'Laçın dəhlizi'nin bağlanıb, açıldığı bildirilir
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bununla bağlı monitorinq aparılmasına dair məlumat yayıb.
Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə mütəxəssislərinin göndərilməsi barədə müraciət edib.
Əlavə edilir ki, dekabrın 3-də, saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar:
“Hazırda… faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinin şərtləri sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.”
AzadlıqRadiosunun erməni xidməti isə Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki separatçı quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazır.
Radionun yazdığına görə, ərazidə olan Şuşanik Hayryan adlı şəxs “Azatutyan”a bildirib ki, hazırda həmin ərazidə 100-ə yaxın maşın dayanıb.
Hələki bu məlumata Azərbaycan rəsmilərinin hər hansı münasibəti açıqlanmayıb.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.