbaycanda İran kəşfiyyatına işləyən hətta xüsusi xidmət orqanları əməkdaşlarının da ifşa olunması faktları mövcuddur. Düzdür, bildiyim qədər belə ifşaların və hətta həbslərin bir qismi üçüncü ölkələrin ötürdüyü məlumatlar əsasında həyata keçirilib, odur ki, onların nə dərəcədə əsaslı olduğunu deyə bilmərəm. Bundan başqa da İran üzün müddət sanksiyalar altında olduğundan Azərbaycan onun üçün müəyyən mənada nəfəslik rolunu oynayıb ki, bu da qonşu ölkə kəşfiyyatının daha aktiv fəaliyyət həyata keçirməsini və Azərbaycanın daha geniş dairələri ilə əlaqələr qurmasını diqtə edir. Demək istədiyim odur ki, İran agenti dedikdə ucdantutma dindarları qaralamaq kökündən yanlışdır.

Sual: Əgər ölkədə Iran agenturası vardısa və məlum idisə niyə vaxtında onların qarşısını almırdılar. Niyə məhz indi İranla münasibətlər gərginləşəndə hansısa addımlar atmağa çalışırlar?

Cavab: İranın Azərbaycanda geniş agentura şəbəkəsinin olması hamıya məlumdur və özü də uzun müddətdir ki, məlumdur. Niyə indi addımlar atmağa cəhd edilməsi isə fikrimcə, Azərbaycanla İran arasında son zamanlar yaranmış gərginliklə əlaqədardır. Mən başqa səbəb görmürəm. Ümumiyyətlə, xarici kəşfiyyatın agentinin həbs olunması əksər hallarda və istənilən ölkədə daha çox siyasi konyunktura ilə bağlı olur. Peşəkar yanaşma isə casuslara bağlı müxtəlif istiqamətlərdə iş aparmağı diqtə edir. Bizim konkret halda baş verənlərlə bağlı isə görünür, hansısa ölkədaxili səbəblər də var.

Sual: Ola bilərmi hazırda saxlanılan şəxslərin bu agentura şəbəkəsi ilə hər hansı bir əlaqəsi olmasın və hakimiyyət İrana dərs vermək belə addım atsın?

Cavab: Ola bilər və təəssüf ki, belə hallar da az olmayıb. Məsələn, Eldar Mahmudovun cinayətkar çətəsinin Milli Təhlükəsizlik Nazirliyini idarə etdiyi dövrdə belə hallar olub. Onların ictimaiyyətə ən çox məlum olanı mediada “Səid Dadaşbəylinin dəstəsi işi” kimi təqdim olunan saxta ittiham olub ki, onun da nəticəsində həbs olunanlara İranla heç bir əlaqəsi olmadığı halda 12-14 il həbs cəzası verildi, bir nəfər isə MTN cinayətkarları tərəfindən işgəncələrə məruz qoyularaq qətlə yetirildi. Paradoksal olan budur ki, Azərbaycan hakimiyyətinin xarici ölkələrlə münasibətlərinin aydınlaşdırılması daim ölkə vətəndaşlarının şərlənərək həbs olunmasına səbəb olur.

Sual: Bir çox ekspertlər deyir ki, İran agenturası adı altında daha böyük həbslər baş verəcək. Hətta dindarlarla yanaşı sekulyar vətəndaş cəmiyyətinin üzvləri, siyasi fəalları da bu ad altında həbs edə bilərlər. Ekspertlər bunu bundan əvvəlki təcrübələrə əsaslanaraq söyləyirlər. Bu nə dərəcədə mümkündür?

Cavab: Belə halların olacağı istisna deyil və üstəlik ölkədəki ictimai-siyasi mühit də buna zəmin yaradır. Mən Azərbaycanda, xüsusilə də ölkənin media və sosial media seqmentində yaranmış və ya məqsədli yaradılmış mühiti nəzərdə tuturam. Ölkədə vətənpərvərlik pərdəsi altında gizlənən qəzəbli, aqressiv və sanki qana susamış bir kütlə mövcuddur. Həmin kütlənin davranışı dövlət və hakimiyyət orqanlarına istənilən şəxsi və hətta bir qrup insanı istənilən cinayətdə şərləyib həbs etməyə imkan yaradır. Mənim artıq 4 ilə yaxındır dərindən araşdırdığım “Tərtər işi” məhz həmin təhlükəli kütlənin ictimai dəstəyi fonunda baş verib. Ən dəhşətlisi isə budur ki, bu gün Tərtərdə törədilmiş vəhşiliklər barədə məlumatlar ortada olmasına rəğmən həmin ictimai təhlükə doğuran kütlə nəinki səhv etdiyini dilə gətirib üzr istəmir, hətta daha çox fəallıq nümayiş etdirir. Etiraf edim ki, belə şəraitdə hər şey mümkündür. Üstəlik də ölkədəki sosial-iqtisadi böhran və idarəetmə sisteminin çökməsi buna ehtiyac yaradırsa optimist proqnoz vermək olmur. Məlumdur ki, belə hallarda avtoritar rejimlər öz arsenalındakı vasitələrdən ən səmərəlisi kimi repressiyaları seçir.

Sual: Nə düşünürsünüz? Bu həbslərin davamı olacaqmı?

Cavab: Bu suala icazənizlə belə cavab verərdim ki, həbslərin olub-olmayacağı ölkədəki dərin sistem böhranını çözə bilməz, çünki bu böhrandan çıxış yolları həbslərdən, repressiyalardan, cəmiyyətdə xof yaratmaqdan yox, geniş rasional islahatlardan keçir. İslahatlar olacağını isə düzünü desəm, gözləmirəm. Ümumiyyətlə, yaxın gələcək haqda heç də optimist deyiləm.

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button